Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADMİU-nun müəllimi Rəşad Cabarovun fərdi sərgisi açılıb

ADMİU-nun müəllimi Rəşad Cabarovun fərdi sərgisi açılıb

“QGallery” qalereyasında ADMİU-nun rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının baş müəllimi Rəşad Cabarovun fərdi sərgisi açılıb. Tədbirin açılışında ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, ADMİU-nun tədris işləri üzrə prorektoru Validə Məmmədova, Xalq rəssamı, professor Arif Əziz, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Salhab Məmmədov və Mədəniyyət Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov çıxış ediblər.

Çıxışçılar bildiriblər ki, müasir Azərbaycan rəngkarlıq sənətinin istedadlı nümayəndələrindən olan Rəşad Cabarov təsviri incəsənətimizin maraqlı generasiyasını təmsil edir. 1990-ci illərdən yaradıcılıq fəaliyyətinə başlayan rəssam akademik bilik və vərdişləri ilə yanaşı, zamanın tələbinə, baş verən dəyişikliklərə həssasdır. İfadə tərzi qismində realizm və fiqurativlikdən çıxış edən rəssam, üslubi baxımdan postmodernizmə meyllidir. Onun əsərlərindəki duyğu şəffaflığı, daxili məkanların həllində işıq, dərinlik, zəngin və incə koloristik duyum heyranedici qüvvəyə malikdir. Yaratdığı əsərlərində bildiyimiz, sevdiyimiz və bəzən unutduğumuz dəyərlərə müraciət edən rəssam onları yeni prizmadan görür, canlandırır. Məhz bu duyğular rəssamın mövzu seçimini müəyyən edir. Sərgidə təqdim olunan 30-dan çox əsər portret, mənzərə, animalistik janrları əhatə edir.

Lakin rəssam burada konkretlikdən qaçır və çevrəsini, həyatımızı əlvan rənglərə boyayır, əsərlərindəki işıqla paylaşır.

Sərgi noyabrın 17-dək davam edəcək.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

12 Noyabr 2019 16:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə