Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub

Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub

Ağstafa rayonunun Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolun yenidən qurulması yekunlaşıb. Bu barədə Agentliyin mətbuat xidmətindən bildirilib.

4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9.3 km təşkil edir.

Avtomobil yolu  uzun müddət əsaslı təmir olunmadan  istismar olunduğundan  yol geyimi və yolun əsası,  həmçinin torğaq yatağı sel sularının  təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə  çoxlu sayda çalalar yaranmışdır.

Layihəyə uyğun olaraq yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülərək, kipləşdirilib. Yol boyu mövcud suötürücü  borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması, küvetlərin açılması tələb olunurdu. Məhz bu səbəbdən 132 paqon-metr olan 500 mm-lik və 42 paqon-metr uzunluğa malik 1000 mm diametrlik dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikintisi işləri aparılıb, avtoqreyderlə 6500 paqon-metr küvet hissələr açılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində yol boyu 3 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün 46 yol nişanı, 18 km göstəricisi və 380 siqnal dirəyi quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.

Yerli əhəmiyyətli Ağstafa Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşıb, vətəndaşların istər Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna, istərsə də respublika əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə sözügedən ərazidə yük və sərnişin daşıması asanlaşıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

12 Noyabr 2019 16:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə