Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu abadlığı yaradanlara “var olun!” deyirik

Bu abadlığı yaradanlara “var olun!” deyirik

Bakının yaşıllıqlar şəhərinə çevrilməsi istiqamətində ulu öndər Heydər Əliyevin bütün dövrlərdə həyata keçirdiyi çox böyük işlər, qoyduğu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Təsadüfi deyil ki, Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet sahələrindən biri də ətraf mühitin mühafizəsini, həmçinin insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.

 Bu gün ölkədə ciddi əməli işlər görülüb, milyonlarla ağac əkilib, yeni park və xiyabanlar salınıb, yaşıllıqların miqyası isə ildən-ilə daha da artırılıb. Hara baxırsan, göz oxşayır, yenilik görürsən, saf ab-hava duyursan, zövq alırsan.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da ölkəmizdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələr, həyətlərin abadlaşdırılması, orada uşaqlar və yaşlılar üçün həm əyləncə, həm istirahət yerlərinin yaradılması sakinlər tərəfindən məmnunluqla qarşılanır.
Bu məsələyə noyabrın 4-də Azərbaycan Prezidenti ­İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən də toxunuldu. Cənab Prezidentin “Şəhərin abadlaşdırılması və inkişafı ilə bağlı daha hansı işlər görülüb?”-- sualına cavab verən E.Əzizov dedi: ”Sizin tapşırığınıza uyğun olaraq,  2018--2019-cu illərdə 273 nümunəvi məhəllə yaradılıbdır... İlk növbədə, Leyla xanım Əliyevanın və onun təsisçisi olduğu IDEA İctimai Birliyinin fəaliyyətini qeyd etməyə dəyər. Möhtərəm cənab Prezident, İctimai Birliyin səyləri nəticəsində bu gün Bakı şəhərində yeni bir format – məhəllələrarası parklar formatı tətbiq olunub və olunur. Bu ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib və bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxtı səmərəli keçirmək üçün şərait yaradılıbdır. İlin sonunadək daha 15 yeni nümunəvi məhəllə istifadəyə veriləcəkdir. Bizim hesablamalarımıza görə, yaxın illərdə hələ 743 bu cür layihə icra etmək mümkündür. Bu proses davam edir. Bu gün biz bir daha Heydər Əliyev Fondunun rəhbərliyinə və ilk növbədə, Leyla xanım Əliyevaya minnətdarlığımızı bildiririk”.
Həqiqətən də, indi bir çox binaların köhnə həyətlərindən əsər - əlamət qalmayıb. İDEA İB-nin layihəsi gerçəkləşdirilənədək binalarda yaşayan hər mənzil sahibi həyətdə kiçik bir sahəni zəbt edərək özü üçün istifadə edirdi. Uşaqların əylənməsi, yaşlıların istirahət etməsi üçün yer qalmamışdı. İndi isə abad həyətləri görəndə insanın üzü gülür, qəlbi sevinir. Dövlət başçısının istədiyi də məhz əhalinin rahatlığını, firavanlığını, dinc yaşayışını görməkdir. 
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Prezident təkcə paytaxtı – Bakını yox, ölkənin hər guşəsini abad görmək istəyir. Ona görə ki, həm vətəndaşlarımız normal istirahət edə bilsinlər, həm də bu gözəllik, səliqə-sahman, abadlıq əcnəbilərin gözünü oxşasın. 
Prezident İlham Əliyev dedi: “Şəhərin hər bir yeri bizim üçün əzizdir. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq. Onlar da, əlbəttə ki, özlərini Bakıda rahat hiss etməlidirlər. Ancaq biz, ilk növbədə, şəhər sakinlərinin problemlərini həll etməliyik”.
Bu il 31 oktyabr -- Dünya Şəhərlər Günü münasibətilə Bakı şəhərinin UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsi ölkəmiz üçün tarixi hadisədir. Bu, həmçinin Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir. 48 ölkədən seçilən 66 şəhərin arasında Bakının olması bizim üçün fəxarətdir. Çünki bu şəbəkə inkişafını yaradıcılıq -- musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir. Hazırda “Yaradıcı şəhərlər şəbəkəsi”nə 246 şəhər daxildir. Qeyd edək ki, Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvüdür.   Qürur doğuracaq faktdır ki, Cənubi Qafqaz regionunda yalnız Bakı və Şəki şəhərləri bu siyahıya salınıb.
Bakı gündən- günə böyüyür, gözəlləşir, öz simasını dəyişir. Dənizkənarı Milli Park, Filarmoniya bağı, Fəvvarələr meydanı, Zabitlər parkı, Sahil bağı, Xaqani bağı, S.Vurğun adına park, Zorge parkı, “Koala Park” əyləncə mərkəzi, Dədə Qorqud parkı, “Qış parkı” və digər istirahət məkanları bakılıların və şəhərimizin qonaqlarının sevə-sevə istirahət etdikləri yerlərdir. Burada həm uşaqların əylənməsi üçün yelləncəklər, karusellər, attraksionlar quraşdırılmış, həm də onların valideynlərinin, ahıl insanların istirahət etmələri üçün şərait yaradılmışdır. Bu rahatlığı, abadlığı yaradanlara “var olun!” deyirik.

 

Arzu BAĞIROVA, 
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri

 

8 Noyabr 2019 01:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə