Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ həqiqətlərinin təbliği və əlillərlə bağlı yeni təkliflər

Qarabağ həqiqətlərinin təbliği və əlillərlə bağlı yeni təkliflər

Milli Məclisdə Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr, İnsan Haqları, Hüquq Siyasəti, Dövlət Quruculuğu, Regional Məsələlər, Gənclər və İdman komitələrinin 2020-ci ilin büdcə layihəsi ətrafında keçirdiyi müzakirələri zamanı deputat Qənirə Paşayeva bir neçə gün əvvəl   Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə bərabər keçirdiyi tədbirdəki müzakirələrdən söz açıb.

O, işğal altında olan torpaqlarımızdakı separatçı erməni rejiminin, işğalçı Ermənistanın  və bəzi qüvvələrin dəstəyilə müxtəlif ölkələrdə tədbirlər, görüşlər keçirdiyini və  ölkəmiz əleyhinə böhtan və yalanlarla dolu təbliğatı  genişləndirdiyini vurğulayaraq  onların yalanlarının bütün dünyada daha geniş ifşa edilməsi üçün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının da fəal şəkildə beynəlxalq tədbirlərdə təmsil olunmasının, müxtəlif ölkələrdə tədbirlər təşkil etməsinin əhəmiyyəti barədə danışıb və bu istiqamətdə icmaya ayrılan vəsaitin artırılmasına çağırıb. “Bu gün ən vacib məsələlərdən biri də cəmiyyətdə kitab oxumağa meyilin artırılması istiqamətində addımlar atmaqdır”--deyən deputat kitaba ƏDV-nin azaldılmasını təklif edib və onun önəmi ilə bağlı geniş fikirlərini söyləyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cənab Prezidentin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə böyük islahatlar aparıldığını və bunun insanlar tərəfindən yüksək dəyərləndirildiyini xatırladan Q. Paşayeva əlillərlə bağlı  iki həssas məsələyə daha çox diqqət ayrılmasının vacibliyini vurğulayıb. Ali məktəblərə ödənişli əsaslarla qəbul olunan I və II qrup əlillərlə yanaşı, III qrup əlillərin də təhsil haqqından azad edilməsi təklifi ilə çıxış edib və bunun əlil gənclərimizin ali təhsilə daha çox cəlb edilməsi istiqamətində vacibliyini vurğulayıb.

“Digər vacib bir məsələ isə əlillərin məşğulluğu ilə bağlıdır”-- deyən Q. Paşayeva dövlət və özəl müəssisələrin bir çoxunda iş yerlərində əlillər üçün qanunvericilikdə nəzərdə tutulmuş kvotalara əməl edilmədiyini, bir sıra təşkilatlarda, şirkətlərdə əlillərin işə götürülməsində ciddi problemlərin olduğunu vurğulayaraq bildirib ki, əlillərin işlə təminatı istiqamətində qanunla iş yerlərində onlara ayrılan kvotalara əməl olunması üçün dövlət və özəl müəssisələrlə ciddi iş aparılmalıdır. Cənab Prezidentin əlillərin sosial müdafiəsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlərin önəmini xüsusi vurğulayan Q.Paşayeva dövlət və özəl qurumları əlillərin işə götürülməsi məsələsinə  daha da həssas yanaşmağa çağırıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Noyabr 2019 12:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə