Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan – Türkiyə dostluğu ən yüksək zirvədədir

Azərbaycan – Türkiyə dostluğu ən yüksək zirvədədir

Bizim birliyimiz bütün sahələrdə özünü büruzə verir. Təkcə bu il Prezident Rəcəb Tayyib Ərdoğanla mənim altı görüşüm olmuşdur – ikisi Azərbaycanda, ikisi Türkiyədə, ikisi isə beynəlxalq tədbirlər çərçivəsində. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir və hər görüşün böyük əhəmiyyəti var. Siyasi əlaqələr bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik.
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 sentyabr 2018-ci il

 

 

Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir.
Rəcəb Tayyib ƏRDOĞAN 
Türkiyə Cümhuriyyətinin Prezidenti
Bakı, 15 sentyabr 2018-ci il

 

 

 

“Zaman ən ədalətli hakimdir!” ifadəsini çox eşitmişik. Sentyabrın 15-də Azərbaycan paytaxtında şahidi olduğumuz cah-cəlalın, təmtərağın sevinc hisslərini yaşayarkən, məhz həmin ifadə yadımıza düşdü. Zaman doğrudan da çox ədalətli hökmünü verdi və biz 100 il əvvəlki qurtuluş döyüşümüzün ildönümünü təkbaşına deyil, bilavasitə həmin qurtuluşun müəlliflərindən olan türk xalqının nümayəndələri, qardaş ölkənin prezidenti ilə birlikdə qeyd etdik. 
Bakı şəhərinin o zamankı bədxahlarımızdan, düşmənlərimizdən azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi parad haqqında – fikrimizcə, həmin tədbir təkcə hərbi deyil, həm də hisslərin, duyğuların mənəvi paradı idi – çoxsaylı rəy və mülahizələr eşitdik. Fikrimizi hamısı bir-birindən dəyərli olan həmin fikirlər arasından ikisini təkrar olaraq yada saldıqdan sonra davam etdirmək istəyirik. 
Birincisi, parad keçirilən günün sonunda redaksiyamızın qonağı olan türkiyəli hərbçi, istefada olan general-leytenant Namiq Kamal Çalışqan qeyd etdi ki, tarix iki ölkə və xalq arasında münasibətləri bütün dünya üçün örnək olan bir məcraya yönləndirmişdir. 1918-ci ildə bir neçə cəbhədə döyüşlər aparan və ağır durumda olan Osmanlı dövləti türk düşmənlərinin soyqırımına məruz qalmış və müstəqilliyini elan etmiş azərbaycanlı qardaşların aqibətini öz taleyindən ayrı saymamış, igid oğullarını dərhal onun harayına göndərmişdir. Bu gün biz bu hünərin və sədaqətin dünyaca ünlü üzağlığına yığışmışıq. 
İkincisi, televiziya jurnalistlərindən biri dedi: - Qocaman bəstəkar Tofiq Bakıxanovun “Xalq qəzeti”nə bu paradla bağlı verdiyi müsahibənin sərlövhəsi bütövlükdə bütün azərbaycanlıların ürək sözü olduğuna və həqiqəti ifadə etdiyinə görə bir çox soydaşlarımızın gözünü yaşartdı: “Biz yaşlı nəsil belə paradı çox arzulamışdıq.” Çox arzuladığımıza görə də Tanrı qismət elədi.
Nəhayət, bu yubiley tədbiri keçirildi və Azərbaycan – Türkiyə dostluğunun, qardaşlığının, strateji tərəfdaşlığının ən ali nümunəsi kimi bütün dünyaya sübut etdik ki, hansısa qara qüvvələrin “kiçik ölkə” kimi qələmə verdiyi Azərbaycan Respublikası siyasi mübarizələr meydanında tək deyildir. 
Sentyabrın 15-də Bakı öz tarixinin ən əlamətdar günlərindən birini yaşadı. Türk dünyasının iki qüdrətli dövlətinin prezidentlərinin iştirakı ilə keçirilən qardaş orduların hərbi paradının sədasını, demək olar ki, eşitməyən olmadı. Dostlarımız eşidib fəxr etdilər, düşmənlərimizin isə bağrı qan oldu. 
Azərbaycvan Prezidenti ­İlham Əliyevin bayram çıxışına bədxahlarımızın başında ildırım kimi çaxan “Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik” – sözləri ilə başlaması isə Azərbaycan torpaqlarını işğal altında saxlayan bədnam qonşularımıza mesaj kimi səsləndi. Dövlət başçımız əlavə etdi ki, yüz il bundan əvvəl Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycan korpusu ilə birlikdə Bakını işğalçılardan azad etdi: “Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan və Türkiyə vətəndaşlarını ürəkdən təbrik etmək istəyirəm. Azərbaycanın rəmzlərindən biri olan “Azadlıq” meydanından bütün türk bacı-qardaşlarımıza səmimi salamlarımı, sevgimi, məhəbbətimi çatdırıram”.
Türk əsgərinin daim ədalətli mübarizə apardığını, heç bir xalqa və ya dövlətə qəsdçilik, qərəzçilik etmədiyini, əksinə həmişə sülhün və bərabərhüquqlu birgəyaşayışın tərəfdarı olduğunu xatırladan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, biz dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkəyik: “Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir”.
Elə Azərbaycan Prezidenti də öz çıxışında həmin məsələyə toxunmuş və demişdi ki, biz bu meydanda yan-yanayıq, şəhidlərimiz isə Bakıdakı Şəhidlər xiyabanında yan-yanadırlar: “Biz bu gün əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəhidlərimizin məzarlarını ziyarət etdik. Onların məzarları yan-yanadır”.
Dövlət başçımızın çıxışındakı Türk Ordusuna minnətdarlıq hisslərinin miqyası, ölçüsü hesabagəlməz dərəcədə idi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. İlk dəfə olaraq, müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz fəxr edirik ki, bu respublikanı yaradan Azərbaycan xalqı olmuşdur. Ancaq gənc müstəqil Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Azərbaycan hökuməti öz ərazisinə tam nəzarət edə bilmirdi. Bakı şəhəri və bir neçə başqa şəhər işğal altında idi. Azərbaycan hökuməti Gəncə şəhərində yerləşmiş və orada fəaliyyət göstərmişdi. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi ilə Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi”. 
Doğrudur, 2018-ci il sentyabrın 15-də Bakıda Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə keçirilən möhtəşəm hərbi parad siyasi və mənəvi baxımdan çox böyük əhəmiyyətə malik tarixi hadisə idi. Ancaq qətiyyətlə deyə bilərik ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra – həm ulu öndər Heydər Əliyevin dövründə, həm də 2003-cü ilin payızından etibarən bu dostluq, qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün kifayət qədər addımlar atılmışdır. 
Mustafa Kamal Atatürk və Heydər Əliyev ideyalarına sadiqlik göstərən Ankara və Bakı, sözün həqiqi mənasında, daim bir-birinin süvincinə də, kədərinə də şərik olublar. 15 sentyabr 1918-ci il tarixinin ölkəmizdə qeyd olunması türk birliyinin, qardaşlığının nümunəsidir. Tarixi dönəmlərdə baş verən döyüşlərdə düşmənə qarşı birgə mübarizə aparan hər iki xalqın ərənləri üçün Çanaqqala savaşı nə qədər müqəddəsdirsə, Azərbaycanın müstəqilliyi yolunda, Qarabağ müharibəsində şəhid olan soydaşlarımız da türk xalqı üçün eyni dərəcədə unudulmazdır. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün siyasi, hərbi yardımını əsirgəməyən Türkiyədə Xocalı soyqırımının qurbanları, Qarabağ döyüşlərində həlak olan şəhidlər ehtiramla yad olunur.
Heç kəsin yadından çıxmayıb. Bu il iyun ayının 24-də Türkiyədə keçirilən prezident seçkilərində AKP-nin namizədi, Azərbaycana olan məhəbbəti ilə xalqımızın da hörmətini qazanan Rəcəb Tayyib Ərdoğanın qələbəsi hər iki ölkə arasında davam edən qarşılıqlı əməkdaşlığın yeni, daha geniş sferada inkişafını şərtləndirirdi. Türkiyə kimi qüdrətli dövlətə başçılıq missiyasını davam etdirən Rəcəb Tayyib Ərdoğanın qələbəsinin Azərbaycan –Türkiyə birliyinin ifadəsi olan TANAP-ın açılışı günlərinə təsadüf etməsinin özü rəmzi xarakter daşıyırdı.
Həmin günlərdə cənab Ərdoğanı qələbə münasibətilə təbrik edən Prezident İlham Əliyevin məktubunda qeyd olunurdu ki, xalqının Rəcəb Tayyib Ərdoğana etimadı qardaş Türkiyənin hərtərəfli inkişafı və çiçəklənməsi yolunda genişmiqyaslı fəaliyyətə verilən yüksək qiymətdir. Dərin tarixi kökləri olan və möhkəm təməllər üzərində qurulan, davam edən qarşılıqlı inama, etimada əsaslanan dövlətlərarası münasibətlər müttəfiqliyin, strateji tərəfdaşlığın zirvəsinə yüksəlmişdir.
Prezidentin məktubunda deyilirdi: “Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirdiyimiz layihələr regionun inkişafında, Avropa və Asiya arasında mühüm enerji kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır. Birgə gerçəkləşdirdiyimiz Bakı-Tbilisi –Ceyhan, Bakı-Tbilisi-Ərzrum, neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, bu yaxınlarda açılışını etdiymiz TANAP layihəsi uğurlu əməkdaşlığımızın parlaq nümunəsidir”. 
Xatırladaq ki, bu ilin aprelində Azərbaycanda, iyununda isə Türkiyədə prezident seçkiləri keçirilmişdir. Seçkilərdən sonra hər iki dövlət başçısının ilk qarşılıqlı səfərlərini dost və qardaş olan ölkələrimizə etməsinin təməlində də tarixi köklərə bağlılıq, dünyada baş verən hadisələrə eyni mövqedən yanaşma, türk birliyinin maraqlarının ifadəsi kimi mühüm amillər dayanır. Hazırda ən yüksək səviyyədə olan dövlətlərimiz arasındakı qarşılıqlı etimad, əlaqələrin sarsılmazlığı öndərlərimizdən ərmağan qalan irsə hörmət və etimaddır. 
 Bu birlik qlobal enerji layihələrinin həyata keçirilməsində də, Dağlıq Qarabağ ətrafında aparılan danışıqların sülh yolu ilə başa çatmasında israrlı olan Azərbaycanın mövqeyinin bütün səviyyələrdə dəstəklənməsində də, saxta erməni soyqırımı ilə əlaqədar qəbul olunan ədalətsiz qərarlara etiraz olunmasında da, ümumiyyətlə, Türkiyə ilə Azərbaycanın eyni mənbədən qaynaqlanan mənafelərinin müdafiəsində daha qabarıq şəkildə özünü büruzə verir.
Elə bir beynəlxalq tədbir ola bilməz ki, Azərbaycan və Türkiyə nümayəndələri eyni mövqedən çıxış etməsinlər. 2015-ci ilin noyabrında Antalyada keçirilən “Böyük iyirmilər”in (G20) sammiti hələ də siyasi analitiklərin təhlil mövzusu olaraq qalır. Çünki həmin tədbirə ev sahibliyi edən Türkiyənin dəvəti ilə ölkəmizin qüdrətli dövlətlərlə eyni məclisdə iştirakı qürurverici idi. 
Bundan başqa, Türkiyə- Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının uğurla davam etdirilməsi, birgə fəaliyyətlə bağlı aparılan müzakirələr Türkiyə-Azərbaycan əlaqələrini möhkəmləndirməklə dünyada baş verən hadisələrə də müsbət təsirini göstərir. Ümumiyyətlə, ikitərəfli formatda uğurlu fəaliyyət göstərən, iqtisadi, enerji, təhsil, mədəni sahədə əməkdaşlığı yeni mərhələlər üzrə inkişaf etdirən, beynəlxalq təşkilatlarda siyasi baxışları eyni , bir-birinə dəstək olan Türkiyə ilə Azərbaycanın dostluğu bütün istiqamətlər üzrə inkişafdadır.
Ölkələrimiz eləcə də, Avropa Şurası, ATƏT, BMT, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edirlər. Bu addımlar isə hər iki ölkənin birliyini və həmrəyliyini, bütünlükdə, türk dünyasının gücünü artırır, ölkələrimizin regional təhlükəsizlik məsələlərinə töhfəsini verir. Reallıq budur ki, bölgədə nəhəng enerji, infrastruktur layihələrinin yaradılması təşəbbüsü məhz Azərbaycanla Türkiyəyə məxsusdur. Qlobal, bütün dünya üçün önəmli olan təşəbbüslərin nəticəsidir ki, tarixdə ilk dəfə olaraq Xəzər dənizi Aralıq dənizi ilə “Əsrin müqaviləsi”nin məntiqi nəticəsi kimi birləşdi və bu əlamətdar hadisə özlüyündə böyük bir nailiyyət kimi dəyərləndirildi.
Azərbaycan – Türkiyə dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin ən ali səviyyədə olduğunu Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 15-dəki paradda söylədiyi fikirlərdən seçdiyimiz sitatla tamamlayırıq: “Bu gün Bakı şəhəri Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Küçələrdə, binalarda, hərbi gəmilərdə, səmada Türkiyə və Azərbaycan bayraqları dalğalanır. Bu gün bu möhtəşəm mərasimi təkcə Bakı şəhərinin sakinləri yox, bütün dünya görür. Milyonlarla insan Türkiyə və Azərbaycanda, milyonlarla soydaşımız xaricdə bunu görür və haqlı olaraq qürur hissi keçirir”.

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

17 2018 21:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin