Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Odlar diyarının zəfər BAYRAĞI

Odlar diyarının zəfər BAYRAĞI

Dünyanın dörd yanında yaşayan soydaşlarımızı birləşdirən ən əsas dəyərimiz – milli dövlətimiz artıq 28 ildir müstəqildir. Bu müstəqil dövlətin müqəddəs bayrağı göylərimizin yaraşığı, könüllərimizin sultanıdır.

Dünya azərbaycanlılarını birləşdirən mənəvi, hüquqi, siyasi, tarixi və digər dəyərlər sırasında bayrağımız özünəməxsus yer tutur. Mən yer tutur deyirəm, siz göy tutur, ürək tutur deyin, daha doğru, daha dəqiq olsun...

Bir bayraq düşünün: həm ağırtaxtalı olsun, həm nazlı, cilvəli…

Ağırtaxtalı – çünki ağır günlərdən, tarixin çətin sınaqlarından çıxmış müqəddəs bayraqdan danışırıq. Nazlı, cilvəli deyirik, çünki bu bayrağı ərköyün edən, gözü üstə tutan igidlər öz ömürlərini məhz onun üçün qurban veriblər…

Bayraqlar bayrağıdır bayrağımız! Nə üçünmü?– Deyim sizə. Əlbəttə, hər kəs öz bayrağı haqqında bu şərəfli statusu ifadə edə bilər, ancaq gərək ifadə olunan söz, haqqında danışılan bayrağa yaraşsın. Bu şərəf bir bayrağa necə yaraşır? – Dünəni, bugünü, sabahı ilə yaraşıq tapır, şərəf qazanır bayraqlar. Dünən yoxdan bir bayraq yaradan babalarımız, məhz bu üçrəngli bayrağı qəbul edib, göylərin üzünə qaldıraraq, tarixdəki milli dövlətlərimizin bayraqlarını ümumiləşdiriblər, tariximizin ruhunu hopdurublar ona, ideallarımızı köçürüblər və “Bir kərə yüksələn bayraq bir daha enməz!” deyiblər. Bugün bu bayraq dünyanın ən önəmli beynəlxalq qurumu olan BMT-nin qarşısında dalğalanır, kosmosdakı peyklərimizin üzərində nəqş olunub. Bu bayraq döyüşlər görmüş ordumuzun şanıdır – hərbi qaynaqların verdiyi bilgiyə görə, müstəqil dövlətimizin ordusunda bugünədək döyüş bayrağının itirilməsi, düşmənə təslim edilməsi kimi hallar olmayıb – Allaha min şükür! Olmayacaq da!

Müstəqil dövlətimizin başçısı – Respublikamızın Prezidenti, Ali Baş Komandanımız dövlət bayrağını dizini yerə qoyaraq öpür, onu gözünün üstə qoyur! Bu dövlət ənənəsini, dövlət nəzakətini müəyyənləşdirmiş ümummilli liderimizə, ­bayrağımız uğrunda şəhid olmuş Vətən övladlarına min rəhmət! ­Bayrağımızın şanını-şərəfini dünən uca tutmuş, bugün o şanı ucaldan, sabah daha yüksəklərdə dalğalandıracaq hər kəsə alqışlar!

Müqəddəs bayrağımız gələcəyin – böyük gələcəyin bayrağıdır. Biz, əlbəttə, işğal altındakı torpaqlarımızı azad edəcəyik. Əlbəttə, Laçında, Kəlbəcərdə, Şuşada, Xankəndidə, digər şəhər və rayonlarımızda dalğalanacaq bu bayraq! Deməli, bəxtiyar sabahların bayrağıdır bayrağımız!

Siz, təsəvvür edin: qalib ordumuzun cəsur əsgəri Şuşa qalasına bayraq sancır.

 

O gün bayram günü olmazmı?

O bayraq müqəddəs olmazmı?

O əsgər, əli öpüləsi qəhrəman
                                 olmazmı?

 

Bax, bu, dünən – bu gün-sabah “mətn-mündəricəsi” ilə bayraqlar bayrağıdır bayrağımız! Həm də ona görə ki, fərqli ictimai-siyasi görüşlü partiyaların, idman federasiyalarının, media qurumlarının və s. fərqləndirici bayraqlarının hər biri müqəddəs üçrəngli bayrağımızın bir elementini, simgəsini, cizgisini, ruhunu daşıyır. Bütün əməli çalışmalarımızın, tarixə, bugünə, sabaha əzmkar baxışımızın məcmusudur bayrağımız!

Müqəddəs sözünü ürəklə şamil edirik bayrağımıza. Rənglərinin anlamı, ayı-ulduzu və hər birimizin ona yaraşdırdıqlarımızla, bundan öncə, uğrunda “hüququndan keçib, qəhrəman olan” oğullarımızın ömrü, dövlət quran, dövlət yaşadan, dövləti gücləndirən böyüklərimizin zəkası ilə müqəddəsdir Azərbaycan bayrağı!

Bayraq Günümüz mübarək olsun!

Əkbər QOŞALI,
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri

 

9 Noyabr 2019 00:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə