Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlillər və aztəminatlı ailələr diqqət mərkəzindədir

Əlillər və aztəminatlı ailələr diqqət mərkəzindədir

Möhtərəm Prezidentimiz dəfələrlə bəyan edib ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə, aztəminatlı ailələrin, sosial cəhətdən az müdafiə olunan vətəndaşların, doğma yurdlarından didərgin salınmış məcburi köçkünlərin, əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin yaşayışı, məşğulluğu, həyat səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsasını təşkil edir. Bu gün, ilk növbədə, həmin kateqoriyalardan olan həssas qəlbli insanlar mənzillərlə, evlərlə, maşınlarla təmin edilir. Onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. 

Təbii ki, bütün bunlar dövlət başçımızın, həmçinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil edir. Əlillər və aztəminatlı ailələr daim dövlət qayğısı ilə əhatə olunurlar. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 25 fevral 2019-cu il tarixli sərəncamı xüsusilə qeyd edilməlidir. Bu sərəncam əlillərin, aztəminatlı ailələrin, sağlamlıq imkanları məhdud insanların həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynadı. Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına, beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırıldı.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə yorulmaz fəaliyyəti yüksək qiymətə layiqdir. Mərhəmətli xanımın fəaliyyətinin əsas amillərindən biri də ölkəmizdə sosial inkişaf, həssas qruplara, xüsusi qayğıya ehtiyac duyan şəxslərə, neçə-neçə aztəminatlı ailəyə sevinc və gələcəyə böyük inam hissi bəxş etməkdir. Həssas qruplarla bağlı xoşməramlı, nəcib layihələrin, xeyirxah təşəbbüslərin bir-birini əvəz etdiyi bu fəaliyyət yüksək humanizmin, diqqət və qayğının, vətənpərvərliyin və öz xalqına sıx bağlılığın, bitib tükənməz xeyirxahlığın bariz nümunəsidir. 
Hazırda ölkəmizdə 626 min 947 əlill şəxs var. Bunlardan 66 min 63 nəfəri sağlamlıq imkanları məhdud olan uşaqlardır. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2 min 664-ü xüsusi internat məktəblərində təhsil alır ( onlardan 1353 nəfəri müəssisədə gecələyir), 7 min 750-si evdə təhsilə, 268-i isə inklüziv təhsilə cəlb edilib. Bu kövrək qəlbli insanlarla daim ünsiyyətdə olan bir şəxs kimi əminliklə deyə bilərəm ki, onlara həyatın sevincini hiss etmək imkanı verdiyinə, xoş ümidlər bəxş etdiyinə, təmənnasız qayğısını onlardan doğma ana kimi əsirgəmədiyinə, şəfqətinə görə şəxsən ­Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.
Bakıda və respublikanın bölgələrində yaşayan əlillərin və aztəminatlı ailələrin sosial və məişət problemlərinin həlli, sosial müdafiələrinin gücləndirilməsi və həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin strateji kursunun əsasını təşkil edir. Əlilləri, sağlamlıq imkanları mədud olanları və digər həssas qəlbli insanları müxtəlif bəhanələrlə və ya yalan vədlərlə mövqelərindən döndərmək mümkün deyil. Çünki onlar dövlətin diqqət və qayğısı ilə tam əhatə olunublar və bunu gündəlik həyatlarında hiss edirlər.

 

Sədaqət Vəliyeva,
Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri

9 Noyabr 2019 00:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə