Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Əliyə biət edəcəkmi?

Əli Əliyə biət edəcəkmi?

Əli Əliyə biət edəcəkmi?

Bəzi müxalifət partiyaları və müxalifyönlü ekspertlərin noyabrın 5-də Müsavat Parti­ya­sının qərargahında “Dəyirmi masa”sı keçirildi. Dünəndən bəri “Dəyirmi masa” ilə bağlı xeyli rəylər, təhlillər və münasibətlər yayılmaqdadır – çoxu da məhz ironik, istehsa və lağ-lağı üslubunda.   “Niyə”mi? – “Niyə”si bir masa çevrəsində oturanların keçmişdə bir-biri ilə münasibətləri – daha doğrusu, bir çoxunun arasındakı MÜNASİBƏTSİZLİK və gələcəyə baxışlarının qeyri-səmimiliyi ilə bağlıdır. Elə həmən də vurğulayım ki, gələcəklə bağlı öncəgörənlük etmirəm, bu, o masadakıların münasibət və münasibətsizliklərinin bəlli xa­rakterinə əsaslanır.

Necə bilirsiz, bu fərqli dünyaların adamları, fərqli ideoloji dünyabaxışı olan, qəlibləşmiş yoldaşlar, bəylər bu yaşdan sonra köklü şəkildə dəyişə biləcəklər, eləmi? Mən deyim ki, bu mümkünsüzdür, siz yadınızda saxlayın. Sağlıq olsun, çox keçmədən hər şey gün kimi aydın olacaq. Zatən Əli Kərimli masasonrası feysbuk statusunda onunçün Milli Şuranın prioritet olduğunu yazıb.

Bir də, adama deyərlər, nə uğrunda “dəyirmi masa”laşırsız?  Dövlətə, dövlətçiliyə, isla­hat­lara dəstək üçünmü?  “Qarabağ uğrunda mübarizədə Ali Baş Komandanın, dövlətin yanın­da­yıq!” ismarıcı üçünmü?

Partiya sədrinin adının Arif olması, hər yanında bir Əli otuzdurması, yaxud bir ixtiyar Əlinin zaman-zaman söydüyü iki müsavatçı (keçmiş və indiki) rəhbər arasında əyləşməsi düz deyil. Bəlkə, Əli İnsanov AXCP--Müsavat intriqalarının hakimi təyin edilib, xəbərimiz yoxdur? Bəlkə kinodramaturq İbrahimbəyovu “ağgün”ə çıxarmış media eksperti Mehman Əliyev indi də həkim İnsanovu “maarif”ləndirəcək? Necə bilirsiz, Əli İnsanov-- Əli Kərimli siyasi izdivacından nə törəyə bilər, nə? Ya deyirsiz ki, iki Əlidən biri o birinə -- Kərimli İnsanova biət edəcək, eləmi? Yoxsa yanaşı oturan İsa Qəmbərlə Əli İnsanov bir-biriylə o qədər səmimidirlər ki, akademikin “faşist” və s. ittihamları keçmiş sədr tərəfindən unudulub?

***

Yazının başlığında bir dini ifadə keçir: “Biət”. İslam sözlüyündə “biət” dedikdə, “imama (və ya əmrə) bağlılıq, sədaqət məqsədi ilə verilən söz” başa düşülür. Fikir verin, sözlükdə “biət”dən həmən sonra “bidət” gəlir: “Dində olmayıb, dinə istinad edilən, özəlliklə sünnəyə əks olan şeylər”. Və nə qərib, əlifba sırasına uyğun olaraq, “bidət”dən sonra “cahil”in açıqlaması verilib. Yəni, “elm­siz, savadsız (Allahını doğru-düzgün tanımayan)”... Bəli, o masada eyni­ par­tiyanı bölüşməyənlər arasında, birinin o birisinin liderliyini qəbul etməsi  mümkün görünmür. Rəhmətlik Əbülfəz Elçibəyə prezidentliyə namizəd olmağı güzəşt etməyənlər indi qoca akademikəmi güzəşt edəcəklər?

Qoca demişkən, yazarların da vurğuladığı kimi, “Dəyirmi masa” çev­rəsində siz bir yeni sima gördünüzmü?  Özlərinə rəqib bildikləri iqtidar komandası gənc kadrları geniş­ planda çox məsul vəzifələrə irəli çəkdiyi bir vaxtda bu köhnəliklə, bu qoca müxaliflərlə haraya varılır? Digər yandan, bəs başqa müxalifət partiyaları, müxalifyönlü ekspertlər niyə masada yox idilər? Bəs hanı, demokrat idiniz, bəs hanı, yenilkçi idiniz? Budurmu, sizin üfqi genişliyiniz? Budurmu sizin dərinliyiniz?

Qüsura baxmasanız, sözümü dahi Üzeyir bəy Hacıbəylinin ölməz “O olmasın, bu olsun” əsərindən bir parçaya xitabən (və o üslubda) tamama yetirmək istərdim: “Mən yenə povtarit eyləyirəm ki, mənim qəsdim qoca akademiki askarbit eyləmək deyildir; ancaq mən onu yetirmək istəyirəm ki, pozvolte, qoca akademikin nəyi, hansı yönü Arif bəylərə xoş gəlibdir ki, onu “Dəyirmi masa”ya çağırıb, ürək tərəfində (keçmiş başqanla öz arasında) əyləşdirib, adını da siyahıda başda yazıb, ilk sözü də ona verir? – Demokratlığı? Xeyr! Əli İnsanov, ərz eylədim ki, demokrat deyil.​ Cavanlığı (yeni sima olması)? Xeyr, İnsanov qocadır. Bəs nəyi? Neujeli akademikin pulu, malı, dövləti?”.. (İstəyən, “Xeyr, xeyr” deyib, davam edə bilər. Məndən bu dəfə üçün bu qədər…)

 

Əkbər QOŞALI,
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri

7 Noyabr 2019 14:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə