Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Kommünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib

İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Kommünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib

Türkiyənin Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 24-cü iclası keçirilib.
Azərbaycanı iclasda­ Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edib.
Əvvəlcə İƏT-in fəaliyyətini əks etdirən film nümayiş olunub.
Sonra Tacikistanın Xarici İşlər nazirinin müavini Xusrav Noziri və İƏT-in Baş katibi Hadi Süleymanpurun hesabat məruzələri dinlənilib. Təşkilatın 2018–2019-cu illəri əhatə edən fəaliyyəti barədə geniş məlumat verən məruzəçilər diqqətə çatdırıblar ki, üzv ölkələrin potensial imkanlarını səfərbər etmək üçün geniş imkanlar mövcuddur. 
Məruzələrdən sonra təşkilata sədrlik Tacikistandan Türkiyəyə keçib. Bundan sonra iclası Türkiyənin Xarici İşlər naziri Mövlud ­Çavuşoğlu aparıb. Təşkilatın geniş coğrafiyanı əhatə etdiyini diqqətə çatdıran nazir bildirib ki, Türkiyə tərəfi İƏT-in işini daha da canlandırmaq üçün üzv ölkələr və katibliklə əlaqələri daha da sıxlaşdıracaq. İƏT hədəflərinə çatmaq üçün imkanlardan daha səmərəli istifadə etməyi qarşısına məqsəd qoyub. Bunun üçün üzv ölkələr və katibliklə əməkdaşlıq daha da gücləndiriləcək, İƏT coğrafiyasındakı inkişaf imkanlarına dair dəyərləndirilmə aparılacaq. 
Çıxışında Azərbaycanın liderliyi ilə həyata keçirilən layihələrin əhəmiyyətindən və ölkəmizin İƏT-dəki fəaliyyətindən danışan Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib ki, artıq Çin və Avropadan bir neçə logistika şirkətinin diqqətini cəlb edən Bakı–Tbilisi–Qars strateji dəmir yolu, Yeni Beynəlxalq Dəniz Ticarət Limanı, sərmayəçilər üçün əlverişli olan azad iqtisadi zonanın iddialı konsepsiyası ilə birlikdə, Çinin rəhbərlik etdiyi “Bir Kəmər, Bir Yol” Təşəbbüsü üçün orta dəhliz qismində Transxəzər Şərq–Qərb beynəlxalq  nəqliyyat marşrutu, Əfqanıstanın potensialını açmaq üçün Lapis Lazuli ticarət yolu, həmçinin Şimal–Cənub və Cənub–Qərb nəqliyyat dəhlizləri bütün İƏT regionunun tranzit potensialının artırılmasına yönəlmiş əsas infrastruktur layihələridir. Bu marşrutların xəritəsinə baxsanız bölgəmizdəki ticarət arteriyaları və damarları ilə bir-birinə bağlı olan şəbəkəni görə bilərsiniz. Bu, ticarətin asanlaşdırılması üzrə ambisiyamızdır. 
Bütün sahələr üzrə regionun inkişafına mane olan Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini iştirakçıların diqqətinə çatdıran azərbaycanlı nazir deyib: “Antalya Kommünikesində də əks olunduğu kimi, hamımız etiraf etməliyik ki, İƏT bölgəsində həll olunmamış münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi bizim hərtərəfli əməkdaşlığımızın qarşısını alır. Mövcud olan təhdidedici reallıqlar yerindəcə həllini tapmalıdır ki, ölkələrimiz arasında daha çox əməkdaşlığa imkan yaransın. 
Kommünikedə əks olunmuş digər mühüm bir müddəa isə mövcud münaqişələr və birgə təhdidlər də daxil olmaqla, bölgədəki digər təzyiqlərin qarşısını almağı nəzərdə tutur. Təəssüf ki, bu, sadəcə reallığın siyasi şəkildə əks olunması deyil, həmçinin bölgəmiz üçün iqtisadi imkanların itirilməsi deməkdir. Məsələn, əgər torpaqlarımız Ermənistan tərəfindən işğal olunmasaydı, o zaman İran və Naxçıvan arasında birbaşa dəmir yolu əlaqəmiz ola bilərdi”.
İclasda üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, eləcə də müşahidəçi statusu olan tərəflər və İƏT-ın alt qurumlarının rəhbərləri çıxış ediblər. 
Antalya Kommünikesində qeyd olunur ki, Ermənistan bölgədə iqtisadi inkişafa maneə törədir, xüsusilə də Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməklə regionun iqtisadi potensialının azalmasına səbəb olur. 
İclasdan sonra Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və İƏT-in Baş katibi Hadi Süleymanpur birgə mətbuat konfransı keçiriblər. İqtisadi Əməkdaşlıq Təşkilatının inkişaf potensialı və perspektivləri yüksək dəyərləndirilib. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb. 
Qeyd edək ki, Katibliyi Tehran şəhərində yerləşən İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə təsis olunub. 1992-ci ildən İƏT-in tamhüquqlu üzvü olan Azərbaycan təşkilatda ən fəal ölkələrdəndir.

Sabir Şahtaxtı, 
AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

13 Noyabr 2019 01:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə