Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir

Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir

Noyabr ayının 20-dən 25-dək Bakıda "Alüminium" VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir. Biennalenin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttfaqıdır.

Bu dəfəki biennale Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunacaqdır.

Biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoqrafiya əsərləri nümayiş olunacaq və bununla yanaşı Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları göstəriləcəkdir.

Həmçinin UNESCO-nun patronajlığı ilə keçirilmiş Birinci Antarktida Biennalesi (2017) haqda filmin təqdimatı təşkil olunacaq, "Müasir incəsənət bu gün, nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda konfrans keçiriləcəkdir. 

"Alüminium" VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində  keçiriləcək sərgilər Şirvanşahlar Sarayı, Muzey Mərkəzi, V.Səmədova adına Sərgi Salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi, "Qalereya 1969" və "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təşkil olunacaqlar.

Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən "Alüminium" Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak ediblər.

Növbəti biennaledə xarici ölkələrdən 40-dan çox rəssam və 30-dək Azərbaycan rəssamının iştirakı gözlənilir. 

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti” 

13 Noyabr 2019 15:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə