Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıdakı hərbi parad Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu göstərdi

Bakıdakı hərbi parad Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu göstərdi

Sentyabrın 15-də Azərbaycan paytaxtının mərkəzindəki Azadlıq meydanında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Bakı şəhərinin daşnak-bolşeviklərindən azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirildi. Tədbir bütün ölkə ictimaiyyəti tərəfindən istər canlı şəkildə, istərsə də televiziya vasitəsilə çox böyük maraqla izlənildi. 
Həmin gün bütün Azərbaycan xalqı böyük bayram əhval-ruhiyyəsi içində idi. Təsadüfi deyil ki, düz 100 il əvvəl -- 1918-ci il sentyabrın 15-də Bakı yadelli silahlı qüvvələrdən, xüsusən millətimizin qanını içən erməni daşnak qüvvələrindən azad edilərək Azərbaycanın paytaxtı statusunu almışdı. Paradda iştirak edən, eləcə də tədbiri maraqla izləyən hər kəsin ürəyində Qafqaz İslam Ordusuna, onun komandanı Nuru paşaya, Bakını və Azərbaycanı işğalçılardan təmizləyən bütün türk əsgərlərinə qarşı minnətdarlıq duyğuları qaynayırdı. Builki zəfər bayramı Türkiyə-Azərbaycan qardaşlığının, sədaqət və etibarın rəmzinə çevrildi. Ümummilli liderimiz Heydər Əliyev Türkiyə və Azərbaycan xalqlarının dostluq, qardaşlıq əlaqələri haqqında “Bir millət, iki dövlət” kəlamını təsadüfən işlətməmişdi. Bu parad Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz və əbədi olduğunu bir daha nümayiş etdirdi. 
Sonra bir-birinin ardınca tribunanın önündən keçən hərbi hissələr, onların döyüş bayraqları izləyicilərdə qürur hissi oyatdı. 2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər rayonlarında və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək min hektarlarla ərazinin nəzarətə götürülməsində xüsusilə fərqlənmiş hərbi hissələrin döyüş bayraqlarını da paradda gördük. Bakının Azadlıq meydanında Türkiyə Respublikası Silahlı Qüvvələrinin ayrı-ayrı hərbi hissələrini görmək də sevindirici idi. Azərbaycan və Türkiyə silahlı qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçdilər. Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələrinin uçuşu oldu. “Mi-17” tipli iki helikopterin Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını səmada dalğalandırması insanın qəlbini riqqətə gətirirdi. “Su-25” hücum təyyarələri Bakı səmasında Azərbaycanın dövlət bayrağının təsvirini yaratdı. Türkiyə Silahlı Qüvvələrinin “Türk ulduzları”nın uçuşlarını xüsusi zövqlə izlədik. 
Daha sonra Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın xalqla təmasa girmələri, insanlarla mehribancasına söhbət etmələri, şəkil çəkdirmələri yaddaqalan tarixi anlar oldu. Ümumiyyətlə, Bakının azad edilməsinin 100 illiyi ilə bağlı keçirilmiş parad həm Türkiyə-Azərbaycan qardaşlığının möhkəmlənməsində, həm də insanlarımızda sabaha ümid yaranmasında əvəzsiz rol oynadı.

Musa URUD, 
Milli Məclisin deputatı 

 

17 2018 21:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin