Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Kərimli siyasətçi yox, avantürist və təxribatçı təəssüratı yaradır

Əli Kərimli siyasətçi yox, avantürist və təxribatçı təəssüratı yaradır

Onun mitinq təşkil eməyə, siyasi mübarizə aparmağa, hakimiyyətə gəlməyə nə şansı var, nə də imkanı. Bütün bunları yaxşı bildiyinə görə ölkədə xaos-anarxiya, qarşıdurma yaratmağa, qan tökülməsinə nail olmağa çalışır ki, bəlkə xaricdə kimlərinsə diqqətini cəlb edə bildi. Yoxsa, kimdir onun üzünə baxan, kimdir ona qrant verən, kimdir onu siyasətçi kimi qəbul edib arxasınca gedən? Heç kəs. Elə ona görə də yeganə məqsəd ... icazəsiz mitinqlər təşkil etmək və siyasi baxışlarına görə “zərərdidə” olduğunu öz “boss”larına sübut etməkdir.

Əli Kərimlinin mitinqləri şəhər rəhbərliyinin icazə verdiyi ünvanda deyil, məhz paytaxtın mərkəzində keçirməkdə israrlı olduğunu eşidən siyasi ekspertlər açıq şəkildə bəyan edirdilər ki, bu, artıq xaricdən göndərilmiş tapşırıqdır. Demokratik Azərbaycan Dünyası Partiyasının rəhbəri Əlisahib Hüseynov AXCP sədrinin həmin hikkəsinə cavab olaraq deyib ki, sosial şəbəkə blogerliyinə bir an olsun ara verməyən AXCP lideri “Facebook” hesabında bu günlərdə Çilinin paytaxtında keçirilən mitinqin görüntülərini paylaşaraq, azərbaycanlıları da çilililər kimi kütləvi aksiyalara səsləyib. Həmin statusun birinci cümləsinə fikir verin: “Dostlar, Bakıda da belə kütləvi mitinqlər ola bilərmi?”.
Yox, ola bilməz, Əli Kərimli, ola bilməz! Çünki Azərbaycan xalqı öz dövlətindən razıdır və iqtidarın bütün addımlarını dəstəkləyir. Bilməli olduğun digər məqam isə odur ki, müxalifətin siyasətini uzun illər inkar edən, sənin sifətini görmək istəməyən Azərbaycan xalqı indi artıq sənə nifrət edir. Çünki sən artıq siyasətçidən çox avantürist, ara qarışdıran kimi, terror və təxribat törədənlərin əlaltısı şəklində fəaliyyət göstərirsən. Xalq görür ki, sən indi qan tökmək arzusu ilə alışıb yanırsan. Ölkə əhalisi sənə bu imkanı verməyəcək. 
Əlisahib Hüseynovun fikrincə, Əli Kərimli bir ovuc insanı aldada bilər, amma bütöv bir cəmiyyəti əsla aldada bilməz: “Təsəvvür edin, mitinqlər olmasa, Əli Kərimli də olmaz. Yəni “divin canı şüşədə olduğu kimi” Əli Kərimlinin də canı mitinqlərdədir. O, özü də bunu yaxşı dərk edir. Bilir ki, mitinqlərdə görünməsə, “Youtube” kanallarının canlı bağlantılarına qoşulmasa, çox qısa zamanda unudulub gedəcək. Bu gün Əli Kərimlini ayaqda saxlayan mitinqlər və sosial şəbəkələrdir. Arsenalında başqa mübarizə vasitələri, başqa alternativlər yoxdur. Bu isə normal bir siyasi lider üçün faciə sayılacaq qədər acınacaqlıdır. Əminəm ki, əgər AXCP lideri intellektual siyasətçilər tipinə malik olsaydı, mitinqləri özünün gündəlik siyasi mübarizəsinin əsas vasitəsi seçməzdi. Ümumiyyətlə, radikallıqdan uzaq olardı”. 
Əli Kərimli reallıq hissini itirərək özünü inandırıb ki, guya, xalq kütləsinin “lideridir” və bir çağırışına “on minlər” hay verəcək. Trol dəstəsi tərəfindən “Facebook” qəhrəmanına çevrilən AXCP sədri hələ də dərk etmir ki, sosial şəbəkədə antimilli mövqe sərgiləməklə lider olmaq, xalqın dəstəyini əldə etmək mümkün deyil. Çirkli pullar Ə.Kərimlinin gözlərini necə qamaşdırıbsa, o, bu “fəaliyyətinin” siyasi rəzillik olduğunu unudub. 
Yeri gəlmişkən, “Milli Şura” deyilən qurumun rəhbərləri arasında Əli Kərimlidən fərqli olaraq, mövcud vəziyyəti qiymətləndirməyi bacaranlar da var. Bu qurumun legitim olmadığını və aksiyanın əhali tərəfindən dəstəklənmədiyini bilən həmin adamlar məsələ qaldırdılar ki, Bakı şəhərinin mərkəzində təyin edilmiş qanunsuz mitinqdən imtina edilsin. Onlar bir tərəfdən aksiyaları icra orqanı tərəfindən müəyyən edilmiş yerlərdə keçirməkdən qorxurlar. Çünki elektorat yoxdur. Digər tərəfdən, mitinqi icazə verilməyən yerdə keçirməklə öz üzərlərinə gücləri çatmayan vəzifə götürdüklərini başa düşürlər. Anlayırlar ki, Azərbaycan qanunları ölkədəki sabitlik və əmin-amanlığı pozanları bağışlamayacaq. 
 Bu zaman başqa bir faktı da yada salaq. Əli Kərimlinin tərəfdarlarının sosial şəbəkələrdə apardıqları rəy sorğuları göstərib ki, vətəndaşlar mitinq təşəbbüsünü dəstəkləmirlər. Çünki Azərbaycan xalqı radikal müxalifət başçılarının və onların yaxın ətrafının sosial şəbəkələrdə apardıqları çirkin təbliğatın reallığa uyğun olmadığını aydın görür və bu iddialara artıq heç bir əhəmiyyət vermir. İnsanlar bir qrup radikalın siyasi ambisiyasının reallaşdırılmasında vasitə olmaq istəmir, onların irəli sürdüyü təşəbbüs və ideyaları dəstəkləmir, bu iddiaları ölkənin inkişafı yolunda təhlükə kimi qiymətləndirirlər.
Əksinə, vətəndaşlar Azərbaycan Prezidentinin insanların problemlərinə həssas münasibətini, onların həlli istiqamətində operativ tədbirlər görüldüyünü, istək və arzularının qarşılandığını görür, buna görə də hər hansı məsələnin həlli üçün radikal metodları məqbul saymır və bu istiqamətdə irəli sürülən təşəbbüsləri dəstəkləmirlər.
Sadə insanlar etiraf edirlər ki, dövlət başçısının bütün sahələrdə həyata keçirdiyi islahatlar, o cümlədən həm ölkə əhalisinin, həm də Azərbaycanın mühüm xarici siyasət tərəfdaşlarının açıq şəkildə dəstəklədikləri genişmiqyaslı kadr islahatları radikalların cəhdlərini heçə endirib. Xalq problemlərinin həllini marginalların bir-biri ilə əlaqəsi olmayan şüarlarında deyil, mütərəqqi islahatlarda görür.
Paytaxt sakinlərinin fikrincə, “Milli Şura” rəhbərləri anladılar ki, əhalinin dəstəyi olmadığı halda, populist bəyanatlarla və siyasi avantüra xarakterli addımlarla yalnız növbəti dəfə özlərini ifşa edəcəklər və iflasa uğrayacaqlar. Buna görə də onların aksiyadan imtina etməkdən başqa çıxış yolu qalmadı. Bundan sonra qondarma qurumun rəhbəri Cəmil Həsənli AXCP sədrinin tapşırığı ilə antimilli fəaliyyətini ABŞ-da davam etdirdi. Məlum olduğu kimi, C.Həsənli bu ölkədə ermənipərəst dairələrin Azərbaycana qarşı təşkil etdikləri tədbirdə iştirak edərək, ölkəmizə sanksiyaların tətbiq olunmasından danışıb. Halbuki, həmin vaxt qondarma “DQR” nümayəndə heyəti Konqresdə və digər instansiyalarda görüşlər keçirirdi. Bu faktlar bir daha təsdiqləyir ki, “Milli Şura” rəhbərliyi ilə separatçı rejimin fikri və əməli üst-üstə düşür. Diqqət yetirin, bir tərəfdən “Milli Şura” tədbir təşkil edərək Azərbaycanda “dözülməz vəziyyət” olduğunu isbat etməyə çalışır, digər tərəfdən isə erməni separatçıları “Azərbaycan kimi dövlətdə ermənilərin yaşamasının qeyri-mümkünlüyü” məsələsini gündəmə gətirirlər. Bu faktlar başda Əli Kərimli və Cəmil Həsənli olmaqla radikal müxalifətin xəyanət və riyakarlıq nümunəsinin göstəricisidir.
Yeri gəlmişkən, radikalların sosial şəbəkədə yaydığı “təxribat” hazırlığı barədə iddiaları da icazəsiz mitinqin təşkilatçılarının nə dərəcədə uğursuz olduğunun göstəricisi idi. Onlar əvvəlcə “cinsi azlıqlardan ibarət təxribatçılar”, sonra “islamçı təxribatçılar”, “planlaşdırılmış vətəndaş qarşıdurması” barədə nağılllar uydururdular. Bu isə 19 oktyabr mitinqindən sonra əhali arasında onları dəstəkləyənlərin olmadığını anladıqlarına görə, öz zəifliklərini müxtəlif saxtakarlıqla əsaslandırmaqdan ötrü atılan addımlar idi.
Burada başqa bir məqam da ortaya çıxır. Axı Əli Kərimli və onun komandası özlərini milli maraqların müdafiəçisi kimi qələmə verirlərsə, bəs onda nə üçün ABŞ Konqresinin Nümayəndələr Palatasının ermənipərəst qətnaməsinə münasibət bildirmədilər? Ekspertlərin fikrincə, bunun özü elə satqınlığın bir əlamətidir.
Prezident İlham Əliyevin Azərbaycanı gücləndirdiyi, türkdilli dövlətlər arasında əməkdaşlığı inkişaf etdirdiyi bir zamanda, müxalifət özünü heç nə olmamış kimi apardı. Bu isə o deməkdir ki, onlara həmin məsələ ilə bağlı susmaq tapşırığı verilib.
Qoy sussunlar. Onlar sussa da, Azərbaycan xalqı heç zaman susmayacaq. Gənc, müstəqil dövlətimizin bədxahları tam ifşa olunanadək xalq öz sözünü deyəcəkdir. 

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

14 Noyabr 2019 01:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə