Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkədə nağdsız dövriyyənin həcmi artır

Ölkədə nağdsız dövriyyənin həcmi artır

Ölkədə iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin reallaşdırılmasına xüsusi əhəmiyyət verilir. Məhz bunun nəticəsidir ki, cari ilin doqquz ayında elektron ödəmə sistemləri vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 200 milyard manata çatıb. Elektron ticarətin ƏDV-dən azad olunması sayəsində isə bu sahədə ticarətin həcmi 2,2 milyard manat təşkil edib. Nağdsız hesablaşmalarda, o cümlədən kart ilə həyata keçirilən hesablaşmaların həcmi cari ildə 59 faiz artaraq 5,3 milyard manata yüksəlib. 

Bakıda ənənəvi “Nağdsız iqtisadiyyat: dayanıqlı bankçılığa doğru” mövzusunda IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda nağdsız cəmiyyətin qurulması istiqamətində icrası nəzərdə tutulan tədbirlər kompleks xarakter daşıyır və bu, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” və digər sənədlərdə nəzərdə tutulub. Belə tədbirlər vergi sisteminin optimallaşdırılması, zəruri infrastrukturun qurulması, maliyyə savadlılığının artırılması, eyni zamanda, icbari tibbi sığortanın tətbiqi dairəsinin genişləndirilməsi kimi genişspektrli sahələri əhatə edir.
V.Qasımlı, həmçinin qeyd edib ki, rəsmi məlumatlara əsasən, bu gün Azərbaycanda hər 10 min nəfərə təqribən 7,2 min ödəniş kartı, 2,5 bankomat, 65 POS-terminal düşür. Pensiyalar, təqaüdlər, sosial müavinətlər, büdcə təşkilatlarında və özəl sektorda fəaliyyət göstərən müəssisələrdə əməkhaqları kart vasitəsilə verilir. Mövcud statistika da artıq müvafiq istiqamətdə müsbət nəticələrin olduğunu, həmçinin əhalidə nağdsız istehlak vərdişlərinin yarandığını deməyə əsas verir: “Xüsusilə debet və kredit kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2019-cu ilin avqust ayının göstəricilərinə əsasən, 2016-cı illə müqayisədə əməliyyatların sayı parametrləri üzrə 1,7 (26 faizdən 44 faizədək), əməliyyatların həcm göstəriciləri üzrə isə 2 dəfə (9,2 faizdən 19,9 faizədək) artıb. Bütün bu tədbirlər nəticəsində iqtisadi dövriyyənin şəffaflaşdırılmasına, gizli iqtisadiyyatın məhdudlaşdırılmasına, vergi bazasının genişləndirilməsinə, əhalinin və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılmasına, bank sektorunun investisiya imkanlarının yaxşılaşdırılmasına nail olunacaq”.
V.Qasımlı onu da diqqətə çatdırıb ki, strateji yol xəritələrində rəqəmsallaşmanın birbaşa və dolayı iqtisadi təsirləri hesablanıb: “Rəqəmsal ödənişlərin geniş tətbiqi ölkədə gizli iqtisadiyyatın həcmini əhəmiyyətli dərəcədə azaltmaqla, ödəmələrin uçotunun aparılmasına, iqtisadiyyatda yaranan əlavə dəyərin tam şəkildə rəsmiləşdirilməsinə və vergi daxilolmalarının artmasına zəmin yaradır. Bu prioritetin həyata keçirilməsi ticarət əməliyyatları və hesablaşmalarda, ümumiyyətlə, maliyyə sistemində şəffaflığın daha da artırılmasını şərtləndirəcək. Tənzimləmə mexanizminin nəzərdən keçirilməsi və müvafiq dəyişikliklərin edilməsi hesabına rəqəmsallaşma maliyyə-bank sektorunda effektivliyin artırılmasına səbəb olacaq”.
“Nağdsız iqtisadiyyat: dayanıqlı bankçılığa doğru” mövzusunda keçirilən forumda, həmçinin bildirilib ki, bu ilin sonunadək “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq. Qanun layihəsi artıq hazırlanıb, 9 fəsil və 72 maddədən ibarət olan sənəd müvafiq strukturlar tərəfindən bir neçə dəfə müzakirə olunub. 
Təbii ki, adıçəkilən qanunun qəbulundan irəli gələn bir neçə alt normativ aktlar formalaşdırılmalıdır. Layihə artıq Dünya Bankı ekspertləri ilə müzakirə olunub. Qanun Gürcüstan, Türkiyə, Rusiya, Sinqapur, Malayziya, Danimarka və Böyük Britaniyanın təcrübəsi nəzərə alınmaqla hazırlanıb. 
Mütəxəssislərin fikrincə, sözügedən qanunun qəbul edilməsindən sonra ödəniş xidməti təchizatçılarının rəqabət qabiliyyəti artacaq və onların bir sıra maliyyə xidmətlərinə çıxışı daha operativ reallaşacaq, mikromaliyyə institutlarının bu sahəyə inteqrasiyasına nail olunacaq. 

“Xalq qəzeti”

9 Noyabr 2019 00:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə