Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Paşinyan Konstitusiyanı pozub və pozmaqda davam edir”

“Paşinyan Konstitusiyanı pozub və pozmaqda davam edir”

Bu günlərdə Ermənistanda bundan əvvəl iqtidarda olmuş Respublikaçılar Partiyasının sədr müavini, sabiq deputat və təhsil naziri Armen Aşotyan Rusiyanın populyar mətbu nəşrlərindən biri sayılan “Novaya qazeta”ya müsahibəsində bildirib ki, Nikol Paşinyan hakimiyyətə xalqın iradəsi ilə deyil, Qərbin siyasi texnoloqlarının səyləri sayəsində gəlib. Buna görə də, özünün iddia etdiyinin əksinə olaraq, heç bir halda  Ermənistanda demokratiyanın rəmzi sayıla bilməz. 
A.Aşotyan hesab edir ki, ötən ilin yazında Ermənistanda baş verən hakimiyyət dəyişikliyi, əslində hakimiyyətin qəsb olunması sayılmalıdır. 
Onun sözlərinə görə, N.Paşinyan ölkə qanunlarını, eləcə də Konstitusiyanı kobud şəkildə pozub və hələ də pozmaqda davam edir. Məsələn, ötən il  noyabrın 2-də Paşinyanın adamları ölkə parlamentinin binasını mühasirəyə alaraq, deputatları binadan çıxmağa qoymayıblar. Deputatlar bütün gecəni binada qorxu və təlaş içində qalmalı olublar. 
A.Aşotyan sonra deyib: “Nəinki deputatlar, hətta onların ailələri, uşaqları həmin gecə sübhədək dəhşətli təzyiqlərə məruz qalıblar. Belə ki, Paşinyanın “qoçuları” deputatların evlərinin qarşısına gedərək ucadan söyüş söyüblər, hər cür nalayiq ifadələr işlədiblər. Psixoloji təzyiq o yerə çatıb ki, “qoçular” deputatların evlərinin qarşısına qara lentlərlə haşiyələnmiş əklillər düzüblər.  
Keçmiş deputat deyib ki, o, bəlkə də Paşinyanın siyasi hoqqabazlığını bağışlaya bilər, lakin ailə üzvlərinin həmin gecə məruz qaldığı şantaj və təzyiqlərə görə onu heç vaxt bağışlaya bilməz. 
 Aşotyan etiraf edib ki, Ermənistanda daxili siyasət heç vaxt rəvan olmayıb. Onun sözlərinə görə, ozamankı müxalifət müəyyən siyasi qaydaları  gözləyirdi. Hər halda, deputatların ailələrinə və uşaqlarına psixoloji təzyiqlər göstərilmirdi.
Özünə vurğunluğu, nasistliyi ilə seçilən hazırkı baş nazir Ermənistan ordusu və kilsənin cəmiyyətdə məqsədli şəkildə gözdən salınmasına nail olub. Ermənistanda bütün mənəvi, əxlaqi dəyərlər aşınıb. N.Paşinyan şikayət edir ki, cəmiyyətdə qarşılıqlı nifrət kəskin artıb, sosial şəbəkələrdə saxta, “feyk” xəbərlər baş alıb gedir. Aşotyanın fikrincə, bütün bunların toxumlarını məhz Paşinyan  özü səpib. 
Aşotyan etiraf edib ki, onların hakimiyyətdə olduğu dönəmdə də Ermənistanda rüşvətxorluq olub, amma bu gün də ölkədə rüşvətxorluğun kökü kəsilməyib. Paşinyan deyirdi ki, avtomobil yollarındakı radarlardan toplanan vergilər elitanın cibinə gedir. Amma özü radarların sayını daha da artırıb. “Paşinyanın arvadı dövlət vəsaiti hesabına bütün dünyanı gəzir. Məgər bu, korrupsiya deyil?”, – deyə Aşotyan soruşub. 
 Aşotyanın gəldiyi son nəticə budur: “Paşinyan korrupsiya əleyhinə mübarizə bəhanəsi ilə öz siyasi rəqiblərinə qarşı mübarizə  aparır. Son il yarımda erməni xalqının rifahı yaxşılaşmayıb, yalnız Paşinyanın və yaxın ətrafının gəlirləri artıb.” 

 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

9 Noyabr 2019 00:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə