Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskvada P.İ.Çaykovski adına konsert zalında Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcəkdir

Moskvada  P.İ.Çaykovski adına konsert zalında Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcəkdir

Azərbaycan Respublikası Prezidentinin görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında 17 oktyabr 2017-ci il tarixli, Sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq Tədbirlər planı hazırlanmışdır.

Yubiley tədbirləri çərçivəsində 22 sentyabr 2018-ci il tarixində P.İ.Çaykovski adına Konsert Zalında Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsertin keçirilməsi planlaşdırılmışdır. Tədbirdə görkəmli dirijor Xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayev və tanınmış skripka ifaçısı, Beynəlxalq müsabiqələr laureatı Alyona Bayeva iştirak edəcəklər.

Konsertdə P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin ifasında bəstəkarın “Don Kixot” simfonik qravürləri, 3 saylı simfoniyası, Skripka və orkestr üçün konserti və “İldırımlı yollarla” baletindən 2 saylı süitası səslənəcəkdir.

Rusiya ictimaiyyətinin böyük marağına səbəb olan bu konsert “Kultura” telekanalı tərəfindən lentə alınacaqdır.

Eyni zamanda, həmin gün P.İ.Çaykovski adına Konsert Zalının foyesində bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən sərgi də nümayiş olunacaqdır.

Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbirlərin davamı olaraq ilin sonunadək həm Azərbaycanda, həm də Rusiya, Türkiyə, ABŞ, Fransa, Belçika, Avstriya, Almaniya, Böyük Britaniya, İsrail, Polşa, Macarıstan, Gürcüstan, Ukraynada bəstəkara həsr olunmuş silsilə konsertlər, sərgilər, tədbirlər və yubiley gecələrinin keçirilməsi nəzərdə tutulmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 2018 14:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin