Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Ermənistanın Dağlıq Qarabağda referendum keçirmək hüququ yoxdur

Deputat: Ermənistanın Dağlıq Qarabağda referendum keçirmək hüququ yoxdur

Ermənistan Qarabağda referendum keçirmək təklifi rəsmi Yerevanın münaqişə tərəfi olduğunu bir daha sübuta yetirmiş olur.

Deputat Elman Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi səsləndirməsinə münasibətini açıqlayarkən bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır: "Dağlıq Qarabağ adlı ayrıca inzibati qurum yoxdur ki, orada nəsə bir tədbir keçirəsən. 1991-ci il noyabrın 26-na qədər Dağlıq Qarabağ Muxtar Vilayəti var idi, həmin vaxt bu qurumun statusuna xitam verildi və bu gün də mövcud deyil. Hazırda orada tanınmamış separatçı cinayətkar qurum fəaliyyət göstərir".

E.Məmmədov qeyd edib ki, Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək barədə təklifi beynəlxalq hüquq normalarına ziddir: "Paşinyan güc tətbiqi, küçə etirazları ilə hakimiyyəti zəbt eləyən adamdır. İkinci tərəfdən, Ermənistanın Dağlıq Qarabağa nə aidiyyəti var ki, ölkənin baş naziri Dağlıq Qarabağda referendum keçirmək təklif edir?! Bura Ermənistanın deyil, Azərbaycanın ərazisidir. Başqa bir məsələ, bu gün Dağlıq Qarabağda 50 min erməni qala-qalmaya, amma Dağlıq Qarabağın azərbaycanlı icmasının sayı 80 min nəfərdən çoxdur. Ermənilər hansı əsasla, hansı hüquqla orada referendum keçirmək istəyir? Azərbaycan Respublikasının Konstitusiyası var və bütün hüquq və vəzifələr də bu Konstitusiya ilə tənzimlənməlidir. Ermənilərin bu prosesdə yeganə məqsədi Dağlıq Qarabağı Ermənistana birləşdirmək və ölkənin ərazisini genişləndirməkdir. Digər tərəfdən, Ermənistan Qarabağda referendum keçirirsə və ya buna niyyət edirsə, rəsmi İrəvan münaqişə tərəfi olduğunu bir daha sübuta yetirmiş olur".

Milli Məclisin deputatı onu da əlavə edib ki, hazırda Nikol Paşinyanın ölkə daxilində, cəmiyyət qarşısında heç bir siyasi nüfuzu yoxdur, bu üzdən sərsəm bəyanat və təkliflərlə çıxış edir: "Paşinyan erməni lobbisi və Dağlıq Qarabağdakı qondarma rejim qarşısındakı acizliyini açıq şəkildə dilə gətirə bilmir. Ona görə də o, Dağlıq Qarabağla bağlı hərdən sərsəm fikirlər, absurd təkliflər səsləndirməklə ölkədaxili gərginliyi yumşaltmağa çalışır".

 

“Xalq qəzeti”

4 Noyabr 2019 15:06 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə