Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qeyri-neft sənayesində yüksək göstəricilər qeydə alınır

Qeyri-neft sənayesində yüksək göstəricilər qeydə alınır

Azərbaycanın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirir, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradır. Təsadüfi deyildir ki, dünyada gedən siyasi-iqtisadi böhran fonunda Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə, iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edir.

Bu baxımdan dövlətimizin başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, yeni sənaye sahələrinin yaradılması, ən müasir texnologiyalar təmin edilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir.

İqtisadi tərəqqidə “Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir” prinsipini strateji kurs kimi müəyyənləşdirən Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması və s. vəzifələr uğurla gerçəkləşdirilir.
Azərbaycanda ÜDM-in strukturunda sənayenin üstün artım tempi qlobal trend olaraq dördüncü sənaye inqilabı ilə səsləşir. Sənayenin ÜDM-də xüsusi çəkisinə görə, Avropada ön sırada gedən respublikamız  hazırda sənayenin strukturunda neftdən qeyri-neft bölməsinə uğurlu keçid edir. Təkcə son iki ildə qeyri-neft sənayesində əsas kapitala yönəldilən investisiya 70 faizə yaxın artıb. Təsadüfi deyil ki, Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında qeyri-neft sənaye məhsullarının (neft-kimya, polad, alüminium, ərzaq, müdafiə sənayesi, elektrik enerjisi və s.) həcmi getdikcə yüksəlir. Eyni zamanda, Azərbaycanın liderliyi ilə Xəzər sahilindən başlamış (Sumqayıt Kimya Sənaye Parkı başda olmaqla) Gürcüstan üzərindən Türkiyədə Aralıq dənizi sahilinə (Petkim) uzanan nəhəng bir kimya kompleksi yaradılıb. Buna görə də Azərbaycan artıq beynəlxalq aləmdə bir sənaye dövləti olaraq regionun təkcə enerji mərkəzi deyil, həm də neft-kimya sənayesi mərkəzi kimi tanınıb.  
Bu ilin doqquz ayının yekunlarına diqqət yetirəndə daha çox nəzərə çarpan qeyri-neft sektorunda artım tempinin  daha yüksək olması faktıdır. Belə ki, hesabat dövründə bu sahə üzrə ümumi daxili məhsulda 3 faiz, qeyri-neft sənayesində isə 15 faiz artım qeydə alınıb. Bu isə neft sənayesində əldə edilən artımın mərhələli şəkildə qeyri-neft sektoruna transfer olması deməkdir. Belə bir vəziyyət, həm də ondan xəbər verir ki, qeyri-neft sektoru əldə edilən iqtisadi artıma dominant olaraq təsir göstərir. Yeri gəlmişkən, qeyd edək ki, hazırda qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımdan daha yüksəkdir. Bu, eyni zamanda, 2015-ci ildən sonra dərinləşmiş islahatlar nəticəsində iqtisadiyyatın mərhələli şəkildə şaxələnməsinin real nəticələrinin olmasından xəbər verir. Digər sahələrdə, eləcə də aqrar, turizm, xidmət sektorlarında artım tempinin proqnozlaşdırıldığından daha çox olması, makroiqtisadi sabitliyin qorunub saxlanması da cari ilin doqquz ayının əsas iqtisadi nəticələri kimi xarakterizə olunmalıdır. 
Bu gün dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesinin inkişafı məqsədilə sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi diqqət mərkəzində saxlanılır.  
Hazırda respublikamızda mövcud 5 sənaye parkında 44 rezident qeydiyyatdan keçib ki, bunlardan da artıq 24-ü fəaliyyət göstərir. İndiyədək sənaye parklarına 5,7 milyard manat investisiya yatırılıb, 9 minə yaxın iş yeri açılıb. Sənaye parklarına rezidentlər tərəfindən daha 673 milyon manat yatırılması və əlavə olaraq 1,5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye parklarında buraxılan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac edilir. Bu ilin 9 ayında sənaye parklarında 564 milyon manatlıq məhsul hazırlanıb ki,  bunun 233 milyon manatlıq hissəsi ixraca yönəldilib.   
Sənaye parklarında yüksək nəticələrə nail olmaq üçün rezidentlərin səmərəli fəaliyyəti məqsədilə hər cür şərait yaradılıb, vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq edilib. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunublar.  Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılıb, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilib.
Sənayenin inkişafı kiçik və orta biznesin imkanlarını daha da genişləndirir. Buna misal olaraq, Azərbaycanda kimya sənayesinin inkişafı məqsədilə Sumqayıt Kimya Sənaye Parkında istismara verilən “SOCAR Polymer” MMC-ni qeyd etmək olar. Artıq sözügedən MMC-nin polipropilen, inşaat kimyəviləri, əlvan metallar və ferroərintilər zavodları, tütün məmulatları istehsalı fabriki istifadəyə verilib. Bundan başqa, parkın ərazisində elektron təhsil avadanlıqları, şüşə və saxsı məmulatların istehsalı müəssisələri fəaliyyətə başlayıb. 
“SOCAR Polymer” zavodlarının istismarı dövründə 6,6 milyard dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq. Bundan başqa, “SOCAR Polymer” tərəfindən dövlət büdcəsinə istismar müddəti ərzində ümumilikdə 600 milyon dollar məbləğində vergilərin ödənilməsi nəzərdə tutulur. Şübhəsiz ki, bu da ölkənin ümumi daxili məhsulunun artmasına öz müsbət təsirini göstərəcək.   
İlkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 14 faizdən çox artıracaq. Cari ildə yeni müəssisələrin istismara verilməsi də nəzərdə tutulur.
Burada diqqətçəkən bir məqamı da xatırlatmaq istərdik. “SOCAR Polymer” müəssisəsi  artıq ölkənin aqrar sektorunun inkişafına da öz müsbət təsirini göstərməyə başlayıb. Belə ki, “Aqrolizinq” ilə “SOCAR Karbamid” MMC arasında 25 min ton karbamid gübrəsinin alınması üçün müqavilə imzalanıb. Müqavilənin imzalanması “Aqrolizinq”  tərəfindən 2018-2019-cu əkin ili üzrə qeydə alınan və 2019-2020-ci əkin ilində proqnozlaşdırılan əkin sahələrinin karbamid gübrəsinə olan tələbatın hesablanması əsasında həyata keçirilib. İyulun 15-də karbamid məhsulunun ilk alqı-satqısı reallaşıb.
Sənayenin inkişafında yeni və mütərəqqi mexanizmlərdən olan sənaye məhəllələrinin təşkili də uğurla davam etdirilir. Ölkənin regionlarında 4 sənaye məhəlləsi yaradılıb. Bu sənaye məhəllələrində 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si artıq fəaliyyət göstərir. Sənaye məhəllələrinə indiyədək sahibkarlar tərəfindən 53,8 milyon manat investisiya yatırılıb, 650-dən çox iş yeri açılıb. Sənaye məhəllələrinə daha 90 milyon manatdan çox sərmayə yatırılacaq ki, bu da əlavə olaraq 1400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.
Hazırda ölkənin digər bölgələrində də sənaye zonalarının yaradılması ilə bağlı araşdırma və təhlillər aparılır. Bu ilin sonunadək bölgələrdə daha 2 sənaye zonasının (sənaye parkı və ya məhəlləsi) təşkili barədə təkliflər aidiyyəti üzrə təqdim ediləcək.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

 

8 Noyabr 2019 01:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə