Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gözdən əlilliyi olanların sosial müdafiəsi daim diqqət mərkəzindədir

Gözdən əlilliyi olanların sosial müdafiəsi daim diqqət mərkəzindədir

Bu gün gözdən əlillər günüdür. Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı onların sosial təminatı, reabilitasiyası və rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasına şərait yaradıb.  

Son illərdə gözdən əlilliyi olanlar üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib. Dövlət başçısının sərəncamı həmin kateqoriyadan olan vətəndaşların mənzillə təminatına xüsusi qayğının növbəti göstəricisi olmaqla, bu istiqamətdə növbəti addımın atılmasına imkan verib. Sərəncama əsasən, Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 300 min manat vəsait ayrılması nəzərdə tutulur. Müvafiq  layihə-smeta sənədlərinin hazırlanması işlərindən sonra  paytaxtda gözdən əlilliyi olan şəxslər üçün daha bir çoxmənzilli yaşayış binasının tikintisinə başlanacaq.   

Həmçinin Bakının Zabrat qəsəbəsində istifadəyə verilən Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi isə reabilitasiya yönümlü sosial xidmətlərin təşkilində mühüm əhəmiyyət daşıyır. Bu il görmə imkanları məhdud uşaqlar üçün daha 2 sosial reabilitasiya mərkəzi yaradılıb və hazırda 3 belə mərkəz fəaliyyət göstərir.

Gözdən əlilliyi olanlar əlilliyə görə əmək pensiyası və ya müavinətlə, həmçinin onlardan 1-ci dərəcə əlilliyi olanlar həmin sosial təminat növləri ilə yanaşı, Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Görmə imkanları məhdudluğu səbəbi ilə uşaqlara yönələn aylıq müavinət 150 manata, onlara qulluq edənlər üçün isə aylıq təqaüd (50 manat) təsis olunub.

Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzində hazırda peşə təlimində olan 135 gəncin də bir qismi məhz görmə imkanı məhdud gənclərdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 Noyabr 2019 13:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə