Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAP Nəsimi rayon təşkilatı Bayraq Gününü qeyd etdi

YAP Nəsimi rayon təşkilatı Bayraq Gününü qeyd etdi

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının “Nizami” kino evində “9 Noyabr–Dövlət Bayrağı Günü”nə­­ həsr etdiyi tədbir videoçarxın nümayişi ilə başlandı. Sonra YAP Nəsimi Gənclər Birliyinin üzvü, Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi Səddam Məmmədov “Azərbaycan” şeirini səsləndirdi. 

Tədbiri açıq elan edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı dövlət atributlarımızdan biri olan Dövlət bayrağımızın Azərbaycanın suverenliyinin rəmzi olduğunu bildirdi. O, yüz il bundan əvvəl Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını, 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, milli üçrəngli dövlət bayrağını təsis etdiyini bildirdi. Lakin 1920-ci ildə bolşeviklərin ölkəmizi işğal etməsi nəticəsində müstəqilliyimizi itirdik. 
M.İbrahimqızı müstəqilliyimizin bərpasından sonra ilk dəfə Dövlət bayrağımızın 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin sessiyasında qaldırıldığı barədə məlumat verdi. Dedi ki, həmin sessiya Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirəsi, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olub. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli fərmanı ilə noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilib.
Milli Məclis sədrinin müavini Bahar Muradova və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək 1991-ci ildə – ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağının milli suverenliyin simvolu kimi bütün vətəndaşlarımız üçün müqəddəs dövlət rəmzlərindən birinə çevrildiyini bildirdilər. Qeyd olundu ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Bildirildi ki, Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis olunması dövlətimizin başçısının tarixi irsə sahib çıxmasının bariz nümunəsidir.
Belə aksiyaların keçirilməsinin vacibliyini qeyd edən natiqlər gənc nəslin Azərbaycanın dövlətçilik tarixi ilə bağlı hərtərəfli məlumatlandırılmasında böyük əhəmiyyət kəsb etdiyini bildirdilər. Diqqətə çatdırıldı ki, yetişən gənc nəsil dövlət rəmzlərimizi göz bəbəyi kimi qorumalıdır. Bu, hər bir vətəndaşın ən ümdə vəzifəsidir. 
Bayrağımızın qürur mənbəyi olduğunu bildirən natiqlər ulu öndərin müdrik bir kəlamını da xatırlatdılar: “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”.
Son illər möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin inkişaf edərək dünyanın aparıcı ölkələri arasında böyük nüfuz sahibinə çevrildiyini bildirən natiqlər zəfər bayrağımızın tezliklə Şuşada, Laçında, Kəlbəcərdə və işğal altında olan digər torpaqlarımızda dalğalanacağına əminliklərini ifadə etdilər.
Sonra tanınmış hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının ifasında “Vətən əmanəti”, “Tanrı türkə yar olsun”, “Al bayrağım”, “Cənab leytenant” mahnıları,  Zeynəb Əliyevanın ifasında “Şəhidlərim” və “Gətirin mənim bayrağımı” şeirləri səsləndi. 

 

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

9 Noyabr 2019 00:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə