• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistanlı təlimçilər Lahıcda

Hindistanlı təlimçilər Lahıcda

Hindistan səfiri Sanjay Rana Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Kənd İnvestisiya Layihəsi tərəfindən təşkil olunan və Hindistanın Kerala ştatının Kudumbashree təşkilatının təlimçilərinin dəstəyi ilə keçirilən biznesin inkişafı və idarəedilməsi təlimində iştirak edən gənclər və qadınlarla görüşmək üçün İsmayıllı rayonunun Lahıc qəsəbəsinə səfər etmişdir. O, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev və Kənd İnvestisiya Layihəsinin mütəxəssisləri ilə görüşmüş və qarşılıqlı faydalı təlim proqramları üçün Hindistanla Azərbaycan arasında hökumətlərarası əməkdaşlığı müzakirə  etmişdir.

Beş pilot rayondan olan Qadın inkişaf qruplarının  və Gənclər icma biznes təbliğatçılarının üzvləri üçün Azərbaycan Kənd İnvestisiya Layihəsinin təlim kursu 2018-ci ilin sentyabrın 6-dan 17-dək keçirilmişdir. Proqram çərçivəsində gənclərə və qadınlara Kudumbashree layihəsinin təlimçiləri tərəfindən biznesi idarəetmənin uğurlu yolları, biznes planlarının tərtib olunması, layihə hesabatlarının hazırlanması, banklardan zəruri maliyyənin alınması, məhsulların və xidmətlərin marketinqi üçün tələb olunan bacarıqlarla bağlı təlim keçirilmişdir.

Bu təlim Azərbaycan Kənd İnvestisiya Layihəsinin Qadınların iqtisadi səlahiyyətlərinin artırılması proqramının tərkib hissəsidir. Proqram çərçivəsində 88 qadından ibarət Qadın inkişaf qrupları beş rayonda – Masallı, Lənkəran, İsmayıllı, Balakən və Ağdamda təlimdə iştirak etmişlər. Bu model Dünya Bankının dəstəyi ilə 2018-ci ilin martında Hindistana təşkil olunan səfərdən sonra təqdim olunmuşdur.

Pilot üçün texniki yardım Hindistanın Kerala ştatı Hökumətinin Yoxsulluğun azaldılması və Qadınların iqtisadi səlahiyyətlərinin artırılması proqramı tərəfindən təmin olunmuşdur. Hindistan və Azərbaycan hökumətləri arasında bu əməkdaşlıq Hindistanın Texniki və  İqtisadi  Əməkdaşlıq  proqramı vasitəsilə mümkün olmuşdur.

Təlim iştirakçıları ilə görüşdə çıxış edən səfir Sanjay Rana qadınların səlahiyyətlərinin artırılması sahəsində Hindistan və Azərbaycan arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulamışdır: “Bu cür təlim proqramları qadın sahibkarların bilik və bacarıqlarının artırılması üçün çox faydalıdır. Kudumbashree layihəsinin təlimçiləri Hindistanda çox uğur qazanıblar və əminəm ki, onların təcrübəsi Azərbaycanda qadınların iqtisadi səlahiyyətlərinin artırılmasına töhfə verəcəkdir”-  səfir demişdir.

 

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

 

18 2018 15:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin