Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda iqtisadi böhran getdikcə dərinləşir

Ermənistanda iqtisadi böhran getdikcə dərinləşir

Keçən ilin may ayında Ermənistanda hakimiyyəti ələ keçirən baş nazir Nikol Paşinyan xalqın rifahını yaxşılaşdıracağı ilə bağlı verdiyi vədləri yerinə yetirə bilmədiyi üçün artıq ictimaiyyətin, eləcə də tərəfdarlarının ümidlərini tamamilə itirib. Ötən müddətdə işğalçı ölkədə siyasi ab-hava daha da ağırlaşıb, iqtisadiyyat dağılmaq təhlükəsi ilə üzləşib. 
Ermənistanın “Lragir” qəzetinin yazdığına görə, ölkənin maliyyə sektorunda acınacaqlı vəziyyət yaranıb: “Ermənistanda makroiqtisadi vəziyyət acınacaqlı haldadır. Mərkəzi Bank, hətta tələb olduğu halda belə banklara dollar almağı qadağan edərək repressiv tədbirlər vasitəsilə dramın kursunu saxlamağa çalışır. Əgər əvvəllər Mərkəzi Bank valyuta müdaxilələri yolu ilə dramın kursuna təsir göstərirdisə, indi xarici rezervlərin pis vəziyyətdə olması üzündən bu maliyyə instrumentinin tətbiqi imkanları xeyli məhdudlaşıb…”.

Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçaturyanın “Past” qəzetinə verdiyi müsahibədə bildirilir ki, hazırda işğalçı respublikada adambaşına düşən gəlir qabaqcıl ölkələrlə müqayisədə təxminən 15 dəfə, məhsuldarlıq isə 8 dəfə aşağıdır. Ermənistanın ərzaq təhlükəsizliyi ilə bağlı heç bir tədbir görülmür. Uzun illərdir ki, aqrar sektorda böhran hökm sürür, bu sahədə islahatlara başlamaq barədə təşəbbüs göstərilmir. Məhz bunun nəticəsidir ki, bu gün Ermənistanda kənd təsərrüfatı sahəsində azalma 15-20 faiz təşkil edir.
Tiqran Xaçaturyan vurğulayıb ki, baş nazir Nikol Paşinyan öz “Facebook” səhifəsində mütəmadi olaraq sosial-iqtisadi sahələr üzrə fərqli göstəricilər paylaşır və rəqəmlərin keçən ilin eyni dövrü ilə müqayisəsini aparır. Mütəxəssislər isə tənəzzül göstəricilərinin çox vaxt nəzərə alınmamasına və bəzi rəqəmlərin, sadəcə olaraq, reallığı əks etdirməməsinə diqqət çəkirlər.
Ermənistanda miqrasiya prosesi də təhlükəli həddə çatıb. Bu ölkənin Mərkəzi Bankının cari il noyabrın 5-də yaydığı məlumatda deyilir ki, respublikada reallaşan “məxməri inqilab”dan sonra miqrasiya prosesi yekunlaşıb və hətta sözügedən istiqamətdə müsbət meyillər müşahidə edilib. “Sputnik Ermənistan” saytında bu informasiyaya kəskin irad bildirən iqtisadçı Tadevos Avetisyan adıçəkilən maliyyə qurumunun miqrasiya ilə bağlı məlumatının həqiqəti əks etdirmədiyini, faktların reallıqdan uzaq olduğunu vurğulayıb. T.Avetisyan Ermənistandan işçi axınının hələ də səngimədiyini, əksinə, son bir neçə ay ərzində işsizlərin 20 faizdən çoxunun iş axtarmaq ümidilə xaricə üz tutduğunu bildirib.
Erməni iqtisadçının sözlərinə görə, hazırda işsiz vətəndaşlar ölkəni tərk etməkdə israrlıdırlar. Ermənistanda qeydiyyata alınan 250 mindən artıq işsizin 20 faizinin ölkəni tərk etməsini T.Avetisyan “həyəcanverici” hal kimi dəyərləndirir. 
Erməni iqtisadçı baş nazir Nikol Paşinyanın “ölkədə işsizlik nisbətinin işlə təmin olunma və ya yeni iş yerlərinin yaradılması nəticəsində əldə edildiyi” barədə yalanlarına rəğmən, bunun, sadəcə olaraq, respublikadakı işsizlərin Ermənistandan köçüb getmələri üzündən baş verdiyini bildirib. 
Erməni etnoqraf Siranuş Xaratyan da bildirib ki, ölkə rəhbərliyi indiyədək miqrasiya prosesini dayandıra, qarşısını ala bilməyib. Onun sözlərinə görə, bu gedişlə Ermənistanda əhalinin kütləvi şəkildə köç etməsinin, xarici ölkələrə axının qarşısını almaq qətiyyən mümkün olmayacaq.
“Sosiometr” Sosial Araşdırmalar Mərkəzinin direktoru Aqaron Aqabekyan isə vurğulayıb ki, Ermənistan əhalisinin 45 faizi mütləq kasıblıq həddində yaşayır. O, qeyd edib ki, aparılan araşdırmalar nəticəsində həmin insanların 10 faizinin dilənçi vəziyyətinə düşdüyü məlum olub: “Müəyyən etdik ki, ağır sosial vəziyyətlə əlaqədar uşaqlar məktəbə getmirlər. Ailələr bunun səbəbini həmin uşaqların ayaqqabı və isti geyimlərinin olmaması ilə əlaqələndirirlər”.
Belə vəziyyətdə qalan əhali üçün əsas çıxış yolu Ermənistanı tərk etməkdir. Erməni ekspert Liya Xocoyan isə bildirir ki, əmək qabiliyyətli insanlar ağır sosial şərait, işsizlik, məhkəmə instansiyalarının ədalətsizliyi, korrupsiyanın hədsiz artması, oliqarxlaşma və inhisarlaşma səbəbindən köçüb gedirlər. Onun sözlərinə görə, yeni hökumət ölkədə əsl iqtisadi xaos yaradıb və vəziyyətdən çıxış üçün xarici borclara ümid edir. Amma bu borcu ödəmək getdikcə daha müşkül olur.
Təbii ki, belə vəziyyət daha çox sayda insanların Ermənistanı tərk etməsinə rəvac verir. Ümumiyyətlə, qarşıdakı dövr ərzində ölkəni böyük demoqrafik problemlər gözləyir. 
Ermənistan Mərkəzi ­Bankının yuxarıda xatırlatdığımız məlumatından bir qədər əvvəl bu ölkənin Statistika Xidməti bildirmişdi ki, respublika əhalisi azalmaqda davam edir: əhalinin sayı cari ilin oktyabr ayının 1-i ötən ilin doqquz ayı ilə müqayisədə 11 min 700 nəfər azalaraq 2 milyon 957 min 500 nəfər olub, 2017-ci ilin eyni dövrü ilə müqayisədə isə ölkə əhalisi 22,1 min nəfər azalıb.
İşğalçı ölkədə işsizliyin belə bir həddə çatması, şübhəsiz ki, iqtisadi böhranın getdikcə dərinləşməsi ilə bağlıdır. Respublikada tüğyan edən korrupsiya, inflyasiyanın sürətlə artması, sahibkarlığın inkişafının əngəllənməsi, investisiya yatırmaq üçün uyğun şəraitin yaradılmaması, təbii ki, iş yerlərinin açılmasını çətinləşdirir. “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, biznesmen Qagik Sarukyan News.am saytına müsahibəsində bildirib ki, ölkədə sərmayə qoymaq üçün heç bir şərait yoxdur. Nikol Paşinyanın ölkənin inkişafı ilə bağlı fikirləri reallığı əks etdirmir. Belə davam edərsə, onun respublikaya investisiya axını arzusu elə arzu olaraq qalacaq. 
Q.Sarukyan müsahibəsində ölkədə hələ də hökm sürən bürokratik hallara diqqət çəkərək, Nikol Paşinyana vahid pəncərə sistemi yaratmağı tövsiyə edib. Onun fikrincə, ancaq bu şəraitdə, Ermənistana sərmayə yatırmaq həvəsinə düşən investorlar elə ciddi maneə ilə rastlaşmazlar. 
Sarukyan, həmçinin indiyədək iqtisadi böhranın aradan qaldırılması, vergilərin azaldılması ilə bağlı hökumətə müvafiq təkliflər verdiyini, lakin bunun kağız üzərində qaldığını da xatırladıb. Məhz bu səbəbdən də ölkə iqtisadiyyatının uçuruma yuvarlandığını diqqətə çatdırıb. Erməni iş adamının fikrincə, bəlkə də elə bunun nəticəsidir ki, respublikada iqtisadi böhran təhlükəli həddə çatıb.
Yeri gəlmişkən, “Çiçəklənən Ermənistan” partiyasının məlumatında bildirilir: “2018-ci ilin yanvar-iyun aylarında Ermənistan iqtisadiyyatına 38 milyard dram (80 milyon 138 min 280 dollar), 2019-cu ilin yanvar-iyun aylarında isə 7,8 milyard dram (16 milyon 449 min 437 dollar) birbaşa xarici sərmayə qoyulub. Bu göstərici iqtisadi inkişafı təmin etmək üçün arzu edilən həddən çox aşağıdır”. Partiyanın məlumatında 2020-ci ilin dövlət büdəcisində heç bir struktur dəyişikliyi nəzərdə tutulmadığı, dövlət büdcəsinin əhalinin sosial şəraitinin yaxşılaşacağına təsir göstərməyəcəyi də bildirilib. 
Ermənistanın keçmiş iqtisadiyyat və investisiyalar naziri Arsvik Minasyan da respublika iqtisadiyyatının böhranla üzləşdiyini bildirib, qeyd edib ki, iqtisadiyyat inersiya (hərəkətsiz) vəziyyətindədir və belə şəraitdə hansısa ciddi dəyişiklikləri, müsbət nəticələri gözləmək mümkün deyil. Onun sözlərinə görə, indiki şərtlərdə sırf iqtisadi göstəricilərlə hərəkət etmək doğru deyil, 5-6 faiz böyümə kimi rəqəmlər əslində formal xarakter daşıyır. Çünki Ermənistanın iqtisadiyyatla bağlı struktur yanaşma tərzi ilə əlaqədar daha dərin problemləri var.
A.Minasyan Ermənistanda yüksək texnologiya məhsullarının ixracının sadəcə 3 faiz civarında olduğunu da bildirib: “Orta texnoloji məhsullar isə 13 faizdən yuxarı deyil. Halbuki inkişaf etməkdə olan ölkələrdə bu rəqəm 60 faiz təşkil edir”.
A.Minasyan Paşinyan hökumətinin yüksək texnologiyalar, kadr problemləri və maliyyə sahəsində olduqca zəif fəaliyyət göstərdiyini də xüsusi vurğulayıb. O, inqilabdan sonra “investisiya seli”nin gələcəyini söyləyənlərin yanıldıqlarını vurğulayıb: “Ermənistanda nə qədər ki, korrupsiya ilə mübarizədə institusional yanaşma tərzi həyata keçirilməyəcək və buna müvafiq olaraq qanunverici islahatlar aparılmayacaq, nə orta, nə də kiçik biznes üçün ciddi bir şey gözləməyə dəyməz”.

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

14 Noyabr 2019 01:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə