Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda memarlıq və şəhərsalma yeni inkişaf mərhələsindədir

Azərbaycanda memarlıq və şəhərsalma yeni inkişaf mərhələsindədir

Bu gün ölkəmizin hər yerində yeni memarlıq abidələri yaradılır, parklar və xiyabanlar salınır, şəhərsalmanın müasir nümunələri tətbiq edilir. Onlar gündən-günə gözəlləşən Azərbaycanın füsunkarlığını daha da artırır. Bəs bu sahədə hansı yeniliklər gözlənilir?
Müsahiibimiz Türkdilli Ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının professoru, Azərbaycan Memarlar İttifaqının üzvü, bir çox maraqlı layihələrin müəllifi, memar Cahid Həsənovdur.

– Cahid müəllim, Azərbaycanda memarlıq və şəhərsalmanın bugünkü durumu barədə fikirlərinizi bilmək istərdik.
– Azərbaycan memarlığının qədim tarixi var. Ölkəmiz dünya memarlıq sənətinə qiymətli incilər bəxş etmişdir. Bu gün respublikamızda memarlıq və şəhərsalmanın yeni inkişaf mərhələsi başlanmışdır. Onu deyim ki, ölkəmizin tarixi simvoluna çevrilmiş Qız qalası, Şirvanşahlar sarayı kimi məşhur memarlıq abidələri mövcuddur. Son illər belə memarlıq simvollarının sayı artmaqdadır. Heydər Əliyev Mərkəzi, Üç alov qülləsi, Gimnastika İdman Sarayı, Kristal Holl, Xalça Muzeyi kimi tikililər buna misal ola bilər. Bu günlərdə UNESKO tərəfindən Bakının “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınması, bütövlükdə, paytaxtımızda görülmüş layiqli işlərin nəticəsidir.
– Məlum olduğu kimi , Bakı şəhərinin Baş planı hazırlanmışdır. Bu barədə nə deyərdiniz?
– Bu plan genişmiqyaslı bir layihədir. Bu gün Bakıda həqiqətən ciddi sıxlıq yaranmışdır. Bu sıxlıq getdikcə artmaqdadır. Mənim fikrimcə, Bakı şəhəri ərazisində olan bütün təhsil ocaqları, nazirlik və komitələr, diplomatik nümayəndəliklər ardıcıllıqla Bakının Qaradağ rayonu ərazisində yerləşdirilməlidir. Bəlkə də, bu ərazidə bir neçə yeni şəhərciyin salınmasına ehtiyac var. Onda Bakının mərkəzi, Milli park , Xəzər dənizi sahili rahat nəfəs alardı. 
– Sizin layihənizlə Bakıda və regionlarda bir neçə park və bulvarlar salınmışdır. Bu işin özəlliyi nədən ibarətdir?
– Mən həmişə landşaft memarlığına üstünlük vermişəm. Dünya memarlığında bu, yeni terminlə əvəzlənmişdir: “Yaşıl memarlıq”. Bilirsiniz, memarlıq inkişaf etdikcə yeni bir kreativlik tələb edir. Mən layihələndirdiyim bir çox bulvar və parklarda əvvəllər istifadə olunan layhələrdən tam kənara çıxdım. Belə ki, əraziyə ağırlıq gətirən təbii daşlardan istifadə etmədim, modern materiallarla klassik-modern fiqurlarının harmoniyasını yaratmağa çalışdım. Bu cür effektlər insanları park və bulvarda darıxmağa qoymur. Modern material, klassik-modern fiqur effektinin gözəl alınmasının Bakı şəhərindəki Gənclik parkında bir daha şahidi oldum. Gəncə bulvarı layihəmdə də bunları tətbiq etdim.Sumqayıt bulvarında bu stil artıq modern memarlığımızın ayrılmaz bir hissəsinə çevrildi. Hazırda Lənkəran bulvarı layihəmi də yekunlaşdırıram və əlaqədar qurumlara təqdim edəcəm.
 Bildiyimiz kimi, Bakı, Sumqayıt, Astarada çox gözəl bulvarlar salınmışdır. Mən istərdim ki, bu bulvarlar arası boşluqlarda da ­bulvarlar salınsın. 
– Siz heykəl yaradıcılığında material yeniliklərinə imza atmısınız. Bu, effekt verirmi?
– Yəqin ki, siz Gəncə şəhərində mənim layihəm əsasında inşa edilən “Əli və Nino” abidə kompleksini nəzərdə tutursunuz. Doğrudan da, “Əli və Nino” abidəsininin layihəsini işləyəndə yenilik etməyə çalışdım. Batumi şəhərində həmkarım, gürcü memar Tamara Kvesitadzenin layihələndirdiyi mükəmməl formatda metaldan “ Əli və Nino” abidəsi ucaldılmışdır. Bu heykəl Batumiyə turist axınını bir neçə dəfə artırdı. Həmin layihənin müəllifi Tamara xanımla danışıqlarımız da oldu. Ona dedim ki, mən də belə bir abidə layihəsini hazırlamaq istəyirəm. Paslanmayan polad materialdan iki gəncin modern layihəsini işlədim. Əgər bu heykəllər modern materialdan hazırlanmasaydı bu cür effektli olmazdı. 
Bu günlərdə Sumqayıt şəhərində yeni heykəl ucaldılıb. Şəhərin 70 illiyinə həsr olunmuş bu abidə də Əli və Nino kimi modern üslubda, paslanmayan metaldan hazırlanmışdır. Kişi və qadının əllərində Günəş və Ayın olması buradakı insanların gecə və gündüz əzmlə çalışdıqlarına işarədir. Buradakı heykəllərin başları üzərində yeddi uçan quş yerləşdirdik ki, bu da Sumqayıtın 70 illiyinə həsr olunmasına işarədir. Hələ Sumqayıtda bir neçə müxtəlif abidələr də qoyulacaqdır.
– Yeni layihələriniz varmı?
– Düşmənlərimizin özününküləşdirməyə ­çalışdıqları türkdilli ölkələrin simvoluna çevrilmiş məşhur “Sarı gəlin” xalq mahnımızın şərəfinə “Sarı gəlin” abidə kompleksini işləyib hazırlamışam. Bu barədə mətbuatda və televiziyada məlumat verilib. Bildiyimiz kimi uzun illərdir torpaqlarımızı işğal etmiş düşmənlərimiz tərəfindən bu məşhur mahnımız da oğurlanaraq, dünya ictimaiyyətinə erməni mahnısı kimi çatdırılır. “Sarı gəlin” musiqisinin sədaları altında hərəkət edəcək dinamikli su effektləri, mahnının sözlərində deyildiyi kimi, saçın ucun hörməzlər sözlərinin abidə kompleksinin dizaynında işlənməsi dünya memarlığında bir ilkdir ki, mahnının mətni ilə abidənin dizaynı bir-biri ilə vəhdət təşkil edir. İstərdim ki, bu abidə kompleksi qoyulacaq əraziyə “Sarı gəlin” parkı adı verilsin. İldə bir dəfə bu abidə ətrafında “Sarı gəlin” Beynəlxalq Musiqi festivalı keçirilsin.

 

Qələmə aldı: 
M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

8 Noyabr 2019 23:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə