Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moldovada təhsil alan tələbə: Vətəndən uzaq uzaq olsaq da, vətənləyik.

Moldovada təhsil alan tələbə: Vətəndən uzaq uzaq olsaq da, vətənləyik.

Azərbaycandan kənarda yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz, xüsusilə də Azərbaycan  gəncləri hansı ölkədə olurlarsa olsunlar, ürəkləri vətənlə döyünür və Azərbaycan həqiqətlərinin, mədəniyyətinin tanıdılmasında fəallıq göstərirlər. Belə gənclərdən biri də Moldovada  təhsil alan azərbaycanlı gənc Laçın Cəbrayılovdur. Onunla söhbətimizi təqdim edirik:

– Laçın bəy, Moldovada təhsil alırsınız, istərdik, sizi daha yaxından tanıyaq.

–1993-cü il noyabrın 15-də Laçın  rayonunun Ələkçi kəndində doğulmuşam. Körpəliyim müharibə dövrünə təsadüf edib. Ermənistanın Dağlıq Qarabağa və ətraf rayonlara, eləcə də Laçına hücumu nəticəsində dogma yurdumuzdan məcburi köçkün düşmüşük. Təhsilimi Bakı şəhəri Xətai rayonu 59 saylı orta məktəbdə almışam. Hazırda dövlət xətti ilə  Moldovanın Kişinyov şəhərində beynəlxalq əlaqələr və iqtisadiyyat üzrə təhsil alıram. İkinci kurs tələbəsiyəm.

–Dərsdən kənar hansı fəaliyyətlə məşğul olursan? Azərbaycan mədəniyyətinin, Qarabağ həqiqətlərinin tanıdılması işlərində bizim tələbələrimiz Moldovada hansı işləri görürlər?

– Əlbəttə, biz xaricdə təhsil alsaq da, burada ölkəmizin təbliğatçılarıyıq. Vətəndən uzaq olsaq da, vətənləyik. Azərbaycandan olduğumu biləndə, ölkəmiz barədə soruşurlar, onları maraqlandıran mövzularda söhbətlər edirik. Çalışıram ki, hər bir moldovalı, eləcə də digər ölkələrdən olan xarici tələbələr ölkəmiz barədə ətraflı məlumat əldə etsin. Mən Moldova Azərbaycan Tələbə Birliyinin sədri kimi fəaliyyət göstərirəm.  Dərsdən kənar fəaliyyətlər zamanı  bir sıra işlər görürük, tədbirlər təşkil edirik. Hazirda 23 azərbaycanlı tələbə Moldovada təhsil alır. Səfirliyimiz, eləcə də disaporumuz  bizlərlə maraqlanır, dəstək göstərirlər. “Xocalıya ədalət” kampaniyasına dəstək olaraq, Qarabağ həqiqətlərini Moldova ictimaiyyətinə daha ətraflı çatdırmaq üçün sosial şəbəkələrdə mən də daxil olmaqla, tələbələr fəallıq göstərir. Feysbuk sosial şəbəkəsində “Justice For Khojaly Moldova” səhifəsində xarici dillərdə məlumatlar paylaşırıq. Bir sözlə, Qarabağ həqiqətlərini moldovalı yaşıdlarımıza çatdırmaq üçün əlimizdən gələni edir, tədbirlərdə çıxışlar edirik. Mən Qarabağda doğulduğumu, lakin Ermənistanın Laçını işğalı nəticəsində oradan ailəmlə  məcburi köçkün düşdüyümü, doğma evimizə qayıda bilmədiyimi hər zaman vurğulayıram.

Qaqauz gənclərlə əlaqələriniz necədir?

– Bilirsiniz ki, Moldovada yaşayan qaqauzlar Azərbaycan xalqı üçün doğmadır, həm qaqauz, həm də Azərbaycan xalqlarını tarixi milli tellər bağlayır.Odur ki, əlaqələrimiz çox yaxşıdır. Qaqauz dostlarımızla mütəmadi ünsiyyətdə oluruq, əməkdaşlıq edirik. Moldovada fəaliyyət göstərən səfirliyimiz, diaspor təşkilatlarımız da əlaqələrimizin inkişafına öz töhfələrini verirlər. Qaqauzlarla Azərbaycan xalqı arasında dini fərqlilik olsa da, adətlər, ənənələr, dil birliyi xalqların doğmalığını bir daha göstərir. Türklük telləri bizləri bir-birimizə bağlayır. Qaqauzların Azərbaycana sevgisi böyükdür. Azərbaycanın çətin dövründə Qaqauz elindən xalqımıza yardımlar edilib, dəstək göstərilib. Bu gün də o qardaş həmrəyliyi davam edir. Ölkmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qudsi Osmanov, eləcə də Moldovada diaspor təşkilatının  rəhbəri Vüqar Novruzov əlaqələrimizin daha da inkişafı üçün çalışırlar. Azərbaycanla bağlı keçirilən tədbirlərdə Qaqauziyanın da rəsmi şəxsləri iştirak edirlər.

Bir müddət əvvəl Qaqauziya Prezidenti ilə görüşünüz sosial mediada maraqla qarşılandı, qaqauz səhifələrində geniş yayımlandı. İstərdik, bu yaddaqalan görüş barədə danışasınız.

–Qaqauz Yeri Muxtar Ərazisinin  rəhbəri İrina Vlaxa “Mənim Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən təsis olunmuş “Azərbaycanın Dostu” Qızıl Ordeninin təqdim olunma mərasiminə qatılmışdı. Tədbir Moldovadakı səfirliyimizdə keçirilmişdi.  Tədbirdə “Mənim Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli  İrina Vlaxaya orden təqdim etdi. Bu möhtəşəm tədbirdə qaqauz və Azərbaycan xalqları arasındakı əlaqələrə toxunuldu. Azərbaycan və Qaqauz Yeri arasında müxtəlif sahələrdə əməkdaşlığın vacibliyi vurğulandı. Azərbaycan – Qaqauz dostluğunun möhkəmləndirilməsi istiqamətində fəaliyyətinə görə İrina xanıma təşəkkür edildi.

Qaqauz Yerinin rəhbəri  qaqauz xalqına verilən dəstəyə görə Azərbaycanın ünvanına təşəkkürlərini səsləndirdi. O,  Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşdü, Azərbaycan Prezidentinin Moldovaya, o cümlədən Heydər Əliyev Fondunun investisiyaları hesabına  böyük mədəniyyət mərkəzinin tikildiyini vurğuladı, əlaqələrimizin bundan sonra da davamlı olacağını qeyd etdi. Bu yaddaqalan tədbirdən sonra Azərbaycanı sevən qaqauz rəsmisi olan İrina xanımla xatirə şəkli çəkdirdik. Sevinirəm ki, hər iki türk xalqı arasında əlaqələr inkişaf edir və biz xaricdə oxuyan gənclər də bu əlaqələrə öz töhfəmizi verməyə çalışırıq.

 

Əfsanə ƏLƏSGƏRLİ,
“Xalq qəzeti”

12 Noyabr 2019 17:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə