Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Siyavuş Novruzov: Müxalifətin dəyirmi masası sünidir və sadəcə gündəmə gəlmək cəhdidir

Siyavuş Novruzov: Müxalifətin dəyirmi masası sünidir və sadəcə gündəmə gəlmək cəhdidir

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, müxalifətin bir neçə nümayəndəsinin keçirdiyi dəyirmi masa sadəcə gündəmə gəlmək cəhdidir. Vaxtilə ölkəni uçuruma sürükləmiş, xaos və anarxiya mühiti yaratmış, torpaqların işğalına rəvac vermiş bir qrup insan yığılıb ora və Azərbaycanın gələcəyi haqqında hər hansı bir qərar qəbul etmək istəyir. Bu şəxslər indiyə qədər siyasətdə biabırçı şəkildə məğlub olublar və indi yenidən ortaya çıxıblar ki, guya bunları Azərbaycan maraqlandırır, Azərbaycanın problemi maraqlandırır.

Siyavuş Novruzov qeyd edib ki, dəyirmi masaya yığışanların bir qrupu vaxtilə hakimiyyətdə olub: “İstər İsa Qəmbər, istər Əli Kərimli, istərsə də Arif Hacılı hakimiyyətdə olduqları zaman xalqın başına nə oyun açdıqları hamının yaxşı yadındadır. Dəyirmi masada Hikmət Hacızadə də var idi. Onu haradan tapıblar, o nə vaxtdan siyasətçi olub? Rusiyada səfir də işləyə bilmədi, yola saldılar gəldi. Bu cür insanlara Azərbaycanın taleyini etibar etmək olar? Bunlara bir orta məktəbin idarəçiliyini belə tapşırmaq olmaz.

Pənah Hüseynin özü vaxtilə hakimiyyətdə təmsil olunanda insanların başına oyunlar gətirirdilər, Azərbaycanın dövlət büdcəsində olan vəsaiti talamışdılar. Bunlar hamısı xalqın yadından çıxmayıb. İndi gəlib humanizmdən, demokratiyadan danışırlar. Qısa müddət ərzində hakimiyyətdə olduqları zaman ən böyük anti-demokratik hərəkətləri bunlar etdilər.

İsa Qəmbər Ali Sovetin sədri, Pənah Hüseyn baş nazir, Əli Kərimli də dövlət katibi idi. O zaman bu “demokratlar” Yeni Azərbaycan Partiyasının qurultayını Bakıda keçirməyə imkan vermədilər”.

S.Novruzov vurğulayıb ki, Gəncə hadisələri zamanı İsa Qəmbər deyirdi ki, bomba töküb camaatı qırsaq belə hakimiyyəti əlimizdən verməməliyik: “Gəncə kimi şəhəri bombalamaq istəyən adam indi guya xalqın qədrinə qalır. Və yaxud da Surət Hüseynovun qorxusundan qaçıb Kələkidə gizlənən Əli Kərimli xalqı necə qoruya bilər?

Əli İnsanov indi yanaşı oturduğu İsa Qəmbər haqqında vaxtilə demişdi ki, “İsa Qəmbər genetik xəstədir”. İndi görəsən o xəstədən ona hər hansı bir infeksiya keçəcək, yoxsa yox? İndi Əli İnsanov İsa Qəmbərin yanında oturub və hər dəqiqə ayağa qalxıb ona təşəkkürünü, minnətdarlığını bildirir, halbuki, vaxtilə İsa Qəmbərin yeddi arxa dönəmini təhqir edirdi.

Vaxtilə Əli İnsanov insanları işdən qovurdu, onların işə bərpa olunması ilə bağlı məhkəmə qərarlarını cırıb atırdı ki, “mən qanundan üstünəm”. Əli İnsanov belə işləyirdi və korrupsiyaya qurşanmış adam idi. Məhz bu əməllərinə görə o, vəzifəsindən uzaqlaşdırıldı, həbs olundu. İndi bu adam nə millət dərdi çəkəcək? Və yaxud demokratiyadan danışanlar necə korrupsionerlə bir yerdə oturur? Ona görə ki, bunlar üçün dəyər yoxdur, bunlar üçün pul var, şəxsi maraqlar var. Xalq, millət onlar üçün arxa plandadır. O dəyirmi masada olanlar hərəsi bir qütbdə, ayrı-ayrı baxış bucağı altında olan adamlardır. Onların birgə fəaliyyəti qeyri-mümkündür.

Yəni o dəyirmi masada oturan hər bir insan barədə kifayət qədər məlumat var. Bunların hər biri artıq tarixin qaranlıq bir arxivindədir. Ona görə də təzədən ortaya çıxıb nəsə etmək çox gecdir, qatar artıq gedib. Müxalifət konstruktiv olmalıdır, Vətənə, millətə, dövlətçiliyə xidmət etməlidir. Ölkədə dağıdıcı müxalifətə,təxribatçı qüvvələrə qarşı hamılıqla mübarizə aparmalıyıq. Ancaq bu radikal-dağıdıcı ünsürlər islahat etmək istəyəndə kimisə ya partiyadan uzalqaşdırırlar, ya ona qarşı ciddi təhqirlərə başlayırlar”.

S.Novruzov vurğulayıb ki, bu dəyirmi masa sadəcə gündəmdə qalmaq cəhdidir: “Onlar insanların yadından çıxıb. Bilirsiniz ki, qarşıdan parlament seçkiləri gəlir. Bu baxımdan, bu dəyirmi masa özlərini yada salmaq üçün bunların əlində bir vasitədir. Bilirsiniz ki, AXCP ilə Müsavat arasında heç vaxt birgə seçki fəaliyyəti olmayıb. Bunlar arasında daim mübarizə olub, daxilən bir-birinə düşmən kimi baxıblar. Bu gün də süni şəkildə dəyirmi masada bir yerdə olduqlarını göstərməyə çalışdıqlarına baxmayaraq, sabah mətbuatda bir-birilərinə necə ağır ittihamlar yağdıracaqlarının şahidi olacağıq”.

 

"Xalq qəzeti”

6 Noyabr 2019 15:50 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə