Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin nümayəndə heyəti ilə görüş olub

Türkiyənin nümayəndə heyəti ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərə gəlmiş Türkiyə Respublikası Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti ilə görüş olub.

Nümayəndə heyəti Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin Sosial Müdafiə Qurumunun sədri  Dr. Mehmet Selim Bağlı, Qurumun Pensiya Xidmətləri Baş İdarəsinin müdiri İsmail Yılmaz, Ümumi Tibbi Sığorta Baş İdarəsinin müdir müavini Emre Aydın və qurumun mütəxəssisi Onur Öztürk, Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin Xarici əlaqələr baş idarəsinin mütəxəssisi Dr. Selim Dağlıoğludan ibarət olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları, ölkəmizin dayanıqlı inkişafı şəraitində sosial sahədə əldə edilən irəliləyişlər barədə məlumat verib. O, əmək, məşğulluq, sosial təminat sistemlərinin müasir texnologiyalar üzərində təkmilləşdirilməsi, DOST layihəsi ilə əhaliyə dövlət sosial xidmətlərinin bir pəncərə prinsipi üzrə şəffaf və operativ təşkili sahəsində əldə olunan innovativ təcrübələri diqqətə çatdırıb. Cari ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış təyinatı mexanizminə keçildiyini və bu proaktiv xidmətin digər sosial təminat növləri üzrə də tətbiqinin genişlənməkdə olduğunu, artıq müavinətlər sahəsində yeni elektron təyinat təcrübələrinin də formalaşdığını bildirib. 

Dr. M.S.Bağlı və nümayəndə heyətinin digər üzvləri Azərbaycanda dayanıqlı inkişaf proseslərinin, sosial sahədə mühüm addımların atılmasının, müasir iş təcrübələrinin formalaşdırılmasının şahidi olmaqdan məmnunluqlarını qeyd ediblər. Qonaqlar DOST layihəsi, elektron xidmətlərin sosial sahədə geniş tətbiqi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər barədə müsbət təəssüratlarını bölüşüblər.

Görüş zamanı hər iki ölkədə sosial sahədə, o cümlədən sosial müdafiə sisteminin gücləndirilməsi və onun innovativ yanaşmalar üzərində qurulması istiqamətində aparılan islahatlarla bağlı fikir mübadiləsi aparılıb.     Nümayəndə heyəti Dövlət Sosial Müdafiə Fondunda da görüş keçirib, fondun fəaliyyəti, buradakı müasir Qəbul Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 Noyabr 2019 12:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə