Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fatu Bensuda: Liviyada sülh və sabitlik Qəddafinin oğlunun həbsindən asılıdır

Fatu Bensuda: Liviyada sülh və sabitlik Qəddafinin oğlunun həbsindən asılıdır

“Reuters” agentliyinin yaydığı məlumata görə, Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Fatu Bensuda BMT Təhlükəsizlik Şurasında Liviyada hərbi canilərin, o cümlədən Müəmmar Qəddafinin oğlu Seyf əl-İslamın məsuliyyətə cəlb olunması ilə bağlı hesabatla çıxış edib.  
Xanım Bensudanın sözlərinə görə, Liviyada zorakılığın artması fonunda Seyf əl-İslam Qəddafinin, habelə hərbi cinayətlərdə ittiham edilən ölkənin Daxili Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Xalid Ət-Tuhami və xüsusi təyinatlı qüvvələrin komandiri Mahmud əl-Verfalinin həbs edilərək ədalət məhkəməsi önünə çıxarılması vacib məsələdir. O əlavə edib ki, Qəddafi onun işi üzrə yurisdiksiyanı qəbul etmir və bu məsələyə noyabrın 11-12-də keçiriləcək Apellyasiya Məhkəməsində yenidən baxılacaq. F.Bensuda deyib: “Lakin Liviya hökuməti onu həbs etməli və məhkəmə qarşısına çıxarmalıdır”.
Baş prokuror deyib ki, hər üç şübhəli şəxsin yeri məlumdur: Ət-Tuhami hazırda Qahirədə, Qəddafi və əl-Verfali isə Liviyadadır. Sonuncu hətta Liviyanın hökumət qoşunlarına qarşı hərbi əməliyyatlarda iştirak edir və bu yaxınlarda vəzifəsi böyüdülüb.
Fatu Bensuda xəbərdarlıq edib ki, BMT-nin beynəlxalq dəstəyi olmadan Liviyada sülhə nail olmaq mümkün deyil. “BMT Təhlükəsizlik Şurasında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıram: Liviya sonu görünməyən qardaş qırğınına cəlb olunacaq. Liviyada sülh və sabitlik Qəddafinin oğlunun həbsindən asılıdır”. 
O əlavə edib ki, hərbi canilər törətdikləri ağır cinayətlərin cəzasız qaldığını görərək, daha da cəsarətli olublar, onların bu əməllərinin qarşısı isə beynəlxalq səviyyədə razılaşdırılmış tədbirlərlə alına bilər.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

8 Noyabr 2019 23:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə