Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın müstəqil dövlət siyasəti ölkəmizin uğurlarını və nüfuzunu artırır

Azərbaycanın müstəqil dövlət siyasəti ölkəmizin uğurlarını və nüfuzunu artırır

Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir. 
Heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxalanırıq. Son müddət ərzində keçirilən rəy sorğuları göstərir ki, bizim hökumətimizə ictimai dəstək nə qədər yüksəkdir. 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Çağdaş dünyada tarixlərdən gələn bir uca həqiqət hökmrandır: böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, o ölkələr irəli gedir, əmin-amanlıq içərisində yaşayır ki, orada xalqla rəhbərliyin bir-birinə inamı möhkəm vəhdət yaradıb. Biz bu həqiqətdən yaxın tariximizdə qədərincə dərs almışıq. Sovet imperiyasının süqutu zamanı yerli müti rəhbərlər xalqla bir yerdə olmadığına görə ölkəmiz ağır faciə və fəlakətlərə düçar oldu. 

 Xalqın inamını heçə endirən meydan natiqlərinin idarəetmə səriştəsizliyi məsuliyyətsizlik və xəyanətkarlıqla tamamlananda isə yenicə qazanılmış dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdik. Yalnız öz Vətəninə tarixi xidmətləri ilə ümummilli lider səviyyəsinə yüksəlmiş ulu öndər Heydər Əliyev o ağır məqamda xalqın tələbi ilə hakimiyyətə qayıdıb milli birliyi təmin edəndən sonra gənc Azərbaycan dövləti xilas və uğurlar yoluna çıxdı. 
Xalq bir daha inandı ki, onun həqiqi maraqlarını qoruyan lider olmadan çağdaş dünyada bir addım da irəli getmək, dövlətlər cərgəsində layiqli yer tutmaq ­mümkün deyil. Azərbaycan xalqının növbəti müstəqillik şansını lazımi səviyyədə dəyərləndirən, onun milli birlikdən güc alan enerjisini zəngin təbii sərvətləri və üstün geosiyasi mövqeyi ilə üzvi surərdə qovuşduran dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyev suverenliyimizi xilas edərək möhkəmləndirdi və əbədi mövcudluq yoluna çıxardı. 
Ulu öndərin bu tarixi yola rəhbərliyi ən layiqli varisi, ideya və əməllərinin ən sadiq davamçısı İlham Əliyevə etibar etməsi son 16 ildə Azərbaycan dövlətinin müstəqil siyasətinin, davamlı inkişafının və dünyada qazandığı yüksək nüfuzun ən başlıca təminatı olmuşdur. Xalqımız bu günlərdə Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başlayarkən, öz xalqına və sələfinin qoyduğu yola sədaqətlə xidmət andı içməsinin növbəti ildönümünü yada salmaqla “xalq–lider” tandeminin nəyə qadir olduğunu bir daha yəqin etdi. Təkcə son aylarda ölkəmizin də iştirakçısı olduğu bir sıra dramatik beynəlxalq hadisələrdə Azərbaycan rəhbərinin dərin zəkası, möhkəm iradəsi və çevik addımları müstəqil dövlətimizin ali idarəetmə sükanının necə müdrik və qüdrətli liderin əlində olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi.
Azərbaycan Prezidentinin bu uğurlarının əsasında xalqın öz liderinə olan dərin inam və etimadı, dövlət başçısının isə öz xalqına, Vətəninə sonsuz sevgi və sədaqəti dayanır. Ölkə rəhbərini xalqa sevdirən ən önəmli amil onun əsl dövlət başçısına xas qətiyyəti, atdığı hər addımda milli maraqları öndə tutmasıdır. Prezident İlham Əliyevin siyasət meydanında atdığı son uğurlu addımlardan ikisinə–dünyada geniş əks-səda doğuran nüfuzlu beynəlxalq “Valday” diskussiyasında və Aşqabadda keçirilən mötəbər iclasda səsləndirdiyi qalibiyyət akkordlarına nəzər salaq. 
Ötən ay Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik plenar sessiyasında Prezident İlham Əliyev çıxışı zamanı Rusiya ilə Azərbaycanın ən vacib və aktual məsələlərdə bir-birini dətəklədiyini vurğuladı. Azərbaycan Prezidenti, eyni zamanda, Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtması məsələsinin müzakirə edildiyi təşkilatın iyun sessiyasını misal çəkdi. Sonda isə Azərbaycan rəhbəri Ermənistanın siyasət meydanında baş-ayaq vuran baş naziri Nikol Paşinyanın beynəlxalq hüququ saya salmayan bədnam bəyanatını sabun köpüyü kimi yox etdi.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev işğalçı dövlətin ölkəmizə hərbi təcavüzünün nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur, yerinə yetirilmədiyini vurğuladı. Azərbaycan Prezidenti Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” saxtakarlığının heç bir gerçəyi əks etdirmədiyini dedi: “Qarabağ tarixi Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. 
Bu hökm Ermənistanın baş naziri Nikol Paşinyanın apardığı siyasətin darmadağın edilməsi və Qarabağ həqiqətlərinin, ölkəmizin haqlı mövqeyinin bir daha dünyaya çatdırılması baxımından çox əhəmiyyətli oldu. Bu nida Paşinyanın Ermənistanda və ondan kənarda dövlət başçısına yaraşmayan çıxışlarına verilən qəti və aydın bir cavab idi. “Qarabağ Azərbaycandır və nida işarəsi” məntiqi dövlət başçımızın timsalında xalqımızın dünyada əks-səda verən haqq səsi idi. Bu bəyanat ötən əsrin əvvəllərində “Yox millətimin xətti bu imzalar içində”– deyən şair Məhəmməd Hadinin məxsus olduğu xalqın bizim günlərdə öz taleyini etibar etdiyi dövlət başçısı İlham Əliyevin “Var millətimin dövləti dövlətlər içində”– deməsi idi.
 “Valday nidası”nın əks-sədası səngiməmiş Ermənistan və onun sərsəm rəhbəri Paşinyan növbəti ağır “Aşqabad dərsi”ni aldı. Azərbaycanın dövlət başçısının ard-arda vurduğu bu sarsıdıcı zərbələr Paşinyanın hədyanlarını silib bir kənara atdı. Prezident İlham Əliyev birlik dövlətlərinin Aşqabad zirvə görüşündə qeyd etdi ki, faşizm üzərində qələbə çalınmasında Azərbaycan xalqının danılmaz xidmətləri var və bunu faktlarla açıqladı. Ölkəmizin rəhbəri vuğuladı ki, Emənistan faşist cəlladlarının xatirəsini əbədiləşdirir və bu dövlət səviyyəsində həyata keçirilir. İrəvanda Qaregin Njdeyə abidə qoyulub, adına küçə verilib. Bu isə Ermənistanın faşizm ideyasına necə bağlı olduğunun, terrorçu və işğalçı bir dövlət olduğunun göstəricisidir. Bu sübutlar qarşısında Paşinyanın isterik halda baş-ayaq vurması onu bir daha gülünc vəziyyətdə qoydu.
Bu yerdə alman səyyahı Alferd Kertenin sözləri yada düşür: “Türklərlə iş görəndə, sadəcə, danışmaq kifayətdir, hansısa müqavilə bağlamağa ehtiyac yoxdur. Əgər yunanla iş görmək istəyirsinizsə, mütləq müqavilə bağlayın. Erməni ilə belə bir fikriniz olarsa, onda heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, mütləq şərə rast gələcəksiniz. Erməni ilə rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir”. Başabəla başçılarının millətçilik xülyaları ilə bəşəri dəyərlərdən uzaqlaşmış topluma verilən qiymətə nəsə əlavə etməyə ehtiyac qalmır.
Əslində, Paşinyan və onun ölkəsi həm diplomatik, həm də hərbi müstəvidə Azərbaycanın nə qədər güclü bir dövlət olduğunu çox gözəl bilir. Bunun ən bariz nümunəsi Aprel döyüşlərində qazanılan zəfər uğurlarımızdır. Hələlik havadarlarının yeritdiyi ikili standart siyasəti nəticəsində torpaqlarımızı işğal altında saxlayan erməni qəsbkarları gec-tez qovulacaqlar. Ötən həftələrdə bütün dünya belə bir mənzərəni maraqla izlədi: Prezident və baş nazir beynəlxalq görüşdən qayıdır–Azərbaycan Prezidenti nə qədər məğrur, inamlı, Ermənistan baş naziri nə qədər məyus, bədbin... 
“Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və hiss eləsin”– deyən cənab İlham Əliyevin arxasında Azərbaycan xalqı elə möhkəm dayanıb ki, qarşısında nə düşmənlərimiz, nə də “sapı özümüzdən olan baltalar” tab gətirə bilir. Bu gün biz yevlaxlılar da ­İlham Əliyevin daim qələbə müjdəli siyasətini tam dəstəkləyirik, bu sarsılmaz birliyin xalqımızı zəfərlərdən-zəfərlərə aparacağına tam əminik. 
Bu gün YAP Yevlax rayon təşkilatının sıralarında 9 mindən çox insan var və onların hər biri bu partiyanın üzvü olmasından şərəf və qürur duyur. Onlar özlərini ölkənin ən böyük siyasi qurumunun üzvü saymaqdan əlavə, həm də zamanın sınaqlarından çıxmış bir partiyanın üzvü, şərəfli tarixin daşıyıcısı və qurucusu olmaq məsuliyyətini bir an da unutmurlar. 
Ötən həftələrdə Bakının mərkəzi hissələrində piket adı ilə qarışıqlıq törədən və icazəsiz mitinq keçirməyə cəhd edən dağıdıcı müxalifət nümayəndələri, görəsən, nəyə nail olmaq istəyirlər? Prezidentin Valday və Aşqabad çıxışları, ermənilər qədər onları da çaş-baş saldı. Baxın, kin, nifrət , qəzəb onları nə qədər kor edibsə, ən böyük nailiyyətlərimizdən olan milli birliyi pozmaq üçün ağıllarına nə gəlir edir, ağızlarına nə gəlir deyir, hansı yolla olursa-olsun, qarışıqlıq salmaq istəyirlər. Xalqın isə Valday və Aşqabad çıxışlarından, Bakıda keçirilən Türk Şurası və Qoşulmama Hərəkatı zirvə görüşlərindən sonra öz Prezidentinə olan sevgisi və güvəni bir daha artdı. Bu birliyi, inamı qəbul etməyənlər, düşmən dairələrdəki havadarlarına Azərbaycanla bağlı çirkin donoslar göndərənlər, küçələrdə qarışıqlığa cəhd edənlər isə nə qədər zavallı olduqlarını bir daha göstərdilər. 
Nəhayət, ölkəmizdə siyasi qətiyyət və müdriklik örnəyi olan, dövlətimizin müstəqil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin dünya siyasətində sərgilədiyi qalibiyyət akkordları ölkəmizdə ümummilli vəhdəti və xalqın öz liderinə inamını daha da gücləndirir. 

 

Əminə YUSİFQIZI,
“Kür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist

9 Noyabr 2019 00:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə