Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnsan amili dövlət siyasətinin prioritetidir

İnsan amili dövlət siyasətinin prioritetidir

Əhalinin həyat səviyyəsinin yüksəldilməsi, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi  dövlət siyasətinin prioritetini təşkil edir. 2003-cü ildən ötən dövrdə əməkhaqlarının 7,5 dəfə, pensiyaların 10 dəfədən çox, həssas qruplara yönələn müavinət və təqaüdlərin dəfələrlə artırılması, yoxsulluğun 5 faizə enməsi də bunu  təsdiqləyir. Dövlətimizin başçısının  yeni iş yerlərinin açılması, məşğulluq imkanlarının getdikcə artırılması  istiqamətində həyata keçirdiyi tədbirlər ölkədə işsizliyin kəskin şəkildə azalaraq 5 faizə enməsi ilə nəticələnib. Ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar  əmək və məşğulluq sahəsinə də öz təsirini göstərib. 

2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən çox fərqlənir. Möhtərəm Prezidentimizin bu il ərzində təqdim etdiyi iki sosial paket bu siyasətin yüksək səviyyədə reallaşmasını, əhalinin rifahının yüksəldilməsi istiqamətində bir-birinin ardınca inqilabi xarakterli addımların atılmasını təmin edib. Dövlət başçısının bu ilin ilk aylarında təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180 manata, pensiyanın minimum məbləği isə 40 faizədək artırılaraq 116 manatdan 160 manata çatdırılıb. 
Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərir. Bu sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olunub. 
“Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırıldı. Artıq əhali pensiyalarını bu artımla alır. Bununla da cari ildə reallaşdırılan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış olur. Bununla ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu üstələdi. Xatırladım ki, ölkəmizdə yaşayış minimumu 180 manatdır. Bu, Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru olmaqla ölkəmizdə insan amilinin dövlət siyasətinin əsasını təşkil etməsindən xəbər verir. Yeni artımla Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci yerdədir.
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 25 fevral 2019-cu il tarixli sərəncamı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əsaslı dönüş yaratdı. 
Son 16 ildə məcburi köçkünlərin, şəhid ailələrinin, müharibədən əziyyət çəkən vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması ölkə başçısının diqqət mərkəzində saxladığı prioritet sahə olub. Bu dövrdə məcburi köçkünlər üçün yüzdən çox şəhərcik və qəsəbə tikilməsi bunun təsdiqidir. Təkcə keçən il 5900 məcburi köçkünə mənzillər, fərdi evlər verilmişdir. Həmin proses bu il də davam etdirilir. Şəhid ailələrinə dövlət tərəfindən dəstək göstərilməsi artıq mütəmadi xarakter alıb. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə isə minik avtomobilləri verilmişdir. Dünyanın heç bir ölkəsində ağır vəziyyətdə yaşayan, o cümlədən yaxınlarını itirmiş vətəndaşlara, məcburi köçkünlərə və aztəminatlı ailələrə bu qədər diqqət və qayğı göstərilmir.
Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, növbəti ildə əməkhaqqı və pensiyalar yenə də artırılacaq. Növbəti ilin əvvəlindən hər kəsin pensiyasında orta aylıq əməkhaqqının artımına uyğun olaraq, 14-15 faiz məbləğində daha bir artım olacaq.

 

Məlahət İBRAHİMQIZI, 
Milli Məclisin deputatı, 
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

8 Noyabr 2019 01:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə