Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşsizlikdən sığorta fondunun 2020-ci il üçün büdcə xərcləri

İşsizlikdən sığorta fondunun 2020-ci il üçün büdcə xərcləri

İşsizlikdən sığorta fondunun 2020-ci il üzrə büdcəsinin 128,2 milyon manat təşkil edəcəyi planlaşdırılır ki, bu da 2019-cu ilə nisbətən 30 faiz çoxdur. Fondun 2020-ci il büdcəsinin əsas xərc istiqaməti kimi, 63,7 milyon manat vəsaitin özünüməşğulluq proqramının icrası işlərinə, proqrama cəlb olunanların kiçik təsərrüfat və müəssisələrini yaratmaları üçün onlara aktivlərin alınmasının maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.

Həmçinin fondun gələn ilki büdcəsindən işsizliyə görə sığorta ödənişləri üçün  5 milyon manat, peşə hazırlığı və əlavə təhsil kurslarının və peşəyönümü məsləhət xidmətlərinin, əmək yarmarkalarının və əmək birjalarının təşkili, “E-əmək birjası” portalının yaradılması, peşə standartlarının hazırlanması üçün 9,5 milyon manat ayrılması nəzərdə tutulur.  Haqqı ödənilən ictimai işlərin təşkilinə isə fonddan  2 milyon manat ayrılması planlaşdırılıb.

Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müddətli (3, 6, 9 ay və 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 3 milyon manat yönəldilməsi də fondun 2020-ci il üçün büdcə layihəsinin xərclər istiqamətlərinə daxildir.

Gələn il DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi, növbəti ildə yeni DOST mərkəzlərinin və 2 regional peşə tədrisi mərkəzinin yaradılması, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, Dövlət Məşğulluq Xidmətinin saxlanması, elektron xidmətlərin genişləndirilməsi və s. işlərdə də İşsizlikdən sığorta fondu mühüm dəstək olacaq. Bu istiqamətlər üzrə fonddan 43 milyon manat vəsait yönəldilməsi nəzərdə tutulur.

Habelə sosial müdafiəyə ehtiyacı olanların məşğulluğu üçün məqsədli proqramlar, əmək hüquqlarının həyata keçirilməsi üçün digər aktiv tədbirlər üçün fonddan ayrılması planlaşdırılan vəsait 2 milyon manat təşkil edir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

5 Noyabr 2019 10:51 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə