Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Balkan ölkələri təmsilçilərinə Qarabağ həqiqətlərindən danışılıb

Balkan ölkələri təmsilçilərinə Qarabağ həqiqətlərindən danışılıb

Milli Məclisin deputatı  Qənirə Paşayeva Şimali Makedoniyaya səfəri çərçivəsində ölkənin Mədəniyyət naziri Hüsnü İsmail ilə görüşüb. Hüsnü İsmail bildirib ki, ölkəsi Azərbaycanla əməkdaşlığın genişlənməsində çox maraqlıdır. Nazir bu əməkdaşlığın daha da genişlənməsi üçün hökumətlə yanaşı millət vəkilləri, qeyri-hökumət təşkilatları və biznes qurumları arasında işbirliyi yaratmağın böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Q.Paşayeva Şimali Makedoniya Türk Milli Birlik Hərəkatı Partiyasının sədri Ərdoğan Saraç ilə də görüşüb, Azərbaycan ilə Şimali Makedoniya arasında ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayıb. O, Azərbaycanın  Şimali Makedoniya ilə münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının Şimali Makedoniya cəmiyyətində daha da geniş yayılmasına böyük ehtiyac  olduğunu deyən deputat bu istiqamətdə Türk Milli Birlik Hərəkatı Partiyasının gördüyü işlərə görə Ərdoğan Saraça təşəkkür edib.  O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar.

“Azərbaycanın dərdi bizim dərdimizdir”, - deyən Ərdoğan Saraç Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımların Şimali Makedoniya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində gördükləri işlərdən danışıb və bu istiqamətdə fəaliyyəti bundan sonra daha da sürətləndirəcəklərini bildirib. O, Azərbaycan və Şimali Makedoniya türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində böyük imkanları nəzərə alaraq ikitərəfli səylərin daha da artırılmasının vacibliyini vurğulayıb.

Q.Paşayeva Şimali Makedoniyada MATÜSİTEB - Makedoniya Türk Sivil Toplum Təşkilatları  Birliyinin rəhbərliyi və üzvləri, Şimali Makedoniyada yaşayan Türk icmasının fəalları, siyasətçiləri, QHT və KİV rəhbərləri ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb. Q.Paşayeva bildirib ki, Azərbaycanla bağlı, Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı məlumatların bu ölkədə daha da geniş yayılmasında qardaş-bacılarımızdan səyləri daha da artırmalarını gözləyirik. Azərbaycanla bağlı, Qarabağ həqiqətlərinə dair Makedoniya dilində kitabın nəşr olunması, əməkdaşlığın daha da genişlənməsi istiqamətində konkret layihələr ətrafında geniş müzakirələr aparılıb.

Q.Paşayeva  Türkiyənin Makedoniyadakı səfirliyini də ziyarət edib və səfirliyə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edilib. O, Şimali Makedoniyada keçirilən 5-ci Yahya Kemal Beyatlı Şiir Festivalı üçün bu ölkəyə səfər edən Balkan ölkələrinin ictimai-siyasi xadimləri və digər nümayəndələri ilə də görüşüb. Görüşlər zamanı Azərbaycan türkləri ilə Balkan ölkələrində yaşayan türklər arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi  istiqamətində səylərin daha da artırılmasının vacibliyi, Qarabağ həqiqətlərinin daha da geniş yayılmasının önəmi vurğulanıb və konkret layihələr ətrafında müzakirələr aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 Noyabr 2019 12:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə