Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür

Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür

Çox təəssüf ki, dostumuz və tərəfdaşımız olan Rusiya Federasiyasının bəzi siyasətçi və diplomatları həmişə obyektiv münasibət sərgiləyə bilmirlər. “Azərbaycanın regionda Moskva ilə ən səmimi dostluq və tərəfdaşlıq etdiyini” bildirən, ölkəmizin ərazisinin 20 faizdən çoxunun Ermənistan dövləti tərəfindən işğal olunduğunu açıq şəkildə etiraf edən Rusiya siyasətçiləri ilə yanaşı, bu məsələyə “heç kəsi incitmədən” münasibət bildirmək istəyən Moskva rəsmiləri də vardır. Bu isə yumşaq şəkildə desək, ikili standartların davam etməsidir.
Təəssüf ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov da son günlər ənənəvi Moskva –Bakı münasibətlərinin ruhuna uyğun gəlməyən fikirlər səsləndirir. Şimal qonşumuzun baş diplomatının İrəvanda “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair razılıq əldə etmək bu regionun əhalisinin razılığı olmadan mümkün deyil”-- ifadəsini dilə gətirməsi oxucuda elə təəssürat yaradır ki, cənab Lavrov bu münaqişənin tarixi barədə heç bir məlumata malik deyil. Halbuki, postsovet məkanının ən təcrübəli diplomatlarından olan Sergey Lavrov münaqişənin səbəbini, tarixini və həll edilməsi üçün aparılan danışıqların bütün detallarını ermənilərin özündən də yaxşı bilir.
Çünki Rusiya Federasiyası bilavasitə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Yəni Moskva münaqişənin həllində vasitəçilik edir. Çox adam bilməsə də, Sergey Lavrov yaxşı bilir ki, bu münaqişə bütün qonşularına ərazi iddiaları edən Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranıb. Azərbaycan sadəcə özünün BMT tərəfindən tanınmış ərazilərinin bərpasına çalışır və bu işdə Moskvadan ədalətli mövqe gözləyir. Dövlət başçılarının şəxsi dostluq münasibətləri və Kreml rəsmilərinin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etmələri bizdə belə bir əminlik yaradır ki, Moskva münaqişənin ədalətli həllinə tərəfdar çıxacaqdır. 
Amma Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov İrəvan səfəri zamanı erməni həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi brifinqdə erməni junalistin “Rusiya Dağlıq Qarabağın tamhüquqlu iştirakçı kimi danışıqlar masasına qayıtması təklifinə necə yanaşır?”-- sualına cavab olaraq bildirib: “Ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi və məsələnin ancaq sülh yolu ilə nizamlanması prinsipləri tərəflər arasında müzakirə olunan sənədlərin bütün variantlarında əksini tapıb. Və istənilən halda yekun həll bütün bu prinsipləri nəzərə almalıdır. Bununla nə İrəvan, nə Bakı mübahisə edir. Amma sonrası diplomatiya sənətidir. İstənilən razılaşma, xüsusən də belə mürəkkəb məsələ ilə bağlı, -- kompromislərdir. Və biz həmsədrlər çalışırıq ki, kompromis dürüst olsun, maraqların real və ədalətli balansını əks etdirsin.”
Göründüyü kimi, Rusiya diplomatı bundan sonra da Azərbaycandan kompromis gözləyir. Halbuki Azərbaycanın bütün rəsmiləri, xüsusən, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev dövlətimizin ermənilərə edə biləcəyi güzəştin adını konkret söyləyiblər: “Ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanın tərkibində ən yüksək muxtariyyət”. Bundan başqa heç bir kompromisdən söhbət gedə bilməz. Rusiya kimi böyük dövlətçilik tarixi olan dövlətin baş diplomatında işğalçı və terrorçu Ermənistanın nazı ilə oynamaq marağının haradan yarandığı isə müəmmalıdır.
Kütləvi informasiya vasitələri yazırlar ki, dostumuz və tərəfdaşımız olan ölkənin baş diplomatının İrəvanda səsləndirdiyi fikirlər Azərbaycan ictimaiyyətində narahatlıq və narazılıq yaradıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bu məsələ ilə bağlı yaydığı bəyanat da ölkə əhalisinin iradəsini ifadə edir. Biz əminik ki, dünya birliyi bu münaqişənin ədalətli həllinə öz konkret köməyini göstərəcək və region ölkələrinin iqtisadiyyatı xəstə təxəyyüllü erməni ideoloqlarının törətdiyi bu işğalçılıq boyunduruğundan xilas olaraq inkişaf edəcəkdir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin əvvəlində “Real” televiziyasına verdiyi müsahibədə qeyd etmişdi ki, ölkəmiz həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir: “Biz son illər ərzində münaqişənin həlli üçün güclü hüquqi baza yaratdıq. Dünyanın bir çox mötəbər aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər -- BMT-nin Baş Assambleyası, ondan əvvəl Təhlükəsizlik Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində ərazi bütövlüyümüz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı haqqında dəstək ifadə olunub. Yəni, bu, münaqişə üçün hüquqi baza yaradır. Hüquqi baza ondan ibarətdir ki, Dağlıq Qarabağ, -- bunu biz hamımız yaxşı bilirik, -- Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişənin həlli yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür”.
Dövlət başçımız xatırladır ki, biz böyük iqtisadi potensialımız əsasında güclü ordu yaratmışıq. Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır: “Bizim döyüş qabiliyyətimiz, imkanlarımız artır. Biz ordumuzu ən müasir texnika ilə təchiz edirik. Aprel döyüşləri bizim gücümüzü göstərdi. Ən əlverişsiz hərbi mövqelərdən əks-hücum əməliyyatı apararaq biz strateji yüksəklikləri əldə etdik. Torpaqlarımızı işğalçılardan azad etdik. Bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarında Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Mən Lələtəpədə olanda, orada Azərbaycan bayrağını görəndə qürur hissi keçirirəm. Hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir. Bizim əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərmişlər. Aprel döyüşləri tarixi hadisədir. Bu döyüşlər Ermənistanın uzun illər ərzində yaratdığı mifi tamamilə darmadağın etdi. Yəni, ermənilər elə bir rəy formalaşdırmağa çalışırdılar ki, guya onların ordusu güclüdür və yenilməzdir. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kimin ordusu güclüdür, kimin ordusu yenilməzdir. O mif tamamilə dağıdıldı. Aprel döyüşləri milli ruhumuzu yüksəltdi, zirvələrə qaldırdı”.

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

14 Noyabr 2019 01:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə