Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

9 noyabr 2001-ci il: milli birliyimizin qürur günü

9 noyabr 2001-ci il: milli birliyimizin qürur günü

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il 16 dekabr tarixli qərarı ilə ... dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra bu bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti də qərar qəbul etdi. Beləliklə, 1991-ci ildən etibarən Azərbaycanda hamımız üçün əziz bir bayram olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Dünya Azərbaycanlılarının  
I Qurultayının keçirilməsi haqqında sərəncamından
Bakı, 23 may 2001-ci il


Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi artıq gözəl ənənəyə çevrilmişdir. Bu ənənənin təməlini 2001-ci ildə ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə Bakıda ilk dəfə olaraq dünya azərbaycanlıları bir araya gəldilər, çox gözəl qurultay keçirildi. Ondan sonra dünyada yaşayan azərbaycanlıların təşkilatlanması üçün yeni şərait yaradılmışdır. 

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının 
III Qurultayındakı nitqindən 
Bakı, 5 iyul 2011-ci il


Fikrimizcə, bu gözəl ənənənin təməlinin qoyulduğu günün Bayraq Günümüzlə eyni tarixə düşməsi də təsadüfi deyil. Çünki dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın məhz Bakıda toplaşaraq qurultay keçirməsi elə bir bayraq altında birləşməyimizin göstəricisi idi. Bir bayraq altında birləşməyimiz isə ilk növbədə, milli dövlətçiliyimizin qorunmasına, suverenliyimizin əbədiləşdirilməsinə xidmət edirdi. 


Ulu öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında sərəncamının preambulasında qeyd edilirdi ki, bütün obyektiv çətinliklərə, bu və ya digər problemlərə baxmayaraq, tarixi baxımdan olduqca qısa bir müddət – on il ərzində xalqımızın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunub möhkəmləndirilməsi, demokratik hüquqi, dünyəvi dövlət quruculuğunun həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin yaradılması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi sahələrində qazanılmış nailiyyətlər Azərbaycanın intensiv inkişaf dövrünə qədəm qoymasına imkan yaratmışdır: “Bu gün qətiyyətlə demək olar ki, Azərbaycanda artıq sosial-iqtisadi inkişafın yeni mərhələsinin möhkəm təməli qoyulmuş və ölkəmiz müstəqil inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycan müstəqil dövlət kimi bütün dünyada tanınır və dünya birliyində öz layiqli yerini tutur. Müstəqilliyimiz sarsılmaz, dönməz xarakter almışdır”.
Qeyd edilirdi ki, müəyyən proseslər nəticəsində azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır: “Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hal-hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada. Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır”.
Bütün bunların qeyd edilməsindən sonra qərara alınırdı ki, xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi zərurətini nəzərə alaraq 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirilsin.
Həmin qurultay sərəncamda göstərilən tarixdə, gözlənildiyindən də möhtəşəm şəkildə keçirildi. Ən mühüm fakt ondan ibarət idi ki, qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirildi və ulu öndər Heydər Əliyev şuranın sədri seçildi.
Prezident Kitabxanasının materiallarında oxuyuruq ki, Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə, 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətləri təmsil etmişdilər. Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.
Qeyd edilir ki, noyabrın 9-da – qurultayın ilk iş günündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev geniş nitq söyləmişdir. O, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı bəhs etmişdir. Prezident Heydər Əliyev dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi,qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi haqqında öz fikirlərini söyləmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi qurultay iştirakçıları tərəfindən böyük məmnuniyyətlə dinlənilmiş və ruh yüksəkliyi ilə qarşılanmışdır. 
ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Gürcüstan, Özbəkistan, Rusiya, Türkiyə və Ukraynadan, habelə Sankt-Peterburq şəhərindən gəlmiş nümayəndələr qurultayda çıxış edərək, Dünya Azərbaycanlılarının I Qurultayını alqışlamış və azərbaycanlıların milli birliyi, həmrəyliyi, azərbaycançılıq ideyası ətrafında birləşmək haqqında Azərbaycanın dövlət başçısının fikirlərinə şərik olduqlarını bildirmişlər. 
Xatırladaq ki, soydaşlarımızın ilk qurultayında “Dünya Azərbaycanlılarının I Qurultayının qətnaməsi”, “Dünya Azərbaycanlılarının I Qurultayı nümayəndələrinin bütün dünya azərbaycanlılarına müraciəti”, “Dünya Azərbaycanlılarının I Qurultayı iştirakçılarının Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti”, “Dünya Azərbaycanlılarının I Qurultayının Azərbaycan Respublikasının ­Prezidenti Heydər Əliyevə müraciəti”, eləcə də, “Dünya Azərbaycanlılarının I Qurultayı nümayəndələrinin 2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilmiş qanlı terror hadisələri ilə bağlı Amerika xalqına müraciəti” adlı 5 sənəd qəbul olunmuşdur.
Ulu öndər Heydər Əliyevin qurultayın açılışındakı geniş nitqi isə dünya azərbaycanlılarının hər birinin gələcək fəaliyyət proqramı xarakterində olduğuna görə dəfələrlə alqışlanmış, böyük rəğbətlə qarşılanmışdır. Ümummilli liderimiz öz nitqində xatırlatmışdır ki, 1991-ci ildə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi və 1920-ci ildə itirilmiş müstəqilliyi bərpa etməsi bizə imkan verdi ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla öz əlaqələrimizi genişləndirək, onlarla həmrəyliyimizi bildirək və dünya azərbaycanlılarının daha da həmrəy olması üçün öz xidmətlərimizi göstərək. 
Ulu öndər xüsusilə vurğulamışdı ki, Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz mənliyini itirməmiş, öz milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş, dünya sivilizasiyasını zənginləşdirmişdir: “Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bəzi məhrumiyyətlərə düçar olmuşlar. Ona görə də bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir”.
Bütün bunları yada salan ümummilli liderimiz sonda mükəmməl bir nikbinlik nümunəsi ortaya qoymuşdur: “Biz indi böyük məmnuniyyətlə qeyd edə bilərik ki, dünyanın bir çox ölkələrində – Avropada, Şimali Amerikada artıq böyük Azərbaycan icmaları yaranıbdır. Son illər bu icmalar get-gedə təşkilatlanır, genişlənir və azərbaycanlıların yaşadıqları ölkələrdə onların birliyini, həmrəyliyini təmin edir. Son illər bu proses sürətlə gedir. Güman edirəm ki, məhz müstəqil Azərbaycanın varlığı bu həmrəyliyin inkişafının əsasını təşkil edir. Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər”. 
Ulu öndərin həmin qurultaydakı nitqinin son ifadələri isə 2001-ci ilin noyabrından bəri yüzlərlə qəzet-jurnal məqaləsinin sərlövhəsinə və ya ana xəttinə çevrilmişdir: “Harada yaşamasından asılı olmayaraq, hər bir ailəyə, hər bir azərbaycanlıya xoşbəxt həyat və xoşbəxt gələcək arzulayıram. Qoy, çaylarımız qurumasın! Qoy, ağaclarımız kəsilməsin! Qoy, çırağımız sönməsin!”

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

9 Noyabr 2019 00:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə