Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı canlı xatirələrdə

Yeni nəşrlər

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı canlı xatirələrdə

Kitabxanada “Yeni kitablar” bölməsindəki kitablarla tanış olarkən nəzərimi Oqtay Sadıqovun “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı canlı xatirələrdə” əsəri cəlb etdi. “Elm və təhsil” nəşriyyatında bu il nəşr olunmuşdu. Müəlliflə şəxsən tanış deyildim və ad-familiyasına da ilk dəfə idi ki, rast gəlirdim. Adı elm aləmində çəkilməyən müəllifin nə yazacağı düşüncəsi ilə diqqətimi cəlb edən əsəri alıb oxumağa başladım. 

Kitabçada XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, soyqırımları canlı şahidlərin dillərindən eşidilmiş və yazıya alınmışdır. Burada diqqətimi çəkən məqamlardan biri, bəlkə də ən əsası o idi ki, biz bir millət kimi, bu canlı xatirələrin hamısını indiyə qədər toplayıb çap etməməkdə nələri itirmişik və nələri də itiririk. Axı “erməni” adlandırdığımız hayların, yaxud haykanların yazıb, çap və tərcümə edib dünyaya sırıdıqlarının hamısı uydurmalar üzərində qurulub. Bu düşüncə ilə kitabı oxumağa başladım. Rəvan dildə yazılmışdı və çox asan oxunurdu. 
Əsər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilən “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı canlı xatirələrdə” layihəsi çərçivəsində Qaçqın və Deportasiya Olunmuşlara Dayaq İctimai Birliyi tərəfindən nəşr edilmişdi. Hesab edirəm ki, həm müəllif, həm də adı çəkilən QHT əsərin çap olunmasında çox doğru iş görüblər. Yaxşı olardı ki, bölgələrimizin hamısının həyatında baş vermiş belə faciələr, nə qədər ki, gec deyil, toplanılıb nəşr edilsin. Bir müddətdən sonra bu hadisələr həm unudulacaq, həm də nəsil dəyişikliyi baş verəcək və onda da həmişəki kimi hər şey gec olacaq.
Müəllif elə girişdəcə bildirir ki, 1906-1907-ci illər soyqırımında atasının əmisi və iki dayısı, 1918-ci il soyqırımında 23 yaşlı əmisi, ata və anasının 30 nəfərə qədər yaxın qohumları ermənilər tərəfindən qətlə yetirilib. Onun haqqında danışdığı hadisələr Zəngəzurun ucqar kəndlərindən biri, qədim türk yurdu, 1905-1907-ci illərdə dəfələrlə erməni qəsbkarlarının təcavüzünə məruz qalmış, amma öz doğma torpaqlarını müdafiə edən, məlum 1918-ci il hadisələrində ermənilərin xarabalığa çevirdiyi, sonralar əhalisinin sağ qalmış qisminin qayıdıb qonşu Ərəfsə kəndində məskunlaşdığı Hortuyüz kəndin əhalisinin faciəsi barədədir. Bu kəndin camaatı XX əsrdə 3 dəfə ermənilər tərəfindən soyqırımına və deportasiyaya məruz qalmışdır. 
Əsər giriş, xatirələr və əlavədən ibarətdir. “Xatirələr”in özü də bir neçə bölməyə ayrılıb. Hər bölmədə müəllif müvafiq hadisələrdən bəhs edir. 
Kitabda diqqəti çəkən məqamlardan biri də müəllifin yeri gəldikcə Qarakilsə (Sisian) rayonunda ermənilərin yaşadığı kəndlərin adları haqqında məlumat verməsidir. Bu məlumatlar əsasında bəlli olur ki, həmin kəndlər ya keçmiş azərbaycanlı kəndləri olub, ya da yeni salınan kəndlərə də Azərbaycan dilində ad verilib, amma sovet hakimiyyəti illərində bu kəndlərin adı erməniləşdirilib. Bunlardan Ağkənd (Aşotavan), Təzəkənd (Tazagyuğ – Tasik), Uz (Uyts), Şəki (Şaki), Sisian (Hatsavan), Qarakilsə (Sisian), Urud (Vorotan), Şam (Şamb), Dulus (Tolors), Dərəbas (Darbas), Pirnəbi (Brnakot), Bazarçay (Spandaryan), Şinətağ (Lernaşen), Dərəkənd (Noravan), Əlili (Salvard) və s. adlarını çəkmək olar. 
Əsərdə ermənilər tərəfindən tamamilə məhv edilmiş kəndlər haqqında da qısa məlumat verilir. Bu kəndlərdən Ərikli, Şükar, İrimis, Qurdlar, Armudlu, Hortuyüz, Zabazadur, Ağayi, Pulkənd, Məzrə, Bəhrili, Ərəfsayi, Nalbənd, Şəhərcik və başqalarını göstərmək olar. 
Müəllif bütün bunların barəsində ümumiləşdirilmiş məlumat verir və bilavasitə tanıdığı adamların dilindən eşitdiklərini yazmışdır ki, bu da məlumatın etibarlılığını artırır.
Zəngəzur qəzasının maarif şöbəsinin müdiri Həşim bəy Hacıyevin 1918-ci il dekabrın 10-da “Azərbaycan” qəzetində dərc olunmuş arxiv məlumatının kitabçaya əlavə olunması da mühüm bir sənəd kimi onun dəyərini daha da artırır.
Hesab edirik ki, belə yığcam həcmdə nəşrlərin çapı həm oxunaqlı, həm də lazımi informasiya ilə zəngin olur. Belə nəşrlərin daha da çox olmasını arzu edərdik.

 

Lətifə Əsgərova-Surxəlizadə,
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu “Azərbaycan Respublikasının tarixi” şöbəsinin elmi işçisi 

8 Noyabr 2019 23:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə