Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lənkəranda “Açıq mikrofon günü”

 Lənkəranda “Açıq mikrofon günü”

Dövlət qurumları tərəfindən vətəndaş müraciətlərinə baxılmasına diqqətin artırılması ilə bağlı Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına Lənkəranda da səylə əməl olunur.
Lənkəran Şəhər İcra Hakimiyyətində, rayonun idarə, müəssisə və təşkilatlarında vətəndaşlar heç bir məhdudiyyət qoyulmadan qəbul edilir və müraciətləri qanunauyğun şəkildə araşdırılaraq müvafiq tədbirlər görülür.  Eyni zamanda icra başçısı qabaqcadan elan olunmuş  qrafikə uyğun olaraq ayrı-ayrı yaşayış məntəqələrində səyyar qəbul-görüşlər  keçirib mövcud problemlərlə yerindəcə tanış olur. Sakinləri düşündürən məsələləri dinləyib araşdırmaq üçün icra başçısı Taleh Qaraşovun təşəbbüsü ilə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində “Açıq mikrofon günü” keçirilib. Tədbirin keçirilmə yeri və vaxtı barədə məlumat icra hakimiyyətinin internet saytı vasitəsi ilə qabaqcadan elan olunub. Görüşdə şəhər sakinlərinin tam sərbəst şəkildə səsləndirdikləri arzu və təkliflər, habelə fərdi müraciətlər həssaslıqla dinlənilib və qaldırılan məsələlər əlaqədar məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. 
“Açıq mikrofon günü”nün  keçirilməsindən razılıqlarını bildirən sakinlər əvvəllər qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər. Çıxışlarda Lənkəran şəhərinin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə, sakinlərin həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən mühüm sosial layihələrə görə ölkə rəhbərliyinin ünvanına  minnətdarlıq ifadə olunub. Son illərdə icra olunmuş  layihələr,  yeni iş yerlərinin yaradılması, digər mədəni quruculuq işləri dövlətin vətəndaşlara davamlı qayğısı kimi vurğulanıb. 
İcra başçısı “Açıq mikrofon günü”ndə 80 nəfərə qədər şəhər sakininin fərdi müraciətini diqqətlə dinləyərək  səsləndirilən məsələləri aidiyyəti məsul şəxslərlə birgə araşdırıb həlli ilə bağlı müvafiq  tədbirlərin görülməsini tapşırıb. Müraciətlərdən 42-si yerindəcə həllini tapıb, 31 müraciətə qanunamüvafiq cavab verilib, 7 müraciətin həlli müddət tələb etdiyindən nəzarətə götürülüb. Bundan başqa, şəhər icra hakimiyyətində vətəndaş müraciətlərinin operativ qəbulundan ötrü daimi fəaliyyət göstərən “242” nömrəli çağrı mərkəzi yaradılıb.
Vətəndaş məmnunluğunun təmin olunmasında böyuk əhəmiyyəti olan belə  tədbirlərin müntəzəm olaraq keçirilməsi qərara alınıb.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

14 Noyabr 2019 01:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə