Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Turizm qeyri-neft sektorunda prioritet istiqamətlərdəndir

Turizm qeyri-neft sektorunda prioritet istiqamətlərdəndir

Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf etməkdədir. Prezident İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə demişdir: “Qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.

Söz yox ki, bu inkişafda turizmin də öz payı var. Son illər qeyri-neft sektorunun bu sahəsinə xüsusi diqqət göstərilir. Çünki Azərbaycanın zəngin turizm potensialına malik olması və ölkədə turizm infrastrukturunun son illər sürətli inkişafı qeyri-neft sektorunun bu istiqaməti üzrə ölkəyə böyük gəlirlər vəd edir.
Turizmin inkişafı artıq dönməz xarakter almışdır. Son bir-iki il ərzində bu sahədə sürətli inkişafın şahidiyik. Cənab Prezident iqtisadiyyatla bağlı əksər çıxışlarında turizm sahəsinə xüsusi diqqət yetirir. Dövlət başçısı yeni otellərin tikintisinin vacib olduğunu qeyd edir. Deyir ki, yerli icra orqanları şərait yaratmalıdırlar, yerlər ayırmalıdırlar və özəl sektor bu sahəyə fəal investisiya qoymalıdır.
 2004-cü ildən bəri həyata keçirilən regionların sosial iqtisadi inkişafı dövlət proqramları bölgələrimizin simasını dəyişib. Bu gün ucqar dağ kəndlərimizdə belə yüksək səviyyəli infrastruktur formalaşdırılıb. Bütün kəndlərin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi ilə təminatı, eləcə də kommunikasiya xətlərinin daha da müasirləşdirilməsi yönümündə addımlar atılır. Yəni regionlarda görülən məqsədyönlü tədbirlər ölkəmizin ümumi daxili məhsulunda turizm sənayesinin payının əsaslı şəkildə artmasını şərtləndirir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üç illiyinə həsr olunmuş konfransda da Prezident İlham Əliyev məhz bu məsələyə xüsusi toxunaraq deyib: "Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir. Bizim çox gözəl təbiətimiz var. Bəlkə nadir ölkələrdən biriyik ki, burada istənilən təbii şərait, istənilən iqlim var".
Turizm sektorunun inkişafı paytaxtda və regionlarda məşğulluq məsələsinə də öz müsbət təsirini göstərir. Bu gün ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Bununla yanaşı, bu sektorda xidmət səviyyəsinin get-gedə yüksəlməsi də əcnəbi turistlərin ölkəmizə marağını artıran amillər sırasındadır.
Azərbaycanda turizm sektorunun inkişafı keyfiyyət və kəmiyyət baxımından da yeni mərhələyə qədəm qoyur. Burada yeni infrastrukturun yaradılması, xidmət səviyyəsinin yüksəldilməsi ilə yanaşı, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin və idman yarışlarının da xüsusi payı göz önündədir.
“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması haqqında” (1 sentyabr 2016-cı il), “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” (2017-ci il 20 fevral) sərəncamları ölkədə qeyri-neft sektorunun perspektivli sahələrindən olan turizmin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “ASAN viza” sistemi ölkəmizə səfər edən əcnəbi vətəndaşların sayının qısa müddətdə sürətli artımını təmin etmişdir.
Xüsusilə, ötən bir il müddətində turizmin inkişafına diqqət daha da artırıldı. Bu sahədə aparılan struktur islahatları gələcək fəaliyyəti stimullaşdırmaq üçün imkanlar yaratdı. Belə ki, 2018-ci ildə ayrıca Dövlət Turizm Agentliyi yaradıldı. 2018-ci il sentyabrın 20-də isə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” yeni sərəncam imzalandı və agentliyin nizamnaməsi və strukturu təsdiq olundu.
 “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, yerli və regional turistlər üçün sağlamlıq turizmi üzrə tələbatın yenidən formalaşdırılması, qış turizminin inkişafının dəstəklənməsi, mədəni turizm marşrutlarının yaradılması və davamlı turizm potensialının gücləndirilməsi (kənd turizmi, ekoturizm və s.), habelə işgüzar turizmin inkişafı istiqamətində müvafiq işlərin görülməsi davam etməkdədir.
Strateji Yol Xəritəsində paytaxt Bakının dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi məqsədilə Milli Turizm Təbliğat Bürosu yaradıldı. Büro Bakı şəhərinin beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi və fərqli səviyyələrdə təkrar brendin seçimi və marketinq işlərinin əlaqələndirilməsi, eləcə də turistlərin məmnunluğunun artırılması istiqamətində fəaliyyəti həyata keçirir.
Azərbaycan dünyanın turizm xəritəsində özünə layiqli yer tutmaqdadır. Turistlər ilin bütün fəsillərində ölkəmizdə gözəl istirahət edə bilərlər. Şahdağ Turizm Mərkəzinin, Tufandağ Qış–Yay Turizm Kompleksinin fəaliyyətə başlaması ilə ölkəmizdə turizmin mövsümiliyi aradan qalxıb. İndi paytaxtda və digər şəhərlərdə dünyanın məşhur brend otelləri fəaliyyət göstərir, turistlərə göstərilən xidmətin çeşidi və keyfiyyəti də ildən-ilə yüksəlir.
Bundan başqa, keçmişdə Qafqaz regionundan keçərək Avropa ilə Asiyanı birləşdirən qədim ticarət marşrutu şəbəkəsi olan “Böyük İpək Yolu” mədəni turizm marşrutu turistlər üçün cəlbedicidir. Eləcə də, müxtəlif maraq seqmentlərinə aid olan turistlər üçün ölkənin cəlbediciliyini daha da artırmaq məqsədilə “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda şərab yolu”, “Azərbaycanda alman izləri”, “Azərbaycanda polyak izləri”, “Babaların tarixi zəfər və şəhadət yolu” kimi mədəni turizm marşrutları yaradılmış, bəzi marşrutlar pasportlaşdırılmışdır. 
Statistik göstəricilərə görə, turizm Azərbaycanda daim inkişaf edən sektorlardan birinə çevrilmişdir. Belə ki, son 5 ildə Azərbaycanda turizm sektorunda xidmət göstərən sahibkarlıq subyektlərinin və turizm məqsədilə gələn xarici ölkə vətəndaşlarının sayında sabit artım müşahidə edilir. 
Azərbaycan dünyanın bir sıra ölkələrində beynəlxalq turizm sərgilərində təmsil olunur. Bu isə ölkəmizin turizm potensialının təbliğində əhəmiyyətli rol oynayır.
Mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycanın 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevrilməsi başlıca hədəflərdən biridir. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri məkanlardan birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdən ibarətdir.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

8 Noyabr 2019 01:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə