Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Çinar” rəqs ansamblının 60 illiyi qeyd edilib

“Çinar” rəqs ansamblının 60 illiyi qeyd edilib

Dövlət Akademik Filarmoniyasında Azərbaycan Tibb Universitetinin (ATU) “Çinar” Rəqs Ansamblının 60 illik yubileyi təntənə ilə qeyd edilib. Tədbirdə Səhiyyə naziri Oqtay Şirəliyev, Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət və  turizm naziri Əbülfəz Qarayev və digər qonaqlar iştirak ediblər.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli mərasimdə açılış nitqi ilə çıxış edərək respublikamızda incəsənət və mədəniyyətin inkişafına dövlət səviyyəsində dəyər verildiyini qeyd edib. “Şairlər yurdunun rəqqasə qızı Əminə xanım Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Prezidentin 4 sentyabr 2019-cu il tarixli sərəncamı bunu bir daha sübut edir. Bu sərəncamda Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətləri olan Əminə xanımın 100 illik yubileyi ilə əlaqədar tədbirlər planının hazırlanması tapşırılıb. Əminə xanım ömrünün 47 ilini  Azərbaycanda ilk qadın ansamblı olan “Çinar” rəqs qrupuna həsr edib”.

G.Gəraybəyli bildirib ki, 1959-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunda yaradılan  “Çinar” rəqs ansamblı qısa müddətdə tamaşaçıların rəğbətini qazanıb. Ansamblın Moskvada keçirilən  “Azərbaycan mədəniyyəti günləri”ndəki çıxışı çox bəyənilib. Ansambl yarandığı ilk gündən dünyanın müxtəlif ölkələrində  uğurla çıxış edərək Azərbaycan rəqsinin, mədəniyyətinin nə qədər zəngin olduğunu dünya xalqlarına göstərib.  60 il ərzində 1000-dən artıq tələbə ansamblın üzvü olub: “Bu tələbələr istedadları ilə digərlərindən fərqləndiklərindən ansambla üzv ediliblər. Onlar həkimlik sənəti ilə yanaşı, rəqsin incəlikləri ilə də dərindən tanış olublar. Təsadüfi deyil ki, Əminə xanımı “Azərbaycan rəqs sənətinin şahzadəsi” adlandırırlar. Onun əsasını qoyduğu “Çinar” rəqs ansamblı bu gün də universitetimizdə  ustad sənətkarın ənənələrini şərəflə  davam etdirir”.

Çıxışlardan sonra “Çinar” rəqs ansamblının tarixi, fəaliyyəti haqqında film izlənilib. Tədbirdə yubileyi qeyd edilən “Çinar” rəqs ansamblının hazırladığı səhnəciklər və rəqslərlə yanaşı, tələbələrin ifası da səslənib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 Noyabr 2019 14:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə