Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Məşğulluq” altsistemi istifadəyə verilib

“Məşğulluq” altsistemi istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhalinin istifadəsinə verilən “Məşğulluq” altsistemi dövlət məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsinə və əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasına imkan verir. Bunu nazir müavini Anar Əliyev bildirib.

Nazir müavini vurğulayıb ki, Prezident İlham Əliyevin  tapşırıqlarına əsasən, sosial sahədə aparılan geniş miqyaslı islahatların bir istiqaməti  dövlət məşğulluq xidmətlərini əhatə edir. Dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi (MAS) də bu məqsədə xidmət edən bir addımdır. MAS-ın əmək bazarında mövcud olan vakansiyalar üzrə məlumat bankına malik olduğunu  qeyd edən A.Əliyev altsistemin işsiz və işaxtaran vətəndaşlara vakansiya bankına birbaşa çıxış və əmək bacarıqlarına uyğun vakant yerlər üzrə birbaşa müraciət imkanı verdiyini diqqətə çatdırıb. Dövlət Məşğuluq Xidmətinin rəisi Fuad Musayev MAS-ın üstünlükləri və məşğulluq xidmətlərinə gətirəcəyi yeniliklər barədə məlumat verib. Nazirliyin E-xidmətlər şöbəsinin müdiri Kənan Əkbərov altsistemin təqdimatını edib.

Qeyd edilib ki, işəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 (beş) iş günü müddətində vakansiya bankına daxil etməlidirlər. Bunun üçün onlar e-sosial.az ünvanına (yaxud e-gov.az ünvanına) daxil olmalı, “e-Xidmətlər” bölməsində “Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi”  elektron xidmətini seçməlidirlər. Bundan sonra  “Vakansiyalar” bölməsindəki “Yeni vakansiya” altbölməsində vakant iş yeri barədə məlumatlarını daxil etməlidirlər. Sonda isə  “Yadda saxla” düyməsini basmalıdırlar.

İşsiz və işaxtaranlar isə “E-sosial” və ya “e-gov.az” portalı vasitəsilə “Məşğulluq”  altsisteminə daxil olur, vakansiyalarla tanış olur və özünün iş üçün müraciət anketini formalaşdırır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 Noyabr 2019 12:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə