Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın baş qapısı Ağdamda bayraq təntənəsi

Qarabağın baş qapısı Ağdamda bayraq təntənəsi

9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə  Ağdam rayonunun Quzanlı qəsəbəsindən bu yerlərin ən hündür nöqtəsi olan qədim Soltanbud təpəsinin üstündə dalğalanan üçrəngli bayrağımıza doğru bir neçə kilometrlik məsafədə möhtəşəm “Bayraq yürüşü” keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin Təhsil və Müdafiə nazirlikləri ilə birgə təşkil etdiyi ümumrayon aksiyası ərazilərimizin bütövlüyü ilə bağlı xalqımızın 3 onillikdən bəri davam edən ümumxalq mübarizəsinin qələbə ilə başa çatacağına dərin inam, dövlət atributlarına sevgi və ehtiram duyğularının coşqunluğu ilə əlamətdar olub.

Dağlıq Qarabağın baş qapısı sayılan Ağdamda gənclərə vətənpərvərlik, dövlət atributlarımıza sevgi və milli-mənəvi dəyərlərə sahiblik duyğularının aşılanması məqsədilə keçirilən kütləvi bayram tədbirində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı ­Aydın Mirzəzadə, Müdafiə Nazirliyinin əməkdaşları, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, müəllim və şagirdlər, hərbçilər, tanınmış ziyalılar, KİV nümayəndələri iştirak ediblər. 
4 min nəfərdən çox müxtəlif yaşlı soydaşımızın  iştirak etdiyi yürüş Quzanlı qəsəbəsinin Heydər Əliyev prospekti ilə son illərdə bayraq meydanına çevrilmiş əzəmətli təpənin qarşısınadək davam edib. Nəhəng izdihamın önündə Dağlıq Qarabağın qədim və əzəli Azərbaycan torpağı olduğunu əks etdirən böyük transporant aparılıb. İştirakçılar Bayraq meydanındakı Şəhidlər abidə kompleksinin önünə tər gül dəstələri düzüblər. Hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.
Təntənəli mərasimdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, üçrəngli bayrağımız Azərbaycanın varlığını və gücünü dünyaya, dostlarımıza və düşmənlərimizə göstərən ifadəli milli atributdur. Nazirliyin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən belə yürüşlər gənclərin milli dəyərlərə ehtiram və dərin bağlılıq ruhunda tərbiyə olunması baxımından önəmli rol oynayır. Nazir müavini müstəqil dövlətimizin rəsmi nişanlarından biri olan bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına və xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağa “Böyük yürüşə” hər an hazır oılduğunu vurğulayıb.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Dövlət Bayrağı Gününün qeyd olunmasını dövlətçilik tariximizin əlamətdar hadisəsi kimi qiymətləndirib. Rayon rəhbəri cəbhə bölgəsində belə tədbirin keçirilməsinin gənclərdə vətənpərvərlik hissini daha da yüksəltdiyini qeyd edib.
Milli Məclisin deputatı Aydın­ Mirzəzadə bildirib ki, hər bir azərbaycanlının ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması və üçrəngli bayrağımızın doğma Qarabağımızda dalğalanmasıdır. “N” saylı hərbi hissənin komandir müavini, polkovnik Babək Səmidli Azərbaycan Silahlı Qüvvələrinin dövlət bayrağımızı işğal altında olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduğunu söyləyib.
Aksiya zamanı ərazidə qulluq edən əsgərlərin döyüş hazırlığı fəndləri nümayiş etdirilib, populyar vətənpərvərlik mahnıları səsləndirilib.

 

Tahir AYDINOĞLU, 
“Xalq qəzeti”

13 Noyabr 2019 00:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə