Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Prezidenti ABŞ-da səfərdədir

Türkiyə Prezidenti ABŞ-da səfərdədir

Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan iki günlük işgüzar səfərlə Birləşmiş Ştatlara gəlib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Dünən Türkiyə Prezidenti Vaşinqtonda Birləşmiş Ştatların transmilli şirkətlərinin rəhbərləri ilə görüş keçirib. Tədbir ABŞ-ın Ticarət Palatası, Xarici İqtisadi Əlaqələr Komitəsi və Türkiyə-Amerika Biznes Şurası tərəfindən təşkil olunub.
Mətbuat üçün qapalı keçirilən görüşdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Xəzinə və Maliyə naziri Bərat Albayrak, Milli Müdafiə naziri Hulusi Akar və digər rəsmi şəxslər iştirak ediblər. ABŞ-ın “Pepsico”, “Google”, “UPS”, “Hilton”, “The Coca Cola Company”, “GE”, “Citi”, “Uber”, habelə Türkiyənin “THY”, “Limak”, “TAV”, “Borusan”, “Kale Group” kimi transmilli şirkətləri rəhbərlərinin dəvət olunduğu tədbir iki saatdan artıq davam edib.
Dünən axşam qəzetimiz çapa hazırlanarkən  Türkiyə Prezidenti Ağ evdə amerikalı həmkarı Donald Tramp ilə görüşməli idi. ABŞ-a yola düşməzdən əvvəl R.T.Ərdoğan bildirmişdi ki, görüşdə, ilk növbədə, Suriyada vəziyyət, terrorla mübarizə, eləcə də iki ölkə arasında ticarət məsələləri müzakirə ediləcək. 
Bu arada qlobal KİV-də ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makron arasında telefon danışığının olduğu barədə məlumat yayılıb. Ağ evin məlumatında qeyd edilir ki, dövlət başçıları Suriya üzrə koordinasiyanın davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Onlar, həmçinin İranın nüvə proqramının davam etdirilməsi üzrə addımları ilə bağlı narahatlıqlarını ifadə ediblər. 

M.HACIXANLI, “Xalq qəzeti”

 

14 Noyabr 2019 01:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə