Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suraxanıda Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər

Suraxanıda Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər

Dövlət Bayrağı Günü münasibətilə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib, müxtəlif idman yarışları təşkil olunub. Rayonun Heydər Əliyev Mərkəzində məktəblilərin şeir və rəsm müsabiqələri reallaşdırılıb. Bütün bunlardan məqsəd şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi, Azərbaycan Bayrağının mahiyyətinin təbliği və dövlət atributlarına sevgi və ehtiramı aşılamaq olub. Çünki bayraq qürur yerimiz, dövlət rəmzimiz, milli kimliyimizdir.

Dünən bayram münasibətilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirak edən rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, rayon Ağsaqqallar Şurasının, habelə ictimaiyyət nümayəndələri, müharibə veteranları və gənclər əvvəlcə dahi öndərin adını daşıyan parkda ümummilli liderin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar. 
Mərkəzin elektron-lektoriya zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Mərasimdə çıxış edənlər bildiriblər ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər ümummilli liderimizin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılan üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi gerçəkləşdirilməsi haqqında qərar qəbul edilib, üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırılıb. Həmçinin xatırladılıb ki, 1995-ci ildə ulu öndərin rəhbərliyilə hazırlanan Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilib. 
Xüsusi vurğulanıb ki, ümummilli liderin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını daim uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Bu gün ölkəmizin şəhər və rayonlarında bayraq meydanlarında dövlət bayrağının təntənəli dalğalandığını görmək mümkündür. Belə məkanlardan biri də Suraxanıda Heydər Əliyev parkında yerləşən Bayraq meydanıdır. 
Mərasimdə əminliklə qeyd edilib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti sayəsində tezliklə torpaqlarımız işğaldan azad ediləcək və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
Sonda rayonun 232 nömrəli tam orta məktəb şagirdlərinin hazırladıqları ədəbi-bədii proqram tədbir iştirakçılarına təqdim olunub. 

 

“Xalq qəzeti”

9 Noyabr 2019 00:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə