Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yevlaxda Regional Bərpa Mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib

Yevlaxda Regional Bərpa Mərkəzi  yenidənqurmadan sonra istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının nümayəndələri, əlilliyi olan şəxslər iştirak edib.

V.Nəsirli vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən bir çox bölgələrdə yeni reabilitasiya mərkəzləri yaradılıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 bərpa-müalicə müəssisəsi  var. Cənab Prezidentin göstərişi ilə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində müvafiq işlər aparılır. Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb.

Nazir müavini reabilitasiya mərkəzinin bir çoxunda – Mərdəkan Müalicə Pansionatında, Protez Ortopedik Bərpa Mərkəzində, Yevlax, Naftalan, Xaçmaz, Şəki, Lənkəran və Sumqayıt Regional Bərpa Mərkəzlərində əsaslı təmir və yenidənqurma işləri aparıldığını deyib. Bildirib ki, cari ilin sonuna qədər həmin müəssisələrin əsaslı təmir və bərpadan sonra istifadəyə verilməsi nəzərdə tutulub və Yevlax şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi bu gün istifadəyə verilir.

Rayon icra hakimiyyətinin başçısı A.Tağıyev belə bir müasir tələblərə uyğun reabilitasiya müəssisəsinin istifadəyə verilməsinin Prezidenti İlham Əliyev tərəfindən həssas qruplara, o  cümlədən əlillərə göstərilən qayğının bir təzahürü olduğunu vurğulayıb. O, dövlət başçısının sosial siyasətinin Yevlax rayonunda da uğurlu icrası sahəsində aparılan işləri qeyd edib.

İctimai təşkilatların nümayəndələri, əlilliyi olan şəxslər çıxış ediblər. Onlar ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi sahəsində görülən işlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti” 

12 Noyabr 2019 12:26 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə