Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xalq Bank” Mirzə Şəfi Vazehin külliyyatını Berlində oxuculara təqdim edib

“Xalq Bank” Mirzə Şəfi Vazehin külliyyatını Berlində oxuculara təqdim edib

“Xalq Bank”ın, “Q Gallery Berlin”nin və Azərbaycanın Almaniyadakı səfirliyinin dünyanın ən nüfuzlu təhsil ocaqlarından biri olan  Berlinin Humboldt Universitetində birgə təşkil etdiyi konfransda bildirilib  ki, bir zaman Tiflisdə Azərbaycan maarifçisi Mirzə Şəfi Vazeh alman şərqşünası Fridrix fon Bodenştedtə Şərq dillərindən və poeziyasından  mükəmməl dərs verib. Tələbəsi isə Vətənə döndükdən sonra müəlliminin poeziya toplusunu  alman oxucusuna təqdim edərək, onun bütün Avropada məşhurlaşmasına qapı açıb. 
Məclisi giriş sözü ilə açan universitetin professoru Eva Maria Aux Vazelə Bodenştedtin şərqşünaslıqda hadisəyə çevrilmiş Tiflis dostluğu, bu təmasların nəticəsi olan  “Şərqdə min bir gün” və “Mirzə Şəfi nəğmələri”nin ərsəyə gəlməsi tarixçəsi barədə məlumat verib. Vazeh yaradıcılığına Almaniyada marağın bu gün də böyük olduğunu vurğulayan alim, Mirzə Şəfi nəğmələrinin alman dilində 145 dəfə nəşr olunmasına baxmayaraq, Vazehin vətənində 3 dildə hazırlanan yeni kitabın alman oxucularına daha bir töhfə olduğunu söyləyib:
 –Bu təqdimat təkcə xoş bir gün kimi deyil, həm də vacib bir hadisə kimi yadda qalacaq. Almaniya--Azərbaycan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinin növbəti nümunəsini Mirzə Şəfi Vazeh və Fridrix fon Bodentştedt vəhdətində görürük. Mirzə Şəfi nəğmələrinin alman dilində 145 dəfə çap olunması faktı hər şeyi deyir.   
Azərbaycanlı vazehşünas, professor Fəxrəddin Veysəlli  isə Mirzə Şəfi yaradıcılığının XIX əsrin ortalarından başlayaraq Almaniyadan Qərb dünyasına yayılması fenomeninin bu gün də maraq və sual doğuran məqamlarına aydınlıq gətirib. Tarixçi professor Udo Ştaynbax isə bildirib ki, Almaniyada Vazehin şeirlərini bu gün də çoxları sevə-sevə oxuyur, amma müəllifi o qədər tanımırlar. Bu kitab və onun universitetdə təqdimatı həmin boşluğu doldurmaqda yardımçı olacaq.  
Təqdimatın “Q Gallery Berlin” incəsənət mərkəzində davam edən ədəbi-bədii hissəsində “Xalq əmanəti” layihəsinin rəhbəri, tanınmış teleaparıcı Rafiq Həşimov Mirzə Şəfi irsinin mükəmməl külliyyatının hazırlanmasında alman mənbələrinin önəmli rolunu qədirbilənliklə qeyd edib. O bildirib ki, misilsiz söz ustasının 225 illiyinə təsadüf edən və “Xalq Bank”ın nadir bir layihəsi çərçivəsində hazırlanan bu 18-ci nəşri böyük bir heyət 5 ildən artıq bir müddətdə ərsəyə gətirib. 
Rafiq Həşimov və aktrisa Kristiana Foqt şairin əsərlərini Azərbaycan və alman dillərində səsləndiriblər.  Vazeh poeziyasından qaynaqlanmış musiqilər məclisə xoş ovqat gətirib. Kristiana Foqt yüksək təəssüratını ifadə edərək deyib: “Vazehin şeirləri mənə Höteni xatırlatdı. Şərq ədibinin dil, üslub, ritm baxımından mənə bu qədər yaxın olacağını düşünməzdim. Şeirlər ruhumu bütünlüklə vəcdə gətirdi”. 
Sonda Mirzə Şəfi küliyyatının alman, Azərbaycan və rus dillərində  nüsxələri, “Xalq əmanəti” layihəsinin digər kitabları iştirakçılara  hədiyyə edilib. 

 

Tahir AYDINOĞLU, 
“Xalq qəzeti

8 Noyabr 2019 23:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə