Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli İldırımoğlunun “Xalq qəzeti”ndə “ustad dərsi”

Əli İldırımoğlunun “Xalq qəzeti”ndə “ustad dərsi”

İyirmi beş ilə yaxındır ki, “Xalq qəzeti” redaksiyasında çalışıram və hər dəfə işə gələndə Ulu Tanrıya min şükür edirəm ki, yüz yaşlı bu kollektivdə uzun illər çalışmış görkəmli söz adamlarının addımladığı pilləkənlərlə qalxmaq şansını mənə də verib. Qəzet oxuya biləcək yaşa çatdığımdan bugünədək “Kommunist” ( “Xalq qəzeti”) redaksiyasını müqəddəs məbəd hesab etmişəm. Mərhum baş redaktor Cəmil Əlibəyovla, qəzetin əməkdaşlarından Rafael Nağıyevlə, Alp Ağamirovla, Telman Heydərovla, Telman Əliyevlə, Firudin Rəsulovla, Feyzi Fərəcullayevlə söhbətlərimiz zamanı bu redaksiyanın tarixi barədə heç zaman yadımdan çıxmayacaq həqiqətləri eşitmişdim.

Ancaq bir müddət əvvəl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində qəzetimizin sayılıb-seçilən əməkdaşlarından olmuş Əşrəf Hacıyevın xatirəsinə həsr edilən tədbirdə, Yazıçılar Birliyinin Natəvan klubunda uzun illər bu kollektivdə çalışmış Əfqan Əsgərovun öz iştirakı ilə keçirilən 90 illik yubileyində, noyabrın 6-da redaksiyamızın akt zalında qəzetimizin keçmiş baş redaktoru, mərhum Rəşid Mahmudovun 90 illik yubiley tədbirində söz-sənət, informasiya məbədimiz haqqında daha çox və dəyərli, müfəssəl məlumatlar eşitdim. 
Heç kəs inciməsin, noyabrın 7-də iştirakçısı olduğum tədbir daha möhtəşəm idi. Çünki 35 il ( 1955 – 1990) bu qəzetdə çalışaraq mətbuata üzağlığı gətirmiş, Tanrının 93 yaşda da yazmaq, yaratmaq, ən başlıcası öyrətmək imkanı verdiyi Əli İldırımoğlu təxminən 30 ildən sonra redaksiyamıza gəlmişdi. Əli müəllimin ibrətamiz söhbətləri, dərs xarakterli tarixi faktları dilə gətirməsi, dövlətçiliyə sədaqət, siyasi ayıqlıq, jurnalist məsuliyyəti, qəzetçilik məharəti, insan ləyaqəti, Vətən sevgisi haqqında olan fikirləri o qədər dəyərli idi ki, həmkarlarımız həmin söhbətləri “ustad dərsi” adlandırdılar. Tərəddüd etmədən deyə bilərəm ki, biz ondan çox şey öyrəndik. 
Baş redaktor Həsən Həsənov qonağı təqdim edərək xatırlatdı ki, Əli İldırım­oğlu 1927-ci il noyabr ayının 17-də Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində anadan olmuşdur. Müharibənin gedişi ilə əlaqədar olaraq, kəndlərdə müəllim çatışmazlığı yaranmışdı. Ona görə də elə həmin il Əli İldırımoğlu Şuşa şəhərində açılmış müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilmiş, 1941-1942-ci dərs ilində ilk dəfə olaraq Məlikəhmədli kənd ibtidai məktəbində sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu, Xəndək ibtidai, Teymur Musganlı yeddiillik məktəblərində müəllim işləmişdir.
 Laçın Pedaqoji Texnikumunu, sonra isə Ağdam ikiillik Müəllimlər İnstitutunun tarix fakültəsini bitirdikdən sonra müəllim, tədris işləri üzrə direktor müavini, rayon maarif şöbəsinin inspektoru, "Avanqard" rayon qəzetinin məsul katibi, sonra isə redaktoru vəzifələrində çalışmışdır.1955-ci ilin yanvar ayından 1990-cı ilin sonuna qədər "Kommunist" qəzetinin xüsusi müxbiri kimi Naxçıvan, Qarabağ, Dağlıq Qarabağ, Mil–Muğan, Sumqayıt­Quba zonaları üzrə fəaliyyət göstərmişdir.
Yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət olan “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitablarının, “Həmin adam”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, iki hissədən ibarət olan “Zorən jurnalist”, “Aqibət”. “Qarlı gecələr”, “Daş yağan gün” romanlarının müəllifi olan Əli İldırımoğlu, həm də böyük bir insanlıq məktəbinin müəllifidir. Baş redaktor, eyni zamanda, həm qonağımız, həm də ev sahibi olan Əli İldırımoğlunun layiq görüldüyü mükafatların uzun bir siyahısı olduğunu bildirmişdir. 
Baş redaktorun birinci müavini Qüdrət Piriyev, redaksiyanın əməkdaşlarından Zərifə Bəşirqızı, Mehdi Mükərrəmoğlu, Ruslan Rəfizadə və başqaları Əli İldırımoğlunun jurnalist kimi prinsipiallığından, yazıçı kimi peşəkarlığından, vətəndaş kimi məsuliyyətindən, insan kimi sadəliyindən bəhs edən çoxsaylı faktları və hadisələri yada saldılar. 
Yazıçı -- publisistin özü isə əsərlərinin birində oxuculara ünvanladığı müraciətini xatırlatdı: “Ey anıb axtaranlarım! Allaha inamım, ata-babama ehtiramım, övladlarıma məhəbbətim, elimə-obama bağlılığım, Vətənə sədaqətim, gücsüzlərə köməkliyim, yazıqlara rəhmim, yolunu azanlara qəzəbim - əyilən qəddim, qıyılan gözlərim, pozulmuş səhhətim, yuxusuz gecələrim, narahat günlərim, gərginləşən əsəblərim -- sevincim, kədərim, tapdığım və itirdiyim uğurlar, dosta etibarım, gəncliyimin əzabları, ahıllığımın gileyləri kitablarımın əmanətindədir. Məni və “mən”imi bilmək istəsəniz ömür salnaməmin natamam parçası olan əsərlərimi vərəqləyin”.
Biz yığcam bir görüşdə həmin əsərlərin olduqca qısa olan bir variantını dinlədik. Həm də müəllifin öz səsi ilə. 
Ömrün uzun, canın sağ olsun, qocaman və uzman həmkarımız! 

 

İttifaq MİRZƏBƏYLİ, 
Elşən AĞALAR (foto),  “Xalq qəzeti”

 

8 Noyabr 2019 23:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə