Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar

Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar

Respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyanın növbəti mərhələsinə start verilib.

Bu aksiyalar ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 13-də səhər tezdən tur-aksiyasının Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçılarını yola salmaq üçün Astara Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri və valideynlər Heydər Əliyev Parkına toplaşmışdılar.
Yolasalma mərasimində iştirak edənlər məktəblilərə yaxşı yol arzulayıblar.
Qrupun rəhbəri Asiman Qasımlı səfər proqramının zəngin və şagirdlər üçün maraqlı olduğunu bildirib: “Prezidentimizin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən tur-aksiyanın iştirakçıları - Astara rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri bu gün Qəbələ şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiyanın iştirakçıları Şəki şəhərinin, Qəbələ və Zaqatala rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar”.
 “Ölkəmizi tanıyaq” tur-aksiyanın ­iştirakçıları - Astara şəhər 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Zeynəb Məmmədova və şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Şahmar Kazımlı sevinclərini bölüşərək, səfər zamanı Azərbaycanın tarixi, mədəniyyət abidələri ilə əyani tanışlığın onların ürəyincə olacağını bildirdilər. 
Mərasim başa çatdıqdan sonra aksiya iştirakçılarını Qəbələyə aparan avtobus yola düşdü.
Noyabrın 13-də Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarının məktəbliləri də Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə səyahətə başlayıblar.
Tur-aksiyanın iştirakçılarını şəhər və rayon icra hakimiyyətlərinin məsul işçiləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri yola salıblar.

14 Noyabr 2019 01:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə