Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 20 milyon ton neft hasil edilib

“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 20 milyon ton neft hasil edilib

Bu ilin üç rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 541 000 barel və ya ümumilikdə təqribən 148 milyon barel, yəni 20 milyon ton neft hasil edilib.

Bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda bildirilir.

Üç rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (41 000 barel), “Mərkəzi Azəri” (133 000 barel), “Qərbi Azəri” (121 000 barel), “Şərqi Azəri” (92 000 barel), “Dərinsulu Günəşli” (95 000 barel) və “Qərbi Çıraq” (59 000 barel) platformalarından birlikdə – gündə orta hesabla 541 000 barel və ya ümumilikdə təqribən 148 milyon barel, yəni 20 milyon ton olub.

Bildirilir ki, üçüncü rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub. Üçüncü rübün sonuna qədər AÇG-də 9 neft hasilat quyusu qazılıb".

Qeyd edək ki, AÇG-də iştirak paylarına BP (30,37%), SOCAR (25,0%), “Chevron” (9,57%), “İnpex” (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), ONGC Videsh Limited (OVL) (2,31%) malikdir.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Xatırladaq ki, AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

5 Noyabr 2019 14:40 - İQTİSADİYYAT
İQTİSADİYYAT
30 Oktyabr 2019 | 12:04
İşgüzar görüş

Köhnə versiyamızdan xəbərləri izlə