Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslahatlar vətəndaşları razı salır

İslahatlar vətəndaşları razı salır

Biz bundan sonra da bu istiqamətdə tam qətiyyətlə addımlar atacağıq. Çünki vətəndaşların sosial rifahı bizim üçün ən prioritet məsələdir. Ancaq təbii ki, bu, iqtisadi inkişafa bağlıdır. Çünki iqtisadi inkişaf, maddi imkanlar olmasa, sosial proqramları həll etmək mümkün olmayacaq. 

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Müxtəlif sahələri əhatə edən proqramlar yerinə yetirilərkən həm ölkə iqtisadiyyatı yeni nəfəs alacaq, iqtisadi fəallıq artacaq, əlbəttə ki, həm də insanların sosial müdafiəsi lazımi səviyyədə təmin ediləcəkdir. İlk növbədə, biz insanların sosial müdafiəsi məsələlərini daim diqqətdə saxlamalıyıq. Əslində, bu, bizim siyasətimizin əsas istiqamətlərindən biri olmuşdur. Azərbaycanda çox genişmiqyaslı sosial siyasət aparılır. Dəfələrlə bəyan etmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Son illər ölkədə aparılan işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaq idi. Bu fikirləri cari il oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə dövlət başçısı çıxış edərkən demişdir. O, həmçinin qeyd etmişdir ki, indiki şəraitdə, ilk növbədə, insanların sosial müdafiəsi məsələləri öz həllini tapmalıdır və tapır. Pensiyaların və əməkhaqlarının qaldırılması bu istiqamətdə atılan önəmli addımdır. Bu çox ciddi sosial addımı reallaşdırmaq üçün dövlət büdcəsindən 100 milyonlarla manat vəsait xərclənməsi nəzərdə tutulub.

Sosial siyasətdən, bu sahədə aparılan islahatlardan danışanda, ilk növbədə, yada düşən məsələ əhalinin dolanışığı olur. Bu mənada prezident seçkilərindən sonra dövlət başçısının şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı imzaladığı fərmanla 12 mindən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində vəsaitin verilməsi ölkədə analoqu olmayan təşəbbüs kimi dəyərləndirilir. Həmçinin, ilin əvvəlindən çox böyük həcmli sosial paketin təqdim edilib təsdiqlənməsi, müvafiq fərmanlar imzalanması və icrası sosial məsələlərin həllinə zəmin yaratdı. Ölkədə aparılan islahatlarla minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlərin həcmi hissolunan səviyyədə artdı.
 Azərbaycan vətəndaşının rifahının yüksəlməsi üçün ­Prezident İlham Əliyev böyük səy göstərir, islahatlar aparır, sənədlər imzalayır, qərarlar qəbul edir. Bu tapşırıq, tövsiyə və sənədlərin icrası isə xalqın güzəranının yaxşılaşmasına istiqamətlənməklə, narahatlıqlarını nizamlayır. Əhalinin üzləşdiyi problemlərlə bağlı dövlət başçısının imzaladığı fərman və sərəncamların icrası vətəndaşlarda böyük məmnunluq hissi doğurur. Sakinlərin uzun müddətdən bəri narahatlığına səbəb olan problemli kreditlərin həlli ilə bağlı imzalanan sənəd nə qədər ailəyə sevinc bəxş etdi. Ölkənin iqtisadi və maliyyə imkanları artdıqdan sonra ilk növbədə vətəndaşları narahat edən bu məsələ ən yüksək səviyyədə tənzimləndi. 800 min vətəndaşın kompensasiyasının ödənilməsi çox mühüm və təqdirolunan hadisədir. Eyni zamanda, vaxtilə tikilmiş, ancaq istismara qəbul edilməmiş evlərlə bağlı sakinlərin üzləşdiyi çətinliklərin həllini də yaddan çıxarmaq olmaz. Bu məsələ ilə bağlı fərman imzalandıqdan sonra evlərin, mənzillərin sənədləşməsi prosesinə başlanılıb. Əminliklə demək olar ki, üç milyon insan imzalanmış fərmanlardan bu və ya digər formada faydalanıb. 
 İnsanların rifahının yaxşılaşması yolunda atılan addımlardan biri də dövlət tərəfindən işsizliyin azaldılması üçün görülən tədbirlərdir. Bu il 40 min ödənişli ictimai iş yeri açılıb, 35 min insan işlə təmin edilib. İş yerlərinin yaradılması üçün, vacib amillərdən biri son illərdə reallaşdırılan özünüməşğulluq proqramıdır. Ölkənin bütün bölgələrində çox böyük rəğbət qazanmış bu proqram vətəndaşlarımızın xeyli hissəsinin kasıbçılıqdan kiçik sahibkarlığa addımına imkan verib. Azərbaycanda özünüməşğulluq proqramının həm məşğulluq, həm iqtisadi inkişaf, həm də istehsal baxımından çox böyük gələcəyi var. Qeyd etmək yerinə düşər ki, aparıcı beynəlxalq maliyyə qurumlarının, Dünya Bankının, digər bankların rəhbərlərində özünüməşğulluq proqramına böyük maraq var.
 Vətəndaşların rifahının yaxşılaşması yolunda atılan addımlar, həm də onların sosial həyatında – məişətdə, yaşadıqları ərazinin təmizliyi, abadlığında özünü göstərir. Son vaxtlar abadlaşdırılan məhəllələrlə bağlı tez-tez informasiyalar eşidirik. 2018--2019-cu illərdə 273 nümunəvi məhəllə yaradılıbdır. Bu işlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın və onun təsisçisi olduğu IDEA İctimai Birliyinin fəaliyyətini qeyd etməyə dəyər. Bu gün Bakı şəhərində yeni bir format – məhəllələrarası parklar formatı tətbiq olunub və olunur. Bu ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib və bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxtı səmərəli keçirmək üçün şərait yaradılıbdır. Həyətlər lazımsız tullantılardan təmizlənib, sakinlər tərəfindən qeyri-qanuni zəbt edilmiş ərazilərin yerində uşaqlar üçün attraksionlar, yelləncəklər quraşdırılıb.
 Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən, bu barədə demişdir: “Biz bilirik ki, bir çox binalarda, bloklarda vəziyyət ürəkaçan deyil, lift təsərrüfatı köhnəlib. Evlərarası həyətlər bəzi hallarda zəbt olunur və ictimai istifadə üçün yerlər yoxa çıxır. Ona görə nümunəvi həyətlərin qurulması çox böyük məna daşıyır. Biz bu sahəyə kompleks şəkildə yanaşmalıyıq. Əlbəttə ki, həyətlər, ilk növbədə, vətəndaşlar üçün rahat, işıqlı olmalıdır, təhlükəsizlik baxımından tədbirlər görülməlidir. Bir çox inkişaf etmiş ölkələrin şəhərlərində həyətlərdə təhlükəsizlik kameraları qoyulur. İndi Bakı şəhərində bir çox yerlərdə təhlükəsizlik kameraları qoyulub və bu kameralar cinayətlərin aşkar edilməsi və cinayətkarları məsuliyyətə cəlb etmək üçün böyük rol oynayır. Hesab edirəm, həyətlərdə də təhlükəsizlik kameraları qoyulmalıdır ki, təhlükəsizlik tədbirləri daha yüksək səviyyədə təmin olunsun”. 
Dövlət başçısının əhalinin rahatlığı üçün ən xırda detallarla da ciddi maraqlanması, yaranmış problemin aradan qaldırılması üçün verdiyi tapşırıqlar və icrasına nəzarət hər bir Azərbaycan vətəndaşının ürəyindən xəbər verir.
 Sosial infrastruktur layihələrin həyata keçirilməsi də daim dövlətin diqqət mərkəzində olan məsələdir. Dövlət başçısının tapşırığına əsasən, bu il 100-ə yaxın məktəb tikilməli və ya əsaslı təmir edilməlidir. O cümlədən modul tipli məktəblər tikilməlidir. Bunun xüsusilə ucqar kəndlərdə çox böyük faydası var. Bu məktəblər həm tez bir zamanda tikilib başa gəlir, həm də keyfiyyət baxımından yüksək standartlara cavab verir. 
 Sosial siyasətin bir qolu olan səhiyyə sahəsində də xeyli iş görülüb və bu davamlı olacaq. Azərbaycanın bütün şəhər və rayonlarında ən müasir standartlara cavab verən tibbi mərkəzlər yaradılıb. 
Ölkədə aparılan sosial siyasətdən danışanda, hər şeydən öncə, deməliyik ki, vətəndaşların rifahına təsir edən və onları düşündürən mühüm faktorlardan birincisi, onların gəlirləridir. Onu da unutmaq olmaz ki, bu il icra edilən iki sosial paketlə minimum əməkhaqqı 250 manata çatdırılmış, minimum pensiyanın məbləğı isə 200 manat müəyyən edilmişdir. 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırılmışdır. 
 Respublikada aparılan islahatların nəticələrini gündəlik həyatında hiss edən Azərbaycan vətəndaşı Prezidentinə inanır və güvənir. Çünki əmindir ki, dövlətin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları dayanır. Dövlət başçısının ümdə məqsədi əhalinin firavanlığını təmin etmək, onların təhlükəsiz yaşamalarına şərait yaratmaqdır.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 Noyabr 2019 00:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə