Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bayrağa, Vətənə, anda sədaqət

Bayrağa, Vətənə, anda sədaqət

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Bayrağa, Vətənə, anda sədaqət” adlı vətənpərvərlik tədbiri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata deyilir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət bayrağı hərbi orkestrin müşayiəti ilə salona gətirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, ərazilərimizin bölünməzliyinin, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan Dövlət bayrağı haqqında ətraflı məlumat verib, Azərbaycanın tarixi bayraqları tədbir iştirakçılarına təqdim olunub. Azərbaycan əsgərinin digər dövlət rəmzləri kimi bayrağımıza da həmişə sədaqət nümayiş etdirdiyi, bu bayraq altında Ali Baş Komandanın əmrlərinə hər an hazır olduğu vurğulanıb.

Ulu öndər Heydər Əliyevin “Azərbaycanın Dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır. Azərbaycanın dövlət bayrağı müstəqil Azərbaycanın başının üstündə dalğalanır. Bu yüksəklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcək!” və dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada da dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” fikirləri səsləndirilib.

Azərbaycan idmançılarının, eləcə də ordu idmançılarının olimpiadalarda, dünyanın bir çox mötəbər idman yarışlarında qalib olaraq Azərbaycanın Dövlət himnini səsləndirməsi, bayrağımızı qaldırması barədə  fəxrlə söhbət açılıb.

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, Aprel döyüşlərinin iştirakçısı general-mayor B.Orucov çıxış edərək bildiriblər Azərbaycan Ordusu bu bayrağın daim Vətənimizin başı üzərində əzəmətlə dalğalanması naminə dövlətimizin başçısının apardığı məqsədyönlü daxili və xarici siyasəti ürəkdən bəyənir və dəstəkləyir.

Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunda və Aşqabadda keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin hücum diplomatiyasına keçərək, dünyanın gözü qarşısında Ermənistanın siyasi-hərbi rəhbərliyinə, küçədən hakimiyyətə gəlmiş Nikol Paşinyanın sərsəm bəyanatlarına kəskin cavab verməsi və onu yerində oturtması Azərbaycan Ordusunun şəxsi heyətində də böyük ruh yüksəkliyi yaratdığı qeyd olunub.

Ali Baş Komandanın Rusiyanın məşhur “Kommersant” qəzetinə müsahibəsi zamanı dediyi “XXI əsr türk dünyası əsri olacaq!” kəlamı alqışlarla qarşılanıb. Bir millət, iki dövlətin bayraqları yanaşı salona gətirilib. Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi parad xatırlanıb. Azərbaycan və Türkiyə qardaşlığına, dostluğuna həsr olunmuş mahnılar ifa edilib.

Əməkdar mədəniyyət işçisi Solmaz Kosayevanın şəhid analarının dilindən etdiyi “Şəhidlər önündə əyilən bayraq tezliklə Şuşaya sancılmalıdır!” çağırışı böyük qələbəyə inam hissini daha da artırıb.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin, eləcə də tanınmış incəsənət ustalarının iştirakı ilə bayrağa həsr olunmuş ədəbi, xoreoqrafik kompozisiyalar təqdim olunub, Azərbaycan bayrağını tərənnüm edən yeni mahnılar ifa edilib.

Tədbirdə Abdulla Qurbaninin sözlərinə bəstəkar Azad Zahidin yazdığı “Uçuşa hazırıq” mahnısının təqdimatı olub. Azərbaycanın hərbi pilotlarına həsr olunmuş mahnı Elnur Məmmədovun ifasında maraqla qarşılanıb.

Vətənpərvərlik tədbirində qoşun növlərinin, Bakı Qarnizonundakı hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələri bir daha Bayrağa, Vətənə, dövlətə, xalqa sonsuz sədaqətlərinin ifadə ediblər.

 

“Xalq qəzeti”

7 Noyabr 2019 14:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə