Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial proqramlar uğurla həyata keçirilir

Sosial proqramlar uğurla həyata keçirilir

Dövlət başçısının sosial siyasətinin mərkəzində vətəndaşın rifahının təmin olunmasının dayandığını hamı yaxşı bilir. Ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələri, əldə olunan iqtisadi dividendlər, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilir, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır. 

Ötənilki prezident seçkilərindən sonra dövlət başçısının şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı imzaladığı fərmanla 12 mindən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində vəsaitin verilməsi ölkədə analoqu olmayan təşəbbüs kimi dəyərləndirilir.  
Respublikada inqilabi addımlar kimi qəbul edilən və Prezidentin yeni sosial paketi kimi təqdim olunan 18 iyun 2019-cu il tarixli sərəncamları ölkədə böyük əks-səda doğurub. Sərəncamlarla sosial islahatlar paketinin icrası nəticəsində minimum əməkhaqqı artırılaraq 250 manata, pensiyanın minimum məbləği isə 200 manata çatdırılıb. Həmçinin 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırılıb. Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib, 2 yeni təqaüd növü -- sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü təsis olunub. Habelə aylıq sosial müavinət alan I dərəcə əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü pensiya alan I dərəcə əlilliyi olan şəxslərə də şamil edilib. Sayı 80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olunub. 
Bu faktlar heç kimə adi rəqəm kimi görünməsin. Təkcə minimum əməkhaqqının bu artımı 950 min nəfərin (muzdla çalışanların azı 63 faizinin) maaşlarının artımına səbəb olub. Bu insanlardan 600 mini dövlət, 350 min nəfəri qeyri-dövlət sektorunda çalışanlardır. Qeyd edək ki, həmin 950 min nəfərin heç də hamısı 250 manatdan aşağı əməkhaqqı alanlar deyil və onların mühüm bir hissəsi maaşları 250 manatdan yuxarı olanlardır. 
Prezident İlham Əliyevin əhalinin güzəranının yaxşılaşması üçün qəbul etdiyi qərarlar, imzaladığı sərəncam və fərmanlar öz nəticəsini sosial həyatın hər sahəsində göstərir. Vətəndaşların problemli  kreditlərlə bağlı məsələsinin həlli də əhalinin böyük çoxluğunun müşkülünü aradan qaldırdı. Ölkənin iqtisadi və maliyyə imkanları artdıqdan sonra ilk növbədə vətəndaşları narahat edən bu məsələ ən yüksək səviyyədə tənzimləndi.  
Bundan başqa, əhalinin vaxtilə tikilmiş, ancaq istismara qəbul edilməmiş evlərlə bağlı problemləri də mövcud idi. Belə ki, çoxmənzilli binalarla bağlı sənədləşmə işləri aparılmamışdı, müəyyən çatışmazlıqlar var idi. Buna görə də o binalarda yaşayan vətəndaşlar əziyyət çəkirdilər. Bu məsələ ilə bağlı fərman imzalandıqdan sonra yaradılan komissiyanın gəldiyi nəticələrə əsasən evlərin, mənzillərin sənədləşdirilməsi prosesi başlandı. Görülən bu işlər nəticəsində üç milyon insan imzalanmış fərmanlardan bu və ya digər formada faydalanıb, vətəndaşların maddi vəziyyəti yaxşılaşıb, onları narahat edən problemlər öz həllini tapıb.
Dövlət başçısının sosial sahədə apardığı islahatlardan danışanda, səhiyyə sahəsində əldə edilən nəticələri də unutmaq olmaz. Prezidentin tapşırığı, qəbul etdiyi qərarların icrası ilə yarasız binası, köhnə avadanlığı olan səhiyyə müəssisələri təmir edilərək, yaxud yenidən tikilərək əhalinin istifadəsinə verilib. Həmçinin bu səhiyyə ocaqları ən zəruri avadanlıqlarla təchiz edilib. Səhiyyə sahəsindəki ən böyük uğur isə görülmüş işlərin davamı kimi ölkədə icbari tibbi sığortanın tətbiqidir. Çünki bu, səhiyyə sisteminin daha da sürətlə inkişaf etməsinə təkan verəcək. Gələn ildən ölkədə icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərinin daha da səmərəli istifadəsinə və əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına zəmin yaradacaq. Eyni zamanda, əhalinin səhiyyədən istifadəsinin əlçatanlığı təmin ediləcək. 
Özünüməşğulluq proqramının tətbiqi ilə kasıb təbəqənin sahibkarlığa keçidinə imkan yaranıb. Təqdir edilməli haldır ki, proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlilliyi olanlara, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlara və digər həssas qruplara üstünlük verilir. Ümumilikdə, cari ilin ötən dövründə 7000-dək şəxs özünüməşğulluq proqramına cəlb edilib. 2019-cu il ərzində 10 minədək ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.
Əvvəldə də dediyimiz kimi, dövlət başçısı tərəfindən görülən işlərin, həyata keçirilən tədbirlərin  yeganə məqsədi Azərbaycan vətəndaşının daha sağlam, təmin olunmuş və problemsiz yaşayışını təmin etməkdir. Bu yolda əldə edilənlərlə kifayətlənilmir, işlər davam edir, layihələr həyata keçirilir, proqramlar reallaşdırılır. 

 

Vüsal BAYRAMOV, 
iqtisad üzrə fəlsəfə doktoru

 

8 Noyabr 2019 01:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə