Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xalq Bank” Mirzə Şəfi Vazehin külliyyatını Berlində alman oxucularına təqdim edib

“Xalq Bank” Mirzə Şəfi Vazehin külliyyatını Berlində alman oxucularına təqdim edib

Xəbər verdiyimiz kimi, “Xalq Bank”ın ölkəmizdə və Azərbaycanı öyrənən xarici mərkəzlərdə qısa müddətdə nüfuzlu nəşr silsiləsi kimi populyarlaşan “Xalq əmanəti” layihəsinin növbəti 18-ci kitabı böyük Azərbaycan mütəfəkkiri və maarifçi şairi Mirzə Şəfi Vazehin yaradıcılıq irsinə həsr olunub. Şərqdə və Qərbdə “Gəncəli müdrik” kimi şöhrətlənmiş ustad sənətkarın anadan olmasının 225-ci ildönümündə işıq üzü görən bu nadir toplu ölkəmizdə və ondan kənarda Vazehin poetik irsini əhatə edən ən mükəmməl nəşr kimi dəyərləndirilir. 

Layihə müəllifləri “Xalq Bank”ın mərkəzi ofisinin rəsm qalereyasında “Xalq əmanəti” seriyasından “Mirzə Şəfi Vazeh – bütün əsərləri” toplusunu Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin, poeziyasevərlərin və media təmsilçilərinin iştirakı ilə ictimaiyyətə təqdim etdikdən sonrakı aylarda bu nəşrin sorağı 170 il əvvəl Mirzə Şəfi Vazehin şöhrətinin bütün Avropaya yayıldığı Almaniyaya da çatıb. “Xalq Bank”ın yaradıcı qrupu bugünlərdə  Mirzə Şəfi Vazehin həmin külliyyatını Berlinin Humboldt Universitetində alman oxuculara təqdim edib.

Xalq Bankın, “Q Gallery Berlin”nin və Azərbaycanın Almaniyadakı Səfirliyinin dünyanın ən nüfuzlu təhsil ocaqlarından biri olan  Berlinin Humboldt Universitetində birgə təşkil etdiyi konfransda bildirilib  ki, bir zaman Azərbaycan maarifçisi Mirzə Şəfi Vazeh alman şərqşünası Fridrix fon Bodenştedtə Şərq dillərindən və poeziyasından  dərs verib. Tələbəsi isə müəllimini alman oxucusuna təqdim edərək onun bütün Avropada məşhurlaşmasına qapı açıb.

Məclisi giriş sözü ilə açan universitetinin professoru Eva Maria Aux Vazelə Bodenştedtin şərqşünaslıqda hadisəyə çevrilmiş Tiflis dostluğu, bu təmasların nəticəsi olan  “Şərqdə min bir gün” və “Mirzə Şəfi nəğmələri”nin ərsəyə gəlməsi tarixcəsi barədə məlumat verib. Vazeh yaradıcılığına Almaniyada marağının bugün də böyük olduğunu vurğulayan alim Mirzə Şəfinin vətənində 3 dildə dərc olunan yeni kitabın  alıman oxucularına da töhfə olduğunu söyləyib: “Bu təqdimat təkcə xoş bir gün kimi deyil, həm də vacib bir hadisə kimi yadda qalacaq. Almaniya--Azərbaycan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinin növbəti nümunəsini Mirzə Şəfi Vazeh və Fridrix fon Bodentştedt vəhdətində görürük. Mirzə Şəfi nəğmələrinin alman dilində 145 dəfə çap olunması faktı hər şeyi deyir”.  

Azərbaycnlı professor Fəxrəddin Veysəlli  isə Vazeh yaradıcılığının XIX əsrin ortalarından başlayaraq Almaniyadan Qərb dünyasına yayılması fenomeninin bu gün də maraq və sual doğuran məqamlarına aydınlıq gətirib.

Almaniyanın nüfuzlu tarixçi professoru Udo Ştaynbax bildirib ki, Mirzə Şəfi Vazehin yenidən və belə gözəl şəkildə alman dilində dərc olunması onun çox sevindir: “Almaniyada Vazehin şeirlərini bugün də çoxları sevə-sevə oxuyur, amma müəllifi o qədər də tanımırlar. Çağdaş alman oxuscusunun Mirzə Şəfi Vazeh və Bodenştedtin yaradıcılıq əlaqələrindən və bunun hər iki xalqa verdiyi gözəl tohfələrdən də geniş məlumatı yoxdur. Düşünürəm ki, bu kitab və onun universitetdə təqdimatı bu boşluğu doldurmaqda yardımçı olacaq”. 

Poeziyası Qərbdə əfsanəvi dərəcədə nəğmələşmiş Mirzə Şəfi ilə bağlı təqdimatın Berlin “Q Gallery Berlin” incəsənət mərkəzində davam edən ədəbi-bədii hissəsində “Xalq əmanəti” layihəsinin rəhbəri, tanınmış teleaparıcı Rafiq Həşimov Mirzə Şəfi irsinin mükəmməl küliyyatının hazırlanmasında alman mənbələrinin önəmli rolunu qədirbilənliklə qeyd edib. O bildirib ki, misilsiz söz ustasının 225 illiyinə təsadüf edən və “Xalq Bank” nadir bir layihə çərçivəsində hazırladığı bu 18-ci nəşri böyük bir heyət 5 ildən artıq bir müddətdə ərsəyə gətirib.

Mirzə Şəfi Vazeh yaradıcılığıdan bəhs edən çıxışlardan sonra növbə  poeziya və musiqiyə çatıb. Rafiq Həşimov və alman aktrisa Kristiana Foqt şairin əsərlərini azərbaycan və alman dillərində səsləndiriblər.  Vazeh poeziyasından qaynaqlanmış musiqilər məclicə təntənə gətirib.

Kristiana Foqt yüksək təəssüratını ifadə edərək deyib:Vazehin şeirləri mənə Höteni xatırlatdı. Şərq ədibinin dil, üslub, ritm baxımından mənə bu qədər yaxın olacağını düşünməzdim. Şeirlər ruhumu bütünlüklə vəcdə gətirdi”.

Sonda Mirzə Şəfi küliyyatının alman, azərbaycan və rus dillərində  nüsxələri, “Xalq Əmanəti” layihəsinin digər kitabları iştirakçılara  hədiyyə edilib.

 

Tahir AYDINOĞLU, 
“Xalq qəzeti”

7 Noyabr 2019 15:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə