Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bakı prosesi”nin növbəti tədbiri: Dünya dini liderlərinin II Bakı sammiti

“Bakı prosesi”nin növbəti tədbiri:  Dünya dini liderlərinin II Bakı sammiti

2008-ci ildə də “Bakı prosesi” bizim təşəbbüsümüzlə başlamışdır. Bizim təşəbbüsümüz idi ki, Avropa Şurasının mədəniyyət nazirlərinin iclasına ­İslam Əməkdaşlıq Təşkilatının nazirləri dəvət edilsin. Bu, ilk belə hal idi. Çünki Azərbaycan hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir. Daha sonra – 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin iclasına Avropa Şurası mədəniyyət nazirləri dəvət edildi. Bunlar bizim təşəbbüslərimiz idi və artıq buna “Bakı prosesi” adı verilib. Bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər “Bakı prosesi”nə daxildir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Dünya dini liderlərinin I Bakı sammitinin açılış mərasimindəki çıxışından
26 aprel 2010-cu il


Bəli, 2008-ci ildə bu, bir xəyal idisə, indi “Bakı prosesi” reallığa çevrilib. “Bakı prosesi” və mədəniyyətlərarası dialoq forumları bizə çox mükəmməl bir fürsət yaratmışdır ki, bir yerə toplaşıb dünyamızı narahat edən məsələləri müzakirə edək... Cənab Prezident, Sizə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya üz tutaraq xahiş edirəm ki, “Bakı prosesi”nin məşəlini heç zaman sönməyə qoymayaq. Çünki indi dünyanın sülhə, harmoniyaya, birgəyaşayışa daha çox ehtiyacı var. 

Qabriella Battaini-Draqoni Avropa Şurası Baş katibinin müavini 



Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanda əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşamışlar.


 Azərbaycan dövləti xalqımıza xas olan tolerant dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirir. Təsadüfi deyildir ki, ölkəmizdə multikulturalizm dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Yeri gəlmişkən qeyd edək ki, dünyada multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldıran ölkələrin sayı azdır. Hətta həmin ölkələr arasında belə, bu siyasəti uğurla həyata keçirənlərin sayı daha azdır. Azərbaycan multikulturalizm siyasətini müvəffəqiyyətlə aparan ölkələrdəndir. Respublikamızda etnik-mədəni müxtəliflik multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir. Bunun əsas göstəricisi kimi ölkəmizdə etnik və dini zəmində heç bir qarşıdurmanın olmamasını qeyd etmək olar. Məhz bu xüsusiyyətlərinə görə müasir dövrdə Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur. 
Azərbaycanda multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Məhz ulu öndərin siyasi hakimiyyətə qayıdışı tarixən ölkəmizdə mövcud olan tolerant ənənələrin qorunması və daha da inkişafı üçün münbit şərait yaratdı. Hazırda ölkəmizdə multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi ümummilli liderin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev multikulturalizm siyasətini yeni tarixi şəraitdə inkişaf etdirərək, onu ölkənin daxili və xarici siyasətinin tərkib hissəsinə, mühüm istiqamətinə çevirmişdir. 
Multikulturalizm Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olaraq, ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, respublikamızda yaşayan azsaylı xalqların və etnik qrupların etnik-mədəni dəyərlərinin qorunmasına, nəticədə cəmiyyət daxilində inteqrasiya proseslərinin güclənməsinə səbəb olur. Dərinləşən inteqrasiya prosesləri, öz növbəsində, etnik və ya dini zəmində baş verə biləcək münaqişələrin qarşısını alır, ictimai stabilliyi təmin edir, bununla da cəmiyyətin tərəqqisinə təkan verir.
Azərbaycan Respublikasının daxili siyasətində uğurla həyata keçirilən multikulturalizm ideyası onun xarici siyasətinə də müsbət təsir göstərir, daha konkret desək, onun səmərəliliyini artırır. Əslində, bu, təsadüf deyil, daxili və xarici siyasət arasında olan münasibətdən irəli gələn bir növ qanunauyğunluqdur. Burada daxili siyasət xarici siyasətə münasibətdə müəyyənedici rol oynayır. Başqa sözlə desək, ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü, beynəlxalq hüququn prinsiplərinə uyğun olması üçün münbit zəmin yaradır. Və yaxud əksinə, ölkədaxili vəziyyətin qeyri-sabit, böhranlı olması dövlətin xarici siyasətdə aqressivlik göstərməsinə, onun beynəlxalq hüquq normalarına məhəl qoymamasına gətirib çıxarır. 
Daxili siyasətin xarici siyasətə münasibətdə müəyyənedici rol oynadığını nəzərə alsaq, Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olan multikulturalizmin ölkəmizin xarici siyasətinə müsbət təsir göstərdiyini və bunun nəticəsində dövlətimizin beynəlxalq aləmdə böyük uğurlara imza atdığını görərik. Əgər ölkə daxilində multikulturalizm siyasəti cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliyin, onların əsasını təşkil edən dəyərlərin qorunmasına səbəb olursa, dövlətlərarası münasibətlərdə bu siyasət etnik, dini, irqi və mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün ölkələrlə Azərbaycanın hərtərəfli əlaqələrinin inkişafı üçün əlverişli şərait yaradır. Bu isə, öz növbəsində, dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqinə öz töhfəsini verir. 
Ümumiyyətlə, dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunması Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə ölkəmiz böyük nailiyyətlərə imza atmışdır. Belə uğurlardan biri artıq dünya siyasətində mədə-niyyətlərarası və sivilizasiyalar­arası dialoqun önəmli platforması kimi geniş müzakirə olunan “Bakı prosesi”dir. 
Başlanğıcda “Bakı prosesi” mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan bir təşəbbüs idi. Bu təşəbbüsü ilk dəfə Prezident İlham Əliyev 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusundakı beynəlxalq konfransda irəli sürmüşdür. Dövlət başçısı Bakıda 2015-ci ilin may ayında keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında “Bakı prosesi”nin tarixi və əhəmiyyəti haqqında danışarkən demişdir: “2008-ci ildə də “Bakı prosesi” bizim təşəbbüsümüzlə başlamışdır. Bizim təşəbbüsümüz idi ki, Avropa Şurasının mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatının nazirləri dəvət edilsin. Bu, ilk belə hal idi. Çünki Azərbaycan hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir. Daha sonra – 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin iclasına Avropa Şurası mədəniyyət nazirləri dəvət edildi. Bunlar bizim təşəbbüslərimiz idi və artıq buna “Bakı prosesi” adı verilib. Bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər “Bakı prosesi”nə daxildir.”
 “Bakı prosesi”nin məqsədləri aşağıdakılardır:
–Mədəniyyətlər arasında anlaşmanın, dialoq və tolerantlığın inkişafı;
–müsəlman və Qərb cəmiyyətləri arasında əməkdaşlığın inkişafı;
–xalqlar arasında dini və mədəni gərginliyi azaltmaq məqsədilə sülhpərvər qüvvələrə dəstək vermək yolu ilə mədəniyyətlər arasında qarşılıqlı hörmət və anlaşmanın qurulması;
–mədəniyyətin, mədəni irsin və incəsənətin imkanlarını müəyyən etməklə, onların potensialından mədəniyyətlərarası dialoqun və əməkdaşlığın həyata keçirilməsində daha səmərəli istifadəsi;
–mədəni və bədii fəaliyyətlərin dəstəklənməsi; 
–qarşılıqlı anlaşma və dialoqun qurulması prosesində yaradıcılıq və incəsənət adamlarının təkanverici qüvvə kimi tanınması;
–üzv ölkələr və vətəndaş cəmiyyətlərinin cəlb olunması ilə səlahiyyətli beynəlxalq və regional təşkilatlar arasında dialoqun inkişaf etdirilməsi.
Regional təşəbbüs kimi yaranan “Bakı prosesi” 2010-cu ildən qlobal hərəkata çevrilməyə başladı. “Bakı prosesi”nin keyfiyyətcə yeni olan bu inkişaf mərhələsi də Prezident İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, dövlət başçısı İlham Əliyev 2010-cu ildə BMT-nin Baş Məclisinin 65-ci sessiyasında çıxış edərkən növbəti il Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini elan etmişdir: “Azərbaycan bütün dövrlərdə müxtəlif dinlər, etnik qruplar və fəlsəfələr arasında birgə yaşama və dözümlülük məkanı olmuşdur. Sivilizasiyalar İttifaqının Dostlar Qrupunun fəal üzvü kimi Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə qarşılıqlı hörmət və anlaşma əsasında töhfə verir. Azərbaycan bu ilin yazında 32 dövlətin dini rəhbərlərinin ümumdünya sammitini təşkil etmiş, ­2011-ci ilin aprelində Mədəniyyətlərarası Dialoq naminə Ümumdünya Forumunu keçirmək təşəbbüsü ilə çıxış etmişdir”. 
Bu çıxışın ardınca dövlət başçısı İlham Əliyev 27 may 2011-ci il tarixində “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə” Fərman imzaladı. Fərmana əsasən, Azərbaycan Respublikasında 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, 2011-ci ildən indiyədək Bakıda 5 Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (2011, 2013, 2015, 2017 və 2019-cu illər) keçirilmişdir. Bununla yanaşı, “Bakı prosesi” çərçivəsində digər mühüm beynəlxalq tədbirlər də təşkil olunmuşdur: Dünya dini liderlərinin I Bakı sammiti (26-27 aprel 2010-cu il); 6 Bakı Beynəlxalq Humanitar Forumu (2011, 2012, 2013, 2014, 2016 və 2018-ci illər); Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu (25-27 aprel 2016-cı il).
Mütərəqqi dünya ictimaiyyəti mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsində “Bakı prosesi”nin rolunu yüksək qiymətləndirir. Məsələn, BMT-nin Baş katibi Antonio Quterreş 2017-ci ilin sentyabr ayında keçirilən bu təşkilatın Baş Assambleyasının 72-ci sessiyasında “Bakı prosesi”ni “2008-ci ildən bəri mədəniyyətlər arasında dialoqu müdafiə edən ön təşəbbüs” kimi dəyərləndirmişdir. Avropa Şurası Baş katibinin müavini xanım Qabriella Battaini­Draqoni isə “Bakı prosesi”nin əhəmiyyəti haqqında aşağıdakıları söyləmişdir: “Bəli, 2008-ci ildə bu, bir xəyal idisə, indi “Bakı prosesi” reallığa çevrilib. “Bakı prosesi” və mədəniyyətlərarası dialoq forumları bizə çox mükəmməl bir fürsət yaratmışdır ki, bir yerə toplaşıb dünyamızı narahat edən məsələləri müzakirə edək... Cənab Prezident, Sizə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya üz tutaraq xahiş edirəm ki, “Bakı prosesi”nin məşəlini heç zaman sönməyə qoymayaq. Çünki indi dünyanın sülhə, harmoniyaya, birgəyaşayışa daha çox ehtiyacı var”. Həmçinin cari ilin oktyabr ayında Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə qəbul olunmuş “Azərbaycan Respublikası hökumətinə və xalqına təşəkkür və həmrəylik” adlı sənəddə deyilir: “Biz, dövlət və hökumət başçıları Azərbaycanın müxtəlifliyə hörmət və qarşılıqlı anlaşmanın təşviq olunması sahəsində səylərini təqdir edirik. Bu xüsusda, Azərbaycan Prezidentinin rəhbərliyi ilə başlanmış və mədəniyyətlərarası dialoqun təşviqi üzrə əsas qlobal platforma “Bakı prosesi”nin töhfəsini yüksək qiymətləndiririk”.
Noyabrın 14-15-də ölkəmiz “Bakı prosesi” çərçivəsində növbəti tədbirə – Dünya dini liderlərinin II Bakı sammitinə evsahibliyi edəcəkdir. 2010-cu ildə keçirilmiş Dünya dini liderlərinin I Bakı sammiti bariz şəkildə göstərdi ki, Yer üzündə sülh və əmin-amanlığın bərqərar olması naminə belə beynəlxalq platformaların təşkilinə ciddi ehtiyac vardır. Dünyanın 35 ölkəsindən olan 250 nümayəndənin iştirak etdiyi Dünya dini liderlərinin I Bakı sammitinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu qlobal təşəbbüsün əhəmiyyəti barədə demişdir: “Bu gün bütün dinlərin nümayəndələrinin, rəhbərlərinin Azərbaycana gəlməsi, dünən, bu gün və sabah birlikdə keçirilən və keçiriləcək müzakirələrdə iştirak etmələri böyük əhəmiyyətə malik olan bir hadisədir. Mən şübhə etmirəm ki, bu gözəl görüşün çox gözəl nəticələri olacaq, dinlər, millətlər və ölkələr arasında daha da yaxşı anlaşmanın əldə edilməsinə xidmət göstərəcəkdir. Buna böyük ehtiyac vardır. Bir daha vurğulamaq istəyirəm ki, biz Bakının, Azərbaycanın dinlərarası dialoqun bir növ mərkəzinə çevrilməsinə də çox böyük ümidlərlə baxırıq”.
Qeyd edək ki, Dünya dini liderlərinin I Bakı sammitində iştirak etmək məqsədilə bütün ermənilərin katolikosu II Qareqin də Azərbaycana gəlmişdir. O, səfəri çərçivəsində Bakının mərkəzində yerləşən erməni kilsəsinə baş çəkmiş və həmin məbədin Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə qorunduğunun şahidi olmuşdur.
Dünya dini liderlərinin I Bakı sammitinin sivilizasiyalararası dialoqun inkişafı, müxtəlif dinlər və konfessiyalar arasında əməkdaşlığın genişlənməsi, qarşılıqlı etimad mühitinin yaradılması işinə böyük töhfə verdiyini artıq dünyanın bütün mütərəqqi dairələri etiraf edirlər. Bu sammitin qlobal əhəmiyyətini daha dərindən dərk etmək üçün dinin istər keçmişdə, istərsə də müasir dövrdə insanlığın taleyində oynadığı rolu mütləq təhlil etmək lazımdır. Belə ki, bəşəriyyət tarixini dinsiz təsəvvür etmək mümkün deyildir. İnsanlığın keçdiyi çətin, mürəkkəb, ziddiyyətli tarixi inkişaf yoluna nəzər yetirdikdə görürük ki, heç bir əsrdə, heç bir dövrdə dinsiz cəmiyyət mövcud olmamışdır. 
Məlumdur ki, din dünya mədəniyyətinin inkişafına, xalqların dünyagörüşü və əxlaqi normalarının formalaşmasına, ümumbəşəri dəyərlərin, universal etik prinsiplərin təşəkkülünə mühüm təsir göstərmişdir. İstər Yəhudilik, Xristianlıq, İslam kimi İbrahimi dinlərin, istərsə də Cənubi Asiya və Uzaq Şərq arealında meydana gələn dini etiqadların əxlaqi normalarının təməlində “özünə edilməsini istəmədiyin bir şeyi başqalarına etmə” kimi qızıl etik qaydanın dayandığını görürük. Bütün müqəddəs kitablar insanları humanizmə, sülhə, xeyirxahlığa, bir sözlə, mənəvi kamilliyə çağırır. 
Lakin o da bir həqiqətdir ki, əsrlər boyu dini öz siyasi məqsədləri, şəxsi ambisiyaları naminə istifadə etməyə çalışan qüvvələr olmuşdur. Bu isə tarixdə acı hadisələrin yaşanmasına gətirib çıxarmış, nəticədə dinlərarası və məzhəblərarası müharibələr baş vermiş, dini şüarlar altında günahsız insanların qanı tökülmüşdür. Əfsuslar olsun ki, bu gün də, biz, dünyanın qaynar nöqtələrində, xüsusən Yaxın Şərqdə dini radikalizm və ekstremizmin geniş vüsət aldığını, din pərdəsi altında gizlənən terrorçu qruplaşmaların kütləvi qətliamlar törətdiyini görürük. Əlbəttə, bütün bu cinayətlər dini təlimlərdən qaynaqlanmır. Bunlara səbəb dinin siyasi oyunların alətinə çevrilməsi, dini təlimlərin məqsədyönlü şəkildə təhrif olunmasıdır. 
Dinin siyasiləşdirilməsi və onun radikal qruplaşmalar tərəfindən məkrli məqsədlər üçün istifadə edilməsi hər hansı regionun lokal problemi deyil, bütün bəşəriyyəti narahat edən qlobal məsələdir. Təbii ki, bu qlobal problemin həllində nüfuzlu din xadimləri böyük töhfə verə bilərlər. Dövlət başçısı cənab İlham Əliyev Dünya dini liderlərinin I Bakı sammitinin açılış mərasimində bununla bağlı bildirmişdir: “Bu işdə təkcə siyasətçilərin fəaliyyəti kifayət ola bilməz. Cəmiyyətdə yüksək hörmətə malik olan dini liderlərin sözünə böyük ehtiyac vardır. Bu söz eşidilir. Bu gün Bakıdan səslənən sözlər, verilən bəyanatlar, əlbəttə ki, dünyada da geniş əks-səda yaratmışdır”.
Gördüyümüz kimi, Azərbaycanın təşəbbüsü ilə keçirilmiş Dünya dini liderlərinin I Bakı sammiti zamanın tələbindən doğan zərurət idi. Bu gün də, ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə birgə müzakirəsi öz aktuallığını qorumaqdadır. Bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2019-cu il tarixli sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Dünya dini liderlərinin II Bakı sammitinin keçirilməsinə qərar verilmişdir. Həmin sammitə dünyanın 56 ölkəsindən 500-ə yaxın iştirakçının qatılacağı gözlənilir. İştirakçılar arasında müxtəlif konfessiyalara mənsub yüksək rütbəli din xadimləri, o cümlədən fərqli ölkələrin dövlət və parlament nümayəndələri, alimlər, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri yer alıb.
Dünya dini liderlərinin II Bakı sammitinin Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilməsi təsadüfi deyildir. Çünki dünya dini liderləri arasında böyük nüfuza malik olan Şeyxülislam Allahşükür Paşazadə dini və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində səmərəli fəaliyyət göstərməklə yanaşı, ölkəmizin üzləşdiyi çətin və taleyüklü anlarda bir ictimai xadim kimi, yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmişdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1990-cı ildə baş vermiş qanlı 20 Yanvar hadisələri zamanı Şeyxülislam Allahşükür Paşazadənin Sovet İttifaqı rəhbərliyinə, Birləşmiş Millətlər Təşkilatına, dünya dini liderlərinə ünvanladığı etiraz bəyanatları həmin dövrdə informasiya blokadası şəraitində olan Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynamışdır. Eyni zamanda, Şeyxülislam Allahşükür Paşazadə bir nüfuzlu din xadimi olaraq, dinlərarası dialoqun inkişafına, müxtəlif etiqadların mənsubları arasında qarşılıqlı etimad mühitinin formalaşmasına əhəmiyyətli töhfələr verir.
“Bakı prosesi” çərçivəsində keçirilən Dünya dini liderlərinin II Bakı sammiti kimi mötəbər tədbirlərin əhəmiyyəti həm də ondan ibarətdir ki, ölkəmizin nümunəvi multikulturalizm modelinin dünyaya təqdim olunması üçün geniş imkanlar yaranır. Bu cür tədbirlərin təşkili xalqımızın yüksək tolerantlıq ənənələrinin, eləcə də Azərbaycan dövlətinin etnik, dini, mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində əldə etdiyi uğurların təbliği işinə öz mühüm töhfəsini verir. Bununla da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və ölkəmizə qarşı qərəzli mövqedən çıxış edən xaricdəki bəzi dairələrin əsassız iddialarının ifşa olunması üçün əlverişli imkan əldə olunur. Bu həqiqətlərin dünyaya çatdırılmasında tədbirlərdə iştirak edən qonaqların xüsusi rolu vardır.
Beləliklə, dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin, o cümlədən “Bakı prosesi” çərçivəsində Dünya dini liderlərinin II Bakı sammitinin keçirilməsi dövlətimizin beynəlxalq arenada sülhməramlılığın tərəfdarı, tolerant və multikultural ənənələrin, ümumbəşəri dəyərlərin və mütərəqqi ideyaların müdafiəçisi olduğunu bariz şəkildə göstərməklə yanaşı, ölkəmizin haqq səsinin və ədalətli mövqeyinin bütün dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında əvəzsiz rol oynayır.

 

Etibar Nəcəfov, 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor

 

13 Noyabr 2019 00:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə